Zəngilan ermənilərin Dağlıq Qarabağ ətrafında işğal etdiyi sonuncu, sayca 7-ci rayon olu.
Zəngilan rayonun 707 kv km-lik ərazisi (rayon mərkəzi və 93 yaşayış məntəqəsi) erməni qüvvələrinin əlinə keçib.
Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtibdai məktəb, 15 orta məktəb, 1 texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub və 22 kinoqurğu, habelə dəmiryolu deposu işğal zamanı məhv edilib. Hazırda Zəngilanda ermənilər tərəfindən ekoloji terror siyasəti yürüdülür, bölgənin zəngin çinar meşələri məhv edilir, təbii ehtiyatları mənimsənilir.
Zəngilanın işğalı artıq 1992-ci ildə faktiki olaraq reallaşmışdı.
Yanvar ayının sonunda ermənilərin Zəngilana mütəşəkkil hücumları başlayır. Fevralın 1-də Günqışlaq, Qazançı, Dərəli və Vejnəli kəndinə basqın edirlər. Artıq döyüşlər intensiv xarakter almışdı. Aprelin 9-da erməni silahlı birləşmələri Qazançı, Seyidlər, Dərəli, Ağkənd, Pirveyis, Günqışlaq kəndlərinə soxulur. Evlərə od vururlar. Beləliklə, bu kəndlər ermənilərin nəzarəti altına düşür. 2 həftə sonra Qazançı və Dərəli kəndləri azad edilsə də, Seyidlər kəndi mühasirədə qaldı. Bundan sonra ermənilərin növbəti hücumu iyunun 29-da oldu.
Bütün yayı Zəngilanın kəndləri və rayon mərkəzi düşmən atəşinə məruz qalır. Bir müddət fasilə verdikdən sonra oktyabrın 20-də ermənilərin döyüş təyyarələri rayon mərkəzini bombalayır. Belə şəraitdə Bakıda hələ də siyasi hərc-mərclik hökm sürürdü. Dekabrın 10-da Seyidlər kəndi yenidən ermənilər tərəfindən işğal olunur.
Beləliklə, 1992-ci ilin sonuna Zəngilanın 13 yaşayış məntəqəsi, bir çox strateji yüksəklikləri düşmənin əlinə keçmişdi. Bununla da rayonun işğalının əsası qoyulmuşdu.
1993-cü ildə isə döyüşlər ara vermirdi. Yaz fəslində ermənilərin hücumları daha da intensivləşir. Martın 2-də Aşağı Göyəli və Canbir kəndləri işğal olunur. 2 gün sonra Şayıflı və ətraf kəndlərə düşmən hücumları genişlənir. Rayon mərkəzi atəş altında idi. Belə bir şəraitdə çətinliklərə baxmayaraq mərd əhali təslim olmur, düşmən hücumları dəf edilirdi. İyulun 19-da Qızıldaş qəsəbəsi döyüş meydanına çevrilmişdir.
1993-cü il avqustun 25-də erməni hərbi birləşmələri genişmiqyaslı hücuma keçərək daha 5 kilometr irəlilədilər. Rayon mərkəzinin mühasirəyə düşmək təhlükəsi daha da artdı. Oktyabrın sonuna yaxın rayon tam mühasirə vəziyyətinə düşdü. Oktyabrın 25-26-da Sığırt və Bartaz yüksəklikləri işğal olunmuşdur. Bununla da Zəngilanın mühasirəsi başa çatdırıldı.
Bununla belə, rayonun erməni hərbi birləşmələrinin hücumundan müdafiəsi zamanı 188 nəfər şəhid olub, 44 nəfər itkin düşüb. Hazırda Zəngilanın 35 min nəfərlik əhalisi Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar.