Bu gün Prezident İlham Əliyev daha bir sərəncam verib.
Mia.az xəbər verir ki, budəfəki sərəncam Lənkəran şəhərinin Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında olub.
Sərəncamda deyilir:
1. On min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,6 milyon (üç milyon altı yüz min) manatı Lənkəran Şəhər İcra Hakimiyyətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.