Daxil olan məlumata görə, səfərin əsas məqsədi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə 2015-ci ilin aprelində keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq işlərini müzakirə etməkdir.
Recep Meydani Mərkəzin Baş katibi Rövşən Muradovla keçirdiyi görüşdə millətlər və dinlər arasında əməkdaşlığa öz töhfəsini verən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nəinki Azərbaycan, həmçinin bölgə üçün böyük əhəmiyyət daşıdığını bildirib. Sabiq Prezident ümid edir ki, “Avropada etimadın bərpası” məsələlərinə həsr olunacaq növbəti beynəlxalq forum Avropa məkanındakı münaqişələrin dialoq və anlaşma yolu ilə həlli istiqamətində müsbət nəticələr verəcək.
Albaniyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Recep MeydaniAzərbaycana səfəri çərçivəsində iki ölkə arasında təhsil sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədilə bir sıra rəsmi qurumlarda görüşlər keçirməyi planlaşdırıb. Recep Meydaninin həmçinin Azərbaycan Xarici Dillər və Dövlət İqtisad universitetlərində mühazirəsi də nəzərdə tutulub. Səfər çərçivəsində Albaniyanın keçmiş dövlət başçısı Azərbaycanın bir sıra tarixi yerlərinə, o cümlədən Qəbələ rayonu ərazisindəki qədim alban kilsəsinə baş çəkəcək.