Daxil olan məlumata görə, 420 şagird üçün nəzərdə tutulmuş məktəb 1962-ci ildən fəaliyyət göstərir. İnşa edildiyi gündən təmir edilməyib. 2014 cü ilin may- noyabr aylarında əsaslı təmir olunub, müasir avadanlıqlarla təchiz edilərək şagirdlərin ixtiyarina verilib.
Tədbiri giriş sözü ilə Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva açaraq, respublikanın hər yerində olduğu kimi, Gəncədə də orta məktəb binalarının yüksək standartlara uyğun yenidən qurulması və lazımi avadanlıqlarla təchiz edilməsindən, dövlətin təhsil sahəsinə diqqət və qayğısından danışıb. Sonra məktəbin direktoru İradə Səfərova, məktəbin tarix müəllimi Gülarə Hüseynova, Azərbaycan Texnologiya Universitetinin müəllimi, məktəb valideyn şurasının sədri Bayram Bağırov, 8-ci sinif şagirdi Jalə Veysova çıxış ediblər.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev məktəbin açılışı münasibətilə müəllim və şagird kollektivini təbrik edib, məktəbin təmir və bərpa işlərində xüsusilə fərqlənən işçilərə Fəxri fərman və hədiyyələr təqdim edib.
Qeyd edək ki, məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə 46 pedaqoq məşğul olur. Məktəbin tarixində 2 nəfər məzun “qızıl medal”a , 2 nəfər Prezident təqaüdünə layiq görülüb. 8 nəfər məzun Azərbaycanın ərazisinin müdafiəsi uğrunda şəhid olub.