Yeni mövsümdə iddialı olmağı planlaşdıran Bakı təmsilçisi Anastasiya Muzika ilə güclənib. 24 yaşlı həmyerlimizlə 1 illik müqavilə bağlanıb. 185 sm boya malik toppaylayıcıya Natəvan Qasımovanın əvəzedicisi kimi baxılır. Belə ki, Qasımovanın karyerasında fasilə yarandığından Anastasiya millidə ikinci oyun qurucusu ola bilər. Onun məhz yığmamızın məşqçisi Aleksandr Çervyakovun rəhbərliyi altında çıxış etməsi də buna hesablanıb. Muzikanın gəlişi ilə isə “Azəryol”da toppaylayıcıların sayı 3-ə çatıb. Onunla yanaşı, yığmamızın əsas kapitanı Oksana Parxomenko və bolqarıstanlı Lora Kitipova da “yolçəkənlər”də eyni mövqedə oynayacaqlar. Komandanın ümumilikdə voleybolçularının sayı isə 13-ə çatıb. “Azəryol” yeni mövsümdə Muzika, Parxomenko və Kitipovadan başqa, Lenka Dürr, Kseniya Kovalenko, Anastasiya Qurbanova, Odina Bayramova (Əliyeva), Yovana Brakoçeviç, Andressa Pikussa, Tabita Lav, Yelena Nikoliç, Ceyran Əliyeva və Straşmira Filipovanın da köməyindən yararlanacaq.
Qeyd edək ki, klubun yeni transferi 10 nömrəli formanı geyinəcək.