Noyabrın 4-də Azərbaycanda Aşura mərasimi qeyd olunacaq. Aşura - Hicri təqviminin ilk ayı olan Məhərrəm ayının 10-cu günüdür.
AzNews.az-ın musavat.com-a istinadən verdiyi xəbərə görə, Hicri təqvimi ilə 61-ci ilin həmin günündə (miladi təqvimlə 680-ci il) Həzrət Məhəmməd Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn (ə) öz yaxın qohumları və silahdaşları ilə Kərbəla səhrasında faciəli surətdə qətlə yetirilib. Bu münasibətlə hər il dünya müsəlmanları, Aşura günü matəm mərasimi keçirir, Kərbəla şəhidlərini yad edirlər. Azərbaycanda da hər il olduğu kimi bu il də Aşura mərasimi qeyd olunacaq və qanvermə aksiyası təşkil ediləcək. QMİ-dən verilən məlumata görə, noyabrın 4-də Aşura günündə bir sıra məscid və ziyarətgahlarda qanvermə aksiyası keçiriləcək.
Maraqlıdır, siyasətçilər necə, bu qanvermə aksiyasında iştirak edəcəklərmi?
Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı Aşura günü ilə bağlı mərasimlərdə iştirak edəcəyini bildirdi: “Aşura günü ilə bağlı mərasimlərdə iştirak edəcəyəm. Ancaq qanvermədə məqbul səbəbdən iştirak edə bilmirəm. Şəkər xəstəsi olduğum üçün məndən qan götürmürlər”.
ADP sədri Sərdar Cəlaloğlu isə qanvermə aksiyasında iştirak etməyəcəyini dedi: “Mən özüm Quranı təhlil edirəm və gəldiyim nəticə budur ki, təriqətlərin yaranması səhv bir yoldu. Çünki Quranda da deyilir ki, hansı təriqətin, hansısa alimin Quranla bağlı fikrinin düz olmasını Axirət günü Allah-Təala müəyyən edəcək. Bu baxımdan orta yol ən düzgün yoxdur. Yəni yalnız Quranın hökmünə əməl etmək, Allahın əmrlərini icra etmək və Quranın göstərdiyi yolu getmək lazımdır. Mənim başa düşdüyüm budur. Düzdür, mən də şiəyəm, şiə ailəsində doğulmuşam və şiə mühitində yaşayıram. Bütün təriqətlərdə dini əlavələr var. Bunlar əslinə baxsan Allahın tək bir doğru yolundan fərqli yolların yaranmasına gətirib çıxarır ki, Allah-Təala da öz kitabında bunu yanlış bir yol hesab edir”.
Deputat Fazil Mustafa da qanvermə aksiyasında iştirak etməyəcəyini dedi: “Mənim qan vermə aksiyasına münasibətim normaldır. Ən azından insanların cahilcəsinə başını yarmağı, qan tökməyi əvəzinə belə bir kompaniyanın xüsusən də Azərbaycanda şeyx tərəfindən həyata keçirilməsi müsbətdir. Əgər insanları cəhalətdən yayındıra bilmirsənsə, belə bir vasitələrlə insanlara faydalı olan bir nəticə ortaya qoymaq daha yerindədir”.
Deputat Zahid Oruc bunun fərdi bir seçim olduğunu bildirdi: “Qanvermə aksiyası insanların Aşuranın mahiyyətini təhrif etmələrinin və küçə-meydanlarda sadəcə bədənlərinə verə bildikləri ziyanların qarşısını almaq üçün keçirilir. İnsanları daha düzgün məcraya yönəltmək və ən yaxın çevrəsi üçün faydalı olmağa səsləmək zərurəti meydana çıxıb. Əslində ilin bütün dövrlərində insanlar bir-birlərinə, qanı, canı və mənəviyyatı ilə kömək etməlidir. Mən qanvermə aksiyasına gedənləri alqışlayıram. Amma siyasətçilərin hamısının bu aksiyada iştirakını gözləməyi məqsədə uyğun saymıram. Mənim aləmimdə ən önəmli məsələ sadəcə qan verməklə nümunə göstərmək deyil, İslam aləmindəki ümumi dəyərlərin, müqəddəs ayə və surələrin vətəndaşa çatdırılmasıdır. Aşura günü qanını verib, sabah başqasının qanını tökən insan əslində bəşəriyyətə xidmət etmir”.
Maraqlıdır, hansı xəstələr qanvermə aksiyasında iştirak edə bilməz?
Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, qanında müxtəlif virus olan şəxslər başqası üçün qan verə bilməz: “Qanında hepatit virusları, SPİD olan şəxslər qan verə bilməzlər. Qanı az olan, hemoqlobini, təzyiqi aşağı olan şəxslərə də qan vermək məsləhət görülmür”.