Bu barədə jurnalistlərə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi Bakıya səfəri zamanı bildirib. O qeyd edib ki, H.Ruhaninin səfəri ərəfəsində Azərbaycanla sərhəd zonalardan olan şirkətlər, o cümlədən Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil əyalətlərindən olan özəl sektorun nümayəndələri Ticarət Palatası və dövlət şirkətləri ilə birgə Bakıya gələcəklər.
M.Vaezi deyib ki, prezidentlərin görüşü zamanı iki ölkə arasında bir sıra sənədlər imzalanacaq: "Mənim Azərbaycana səfərim də sənədlərin hazırlanması ilə bağlıdır".
Onun sözlərinə görə, çox sevindirici haldır ki, son bir ildə İran və Azərbaycan arasında münasibətlər müsbət istiqamətdə dəyişib, Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri, həmçinin iki ölkənin dövlət başçılarının Həştərxan və Davosda görüşləri ölkələr arasında siyasi, və iqtisadi sahələrdə əlaqələrin müsbət ab-havaya yönəlməsində böyük rolu olub.
Qeyd edək ki, İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri zamanı iki ölkə arasında 10 sənəd imzalanacaq. İmzalanacaq sənədlər, əsasən, Azərbaycandan elektrik enerjisinin alışı, sərhəd çaylarından istifadə yolları, gömrük prosedurlarının sadələşdirilməsi, yükdaşıma, qaz, enerji, turizm və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.