13 aprel 2026
11

Kredit götürmək istəyirdi, pulu mənimsənildi – VİDEO

    Kredit götürmək istəyən vətəndaşın 450 manatı mənimsənilib.
Yenimeydan.info   xəbər verir ki, Lənkəran rayonu, Liman şəhər sakini Ramal Əliyev dələduzluqla üzləşdiyini iddia edir.
Zərərçəkmiş deyir ki, ona “WhatsApp” vasitəsilə zəng edilərək kredit kampaniyasına düşdüyü və adına 6000 manat kredit ayrıldığı bildirilib.
Ramal Əliyev deyir ki, ilkin olaraq onunla bir qadın, daha sonra isə kişi danışaraq kreditin rəsmiləşdirilməsi üçün sığorta və depozit ödənişi edilməli olduğu bildirilib.
Fırıldaqçıların toruna düşən Ramal Əliyevin sözlərinə görə, sonradan ona kreditin artıq təsdiqləndiyi deyilib və hesabına vəsait köçürüləcəyi vəd edilib. Ancaq vətəndaş sonradan aldadıldığını bilib.
Çəkiliş apardığımız zaman Ramal Əliyev bir neçə dəfə qarşı tərəfə zəng etsə də, bütün cəhdləri nəticəsiz qaldı, cavab verən olmadı.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, vətəndaşın müraciəti əsasında hazırda müvafiq polis orqanında araşdırma aparılır: “Bir daha vətəndaşlara internet resurslarındakı saxta cəlbedici təkliflərə və şirnikləndirici vədlərə qarşı diqqətli olmaları tövsiyyə olunur”.
Mövzu ilə bağlı “Xəzər Xəbər”in daha ətraflı videomaterialı təqdim edirik.