Ötən ayın sonu Prezident Administrasiyası (PA) rəhbəri Ramiz Mehdiyev Azərbaycan üçün ciddi narahatlıq doğuran 3 mühüm problemi gündəmə gətirdi. O problemlər ki, illərdir ölkədə gizli şəkildə kök atıb cərəyan etməklə bu gün başağrısına çevrilməkdədir. Dövləti yönəldən qurumun rəhbərliyi problemi gizlətməyə çalışmadı, onu göstərərək, həlli istiqamətlərini nişan verdi.
Axar.az xatırladır ki, söhbət Prezident yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) 15 illik yubileyi münasibətilə Akademiyanın elmi şurasının iclasında səslənən fikirlərdən gedir. PA rəhbəri hicablı məktəblilər, erkən nikah və Suriyada gedən qeyri-leqal döyüşlərə qoşulan gənclərimiz haqda danışarkən bu məsələlərin Azərbaycan cəmiyyətində hansı fəsadlar doğura biləcəyi barədə mühüm xəbərdarlıqlar etdi.
Sitat: “1990-cı illərdə Azərbaycana gələn xarici turistlər təəccüblə qeyd edirdilər ki, bura müsəlman ölkəsidir, lakin biz, demək olar, bir nəfər də hicablı qadına rast gəlmədik. Bu gün onlar da, siz də, elə mən də görürük ki, belə xanımların sayı kəskin surətdə artmaqdadır.
Hicabla təhsil müəssisələrinə, o cümlədən ali məktəblərə getmək istəyənlərin sayı gündən-günə artır. Mən əmin deyiləm ki, bu, gənc xanımların özlərinin daxili mənəvi tələbatıdır. Təhlil göstərir ki, bu, əksərən ailədaxili mühitin tələbidir və gənc qızlar da buna tabe olurlar”.
R.Mehdiyev heç də hicab azadlığına qarşı çıxmağı təklif etmirdi. Sadəcə, təhsil sistemində olan boşluqları dilə gətirirdi. Eyni zamanda, qonşu dövlətlərdən sırınan ideyaların cahil, savadsız ailələrə təsirini diqqətə çatdırırdı.
Bu gün orta məktəblərdə şagirdlər üçün vahid forma müəyyən edilib. Ancaq bəzi hallarda valideynin müdaxiləsini görmək olar. Ailədə övladın seçim azadlığı buxovlanır və bu da narahatlıq doğurmaya bilməz.
***
Hörmətli akademikin toxunduğu ikinci, ən əsas problem erkən nikahlardır. R.Mehdiyevin sözlərinə görə, daha çox cənub bölgəsində azyaşlı qızların təhsildən yayınaraq qeyri-rəsmi ailə qurması artıq adi hala çevrilir: “Onlar nə fiziki, nə də mənəvi cəhətdən hazır olmadıqları halda erkən yaşda ana olurlar. Bu məsələ həm səhiyyə, həm təhsil, həm də hüquq mühafizə orqanlarının diqqətindən necə yayınır?
Bəzən böyük ağrı və mənəvi iztirabla özüm-özümə sual verirəm: yəni, bu xalqın Sabiri, Mirzə Cəlili, Cəfər Cabbarlısı olmayıb? Yəni, “Molla Nəsrəddin” jurnalı bu məmləkətdə çap olunmayıb? Doğrudanmı, Üzeyir bəyin vaxtilə gülüş hədəfinə çevirdiyi hallar cəmiyyətimizə yenidən qayıdır?”
Və bitib-tükənməyən bu sualların praktiki cavabları da var. Söhbət ölkədə son dövrlər kütləviləşən amansız qətllər, cahillikdən yaranan mənasız bir qısqanclıq zəminində (arvadın əmisi oğlu ilə öpüşüb-görüşdüyünə görə) 7 nəfərin qanına qəltan edilməsi, yerli-yersiz boşanmalar, evli qadının evli kişiyə qoşulub qaçması, bacının öz bacısının başını kəsməsi və saymaqla bitməyən faktlardan gedir.
Bu hallar PA rəhbərinin təbirincə desək, Mirzə Cəlili, Sabiri olan millətin XXI əsr zəmanəsində baş verir. Təkcə boşanmalar, erkən nikahdan sonra dözə bilməyib başqası ilə qaçanlar deyil, televiziyanın da gecə-gündüz bu səpkidə verilişlər təqdim etməsi, əyalətlərdə ailədaxili münaqişələrin efirə daşınması məhz cənab Mehdiyevin tədbirdəki çıxışına dair nümunələrdir.
***
Bütün bunlarla yanaşı, ölkənin və dünyanın bir nömrəli mövzusu olan “islam xilafəti” və başkəsən qlobal terrorçulara qoşulan azərbaycanlı radikal təriqət üzvlərinin Yaxın Şərqə axını da R.Mehdiyevin çıxışında ən ağrılı tezis idi. Akademik qeyd edir:
“Azərbaycandan bəzi cavanların “islam dövləti” uğrunda mübarizəyə cəlb edilməsi və Suriyaya getməsi bizi çox narahat edir. Aydındır ki, külli miqdarda verilən məvaciblə kimisə şirnikləndirib vətənindən, ailəsindən ayıraraq uzaq Suriyaya göndərmək mümkündür. Lakin bu prosesi təkcə iqtisadi amillə əlaqələndirmək də ən azı sadəlövhlük olardı. “Nə baş verir” sualına isə biz, ilk növbədə, ona görə cavab tapa bilmirik ki, cəmiyyətdə cərəyan edən proseslər haqqında əlimizdə dolğun elmi məlumat yoxdur”.
Bəli, təkcə təkfirçi, cihadçı olan bu adamlara təklif edilən pullar onları cəlb etmir. Çünki aldığı pulun qarşılığında onu ölüm gözləyir. Bir çox hallarda da “islam dövləti”nə qoşulanlar bu döyüşlərdən sağ çıxmırlar. O halda maddi maraq arxa plandadır...
PA rəhbəri dolğun elmi məlumat olmadığını deyəndə əslində pərdəarxasında hansı mətləblərin gizləndiyinə işıq saldı. Yəni, İŞİD-ə qoşulan azərbaycanlılar və hətta ailələri bunu məhz ideologiya naminə edirlər. Onlar inandırılıblar ki, bu, Allahın uğrunda cihaddır, İslamın qələbəsidir, dünyanın kafirlərdən təmizlənməsidir və əsrlər öncə arzulanan xilafət nəhayət ki, reallaşır.
Kəsəsi, Ramiz Mehdiyevin çıxışında Azərbaycan üçün ciddi narahatlıq doğuran bu üç istiqamət bir nöqtəyə pərçimlənir – təhsil, ictimai nəzarətin gücləndirilməsi, düzgün dini maarifləndirmə və s.
Ölkənin nicatı, radikalizmdən uzaqlığı, mövhumatdan yan keçməsi maarifdən, yüksək elm və təhsildən asılıdır. PA rəhbərinin çıxışı dövlətin qeyd olunan problemlərlə bağlı qarşıdakı dövrdə strateji kursunu göz önünə sərdi.