10 aprel 2026
10

İstedadlı rejissorun qarşısında SÜNİ BARYER... KİMİN MARAĞINDADIR?

 Azərbaycan incəsənətində öz dəsti-xətti və beynalxalq uğurları ilə seçilən rejissor Cavid Təvəkkül Əhmədov, ölkə daxilində və xaricdə qazandığı 12 Qran Pri mükafatına vaxmayaraq bu gün Mingəçevir Dövlət Dram Teatrında işsiz qalıb.
Dövlət tərəfindən Prezident Mükafatına layiq görülmüş, “Tərəqqi” medalı ilə təltif edilmiş sənətkarın belə vəziyyətdə olmasının mədəniyyətimizdə dərin boşluğun və ciddi idarəetmə çatışmazlığının göstəricisidir.
"DİA-AZ" xəbər verir ki, Cavid Əhmədov Azərbaycan incəsənət mühitində öz dəsti-xətti, yaradıcı baxışı və uğurları ilə seçilən sənətkarlardan biridir. O, kino və teatr sahəsində qazandığı nailiyyətlərlə adını yalnız ölkə daxilində deyil, beynəlxalq platformalarda da tanıtmağı bacarmış rejissorlardandır.
Cavid Təvəkkül Əhmədov müxtəlif illərdə iştirak etdiyi festivallarda 12-yə yaxın Qran Pri mükafatı qazanaraq Azərbaycan sənətini yüksək səviyyədə təmsil edib. Onun quruluş verdiyi tamaşalar və çəkdiyi ekran işləri həm mövzu dərinliyi, həm də estetik yanaşması ilə seçilib, tamaşaçı və tənqidçilər tərəfindən maraqla qarşılanıb. Bu uğurlarının nəticəsi olaraq o, dövlət tərəfindən də qiymətləndirilib — Prezident Mükafatına layiq görülüb, eyni zamanda “Tərəqqi” medalı ilə təltif olunub.
Onun yaradıcılığında əsas xətt insan taleləri, cəmiyyətin sosial-psixoloji problemləri və milli dəyərlərin incə bədii təqdimatıdır. Rejissor kimi o, hər zaman yenilik axtarışında olub, klassik və müasir yanaşmaları sintez edərək özünəməxsus üslub formalaşdırıb.
Lakin bütün bu uğurlara baxmayaraq, bu gün belə bir sənətkarın işsiz qalması ciddi düşündürücü və narahatedici haldır. Bu, təkcə bir fərdin problemi deyil, bütövlükdə mədəniyyət sahəsində istedadların düzgün qiymətləndirilməsi və istifadə olunması məsələsini gündəmə gətirir. Belə peşəkar, beynəlxalq səviyyədə tanınan bir rejissorun yaradıcılıqdan kənarda qalması həm sənət üçün itki, həm də gələcək nəsillər üçün böyük boşluq deməkdir.
Cavid Təvəkkül Əhmədov kimi sənətkarların təcrübəsi, dünyagörüşü və yaradıcılıq enerjisi cəmiyyətə xidmət etməli, yeni layihələrdə, teatr səhnələrində və kino istehsalında öz əksini tapmalıdır. Onun yenidən aktiv yaradıcılıq mühitinə qayıtması Azərbaycan mədəniyyəti üçün yalnız qazanc ola bilər.
Hal hazırda Mingəçevir şəhərində yaşamasına, bir neçə dəfə dəvətlə, müqavilə ilə Mingəçevir Dövlət Dram Teatrında dövlət səviyyəli tədbirlərə, tamaşalara quruluş verməsinə baxmayaraq onu heç bir formada işə qəbul etmirlər. Hətta Mədəniyyət Naziri Cənab Adil Kərimli Ağdam rayonunda qəbulda rejissor Cavid Təvəkkülü qəbul etməsinə, teatr direktorunun onu işə götürməsini bildirsə də, hələ də bu işlər həllini tapmayıb.. Əvəzində Teatrda daima teatrı qarışdırmağa çalışan bir-iki qara yara onun barədə xəlvəti İncəsənət Şöbəsinə "danoslar" yollayırlar. Adamı ittiham edirlər.. Nə ilə? Yeyib içir... Guya bu şərəfsiz "böhtançılar" bütün günü namaz qılır, dua oxuyurlar. Ən əsası da problem paytaxtdan Mingəçevir Teatrına gələn (yaxud göndərilən) rejissorların ara qatmaları nə Teatrın normal ahənglə işləməsinə, nə də bacarıqlı adamların teatra töhfə verməsinə imkan vermir.
Qeyd edək ki, Cavid Təvəkkül Mingəçevirdə, hətta əyalətdə İlk sayılan Müstəqil Modern Teatrın rəhbəridir. Bu Teatr gənc istədadların yətişməsində, Dövlət Tədbirlərində fəal iştirakı ilə fərqlənir.
SONDA bir daha Mədəniyyət Nazirliyinden xahiş etmək istəyərdik ki, Mingəçevir Teatrının daha zövqlü səhnə əsərlərinin ərsəyə gətirməsi üçün , ən əsası dəfələrlə Dövlət Başçısı Cənab İlham Əliyevin mükafatlandırdığı Cavid Təvəkkülü yenidən yaratmaq qurmaq üçün işlə təmin etsinlər...