09 aprel 2026
18

Məktəb direktoru vəzifəsini icra edən şəxs "adamaoxşamaz, dur zaldan rədd ol” sözlərinə görə məhkəməyə verildi

 Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, yeni yaşayış kompleksinin ərazisində yerləşən 333 nömrəli tam orta məktəbinin direktor vəzifəsini icra edən İlahə Həmidova xüsusi ittiham qaydasında məhkəməyə verilib.
 
Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə sözügedən məktəbin pedaqoji şuranın üzvü S.S. (adı, soyadı şərtidir) Binəqədi Rayon Məhkəməsinə müraciət edib.
 
Şikayətçi 333 saylı tam orta məktəbdə baş verdiyi iddia olunan hadisə ilə əlaqədar direktor vəzifəsini icra edən şəxsin Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edib.
 
Şikayət onunla əsaslandırılıb ki, 17 noyabr 2025-ci il tarixdə həmin məktəbdə keçirilən pedaqoji şuranın iclası zamanı məktəbin direktor vəzifəsini icra edən İlahə Həmidova tərəfindən onun ünvanına açıq şəkildə təhqiredici ifadələr səsləndirilib. İddialara görə, iclas zamanı İlahə Həmidova şikayətçiyə qarşı dəfələrlə “dur zaldan rədd ol” ifadəsini işlədib, həmçinin “adama oxşamaz” kimi sözlər səsləndirib.
 
Bildirilib ki, həmin ifadələr məktəbin pedaqoji kollektivi və texniki işçilərinin iştirakı ilə açıq iclasda səsləndirilib və bu hal şikayətçinin şərəf və ləyaqətini alçaldaraq onun cəmiyyətdəki nüfuzuna zərər vurub. Şikayətçi tərəf həmçinin hadisənin şahidlərinin olduğunu və onların baş verənləri təsdiq edə biləcəyini qeyd edib.
 
Şikayətdə vurğulanıb ki, Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir – şəxsin şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldılması cinayət məsuliyyəti yaradır və bu kimi işlərə Cinayət-Prosessual Məcəlləyə uyğun olaraq xüsusi ittiham qaydasında məhkəmədə baxılır.
 
Məhkəmənin hazırlıq iclasında şikayətçi tərəfin nümayəndəsi iş üzrə məhkəmə baxışının təyin edilməsini xahiş edib. S.S. də məhkəmədən işin baxışa təyin olunmasını istəyib.
 
Digər tərəfdən barəsində şikayət verilmiş şəxs məhkəmədə çıxış edərək şikayətin əsassız olduğunu bildirib və onun icraata qəbul edilməməsini xahiş edib.
 
Məhkəmə isə təqdim olunmuş materialları araşdıraraq belə qənaətə gəlib ki, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib olunmayıb.
 
Bu əsasla məhkəmə hazırlıq iclasının nəticəsi olaraq iş üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edib.
 
Qərara əsasən, Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə şəxsin cinayət məsuliyyətinə cəlb olunması barədə verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə icraat başlanılmayıb.