24 avqust 2023
410

Gövhər Həsən-zadə:”Tarixən müəllifliyi mübahisəli olan musiqilər və əsərlər müzakirə mövzusu olub”

 
 İnterval.Az–a açıqlamasında Azərbaycan Respublikasının Əməkdar Artisti, Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının üzvü, MESAM (Türkiye Musiki Eseri Sahipleri Meslek Birliyi)-nin üzvü, “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının Bədii Şurasının üzvü, “Müəllif Hüquqları Uğrunda” İctimayi Birliyin sədri, bəstəkar Gövhər Həsən-zadə bildirib.  “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyi “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanuna uyğun olaraq müəlliflərin özləri tərəfindən yaradılmışdır və hazırda onlar tərəfindən idarə olunur. Çünki qeyri-peşəkarların, yəni yaradıçılıqla məşğul olmayan şəxslərin bu cür birllikləri təsis etmək hüququ yoxdur və bütün dünyada belə təşkilatlar yalnız müəlliflərin özləri tərəfindən yaradılır.Onu da qeyd etməliyəm ki, müəlliflərin, o cümlədən musiqili əsər müəlliflərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən ictimai birliklərin müəlliflərin özləri tərəfindən yaradılması, musiqili əsərlərin geniş auditoriya qarşısında təbliği və bu sənətin nüfuzunun və ictimai əhəmiyyətinin yüksəldilməsi baxımından xüsusilə əhəmiyyətlidir. Bu həm də musiqili əsər müəlliflərinin mənafelərinin qorunması, onların əsərlərindən istifadəyə görə qonorarların yığılmasında və hüquq sahiblərinə çatdırılmasında daha şəffaf şərait yaradır.
Tarixən müəllifliyi mübahisəli olan musiqilər və əsərlər müzakirə mövzusu olub. Tarixi dəlillərə və aspektlərə söykənən bu prosses, xalqların, millətlərin və nəhayət dövlətlərin formalaşması və hüquqi fəaliyyəti üçün ən zəruri amil olmuşdur. Mədəniyyət və incəsənət hər bir insanın aid olduğu milli mənsubiyyətinin və vətəndaşı olduğu ölkənin təqdimatıdır. Tarixi sübuta yetirmək üçün məhz incəsənət nümunələri ən mükəmməl istinad mənbəyi olmuşdur. Hər müsahibəmdə qeyd edirəm ki, biz yaradıcı insanlar, əsərlərimizlə öz şəxsi maraqlarımızı deyil, adını daşıdığımız vətəndaşlıq və milli mənsubiyyətimizi, böyük qədim tarixi bir xalqı təmsil və təqdim edirik.
Ona görə də yaratdığımız bütün əsərlərimiz milli ənənələrimizə və köklərimizə bağlı olmalıdır. Azərbaycan dünyada yeganə ölkədir ki, bütün dünyəvi incəsənət növlərinin öz milli məktəblərini yaratmış və bəşəri tarixi şəxsiyyətlər yetişdirmişdir. Bu gün fəaliyyət göstərən və eləcə də tarixi əks etdirən milli sərvətimiz sayılan bütün əsər sahiblərinin müəllifliyinin qorunması ən ümdə işlərdən biridir. Elə bu məqsədlə 40 ilə yaxın olan yaradıcılıq fəaliyyətim boyu müşahidələr apararaq həmkarlarımla müzkirələr edirdik. Əfsuslar olsun ki, əsərləri tədbirlərdə, efirlərdə və bütün fəaliyyət sektorlarında səslənən və nümayiş etdirilən müəlliflər və əsər sahibləri qanunu olaraq əmlak hüquqlarını qoruya bilmirdilər. Əsərlərindən istifadə edilməsi üçün rəsmi icazənin alınması və qonorarın ödənilməsi prossesi tam fəaliyyətsiz idi. Bu isə müəllifin hüquqlarının tam pozulması deməkdir.
Bir qrup mədəniyyət xadimi və onların varisləri bu problemin həlli üçün hərəkətə keçərək qanunvericiliyin tələblərinə əsasən məhz müəlliflərin özləri tərəfindən peşəkar və şəffaf işin aparılması üçün rəsmi bir təşkilatın yaradılması qənaətinə gəldilər. Bu qərara gəlməkdə əsas stimullardan biri də zəngin və qədim tarixə malik Azərbaycan mədəniyyətinə qayğı və sevgi ilə yanaşan, mədəniyyətimizin hamisi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, Mədəniyyət Nazirliyinin və Əqli Mülkiyyət Agentliyinin Azərbaycan xalqının mədəni ənənələri və tarixində dərin köklərə malik muğam sənətinin inkişafı və təbliği, Azərbaycan milli musiqi irsinin hifz edilməsi, dünya incilərinin Azərbaycanda tanıdılması istiqamətində gördüyü böyük işlərə, yaradıcı şəxslər olan biz incəsənət xadimləri tərəfindən hər hansı bir töhfənin verilməsi də olmuşdur.
Dəfələrlə sübut olundu ki, incəsənət sektorunda müəlliflik məsələləri və onların hüqüqlarının qorunması işləri ilə ancaq sənət adamları və müəlliflərin özləri məşğul olmalıdır. Əks halda bu iş qeyri-peşəkar və qeyri-şəffaf nəticələr verir. Əsərlərin janrlar, ifa formatı, həcmi, aid olduğu müxtəlif kateqoriylar-məsələn klassik, mahnı, estrada, xalq, instrumental, vokal, elektron və sairə amillərə gorə fərqləndirilir. Onların müəlliflərini müəyyənləşdirmək, mübahisəli məqamlarda plagiat problemlərinin araşdırılması prossesi, qonorar hesablamasında kateqoriyalara bölmək, yazılan əsərlərin not yazısına köçürülməsi və qeydiyyata alınması üçün müvafiq qaydada təqdim edilməsində müəlliflərə köməklik göstərilməsi kimi zəruri və peşəkar işlər görülməlidir. Əks təqdirdə hansı müəllif hüquqlarının qorunmasından söhbət gedə bilər?
Bu sahədə aktiv fəaliyyət göstərə biləcək və illərlə problemə çevrilən məsələnin həllinə yardım göstərmək məqsədilə Azərbaycanın dəyərli incəsənət xadimləri bir araya gələrək musiqili əsər müəlliflərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən ictimai birliyin yaradılması barədə qərar verdilər. Nəticədə təsisçiləri və İdarə Heyətinin üzvləri ancaq müəllif və peşəkar incəsənət xadimlərindən ibarət olan “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyi yaradıldı.
İctimai Birliyin yaradılmasında və hazırda idarə olunmasında iştirak edən incəsənət xadimlərindən bir neçəsinin adlarını çəkmək istərdim:
• Azərbaycan yazıçısı, publisist, “Ədalət” qəzetinin baş redaktoru, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti – İradə Tuncay;
• Azərbaycan bəstəkarı, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi – Vaqif Gərayzadə;
• Azərbaycanlı rok-musiqiçisi, gitaraçı, səs rejissoru, bəstəkar və aranjimançı – şair Hafiz Baxışın varisi – Yaşar Baxış;
• Bəstəkar, Azərbaycanın əməkdar artisti – Vüqar Camalzadə;
• Şair, tərcüməçi, Azərbaycan Respublikasının Xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Vahid Əziz;
• Azərbaycan şairi, ədəbiyyatşünası. Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin və İraq–Türkmən Yazıçılar Birliyinin üzvü – Adilə Nəzərli;
• Azərbaycan bəstəkarı və sənətşünası, xalq artisti, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru – Elnarə Dadaşova;
• Əməkdar jurnalist, pedaqoq, “Azad Azərbaycan” Teleradio Şirkətinin bədii şura sədri, Bakı Slavyan Universitetinin professoru və şair, tərcüməçi, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü Adil Babayevin varisi – Etibar Babayev.
Bu siyahı çox genişdir və hamının adlarını qeyd etməklə vaxt almaq istəmirəm.
Onu da qeyd etməyi zəruri hesab edirəm ki, “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyi 2006-cı il 18 avqust tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmiş, 2021-ci ildə Nizamnaməsində dəyişikliklər edilərək funksiyaları və məqsədləri dəyişdirilmiş və Nizamnaməsi 2-ci redaksiyada 2021-ci il 16 iyun tarixində Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır.
“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 22 sentyabr tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmiş ”Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi Qaydaları”na əsasən, İctimai Birlik 2021-ci il dekabr ayının 27-də qeydiyyatdan (akkreditasiyadan) keçirilmiş və bu barədə şəhadətnamə verilmişdir.
Məhz müəlliflərin özləri, yəni yaradıcı insanlar tərəfindən təsis edildiyi üçün Agentlik tərəfindən İctimai Birliyə metodiki dəstək göstərilir və üzvlərimizin qəbul edilməsi məqsədilə ilkin fəaliyyət göstərməyimiz üçün Agentlikdə müvəqqəti olaraq masa da ayrılmışdır.
Müəlliflərdən bizə daxil olan müraciətlərin əsas hissəsi, bu günə qədər müxtəlif təşkilatlar tərəfindən üzvlüyə qəbul etdirilərək qonorarın ödənilməsi vədlərinin yerinə yetirilməməsi və onların haqqlarının tapdanması ilə əlaqədar şikayətlərdən ibarətdir. Bu şikayətlərin araşdırılması ilə məşğul olduğumuz zaman əfsuslar olsun ki, gəlir mənbəyi kimi yaradıcı insanların təmiz niyyətlərindən sui-istifadə edərək, onların güvənini qazanıb, illərdi aldadaraq maddi gəlirlərini mənimsəyən və özlərini yalandan “müəlliflərin hüquqlarının müdafiəçiləri” kimi qələmə verən təşkilatlara gəlib çıxırıq. Bu qeyri-qanuni hərəkətlərin aradan köklü qaldırılması ilə yanaşı faktiki fəaliyyət göstərdiyimiz çox qısa müddət ərzində əməkdaşlıq etdiyimiz dörd istifadəçi təşkilat tərəfindən hesabımıza köçürülən 50.000 manat müəllif qonorarını müəlliflərə və onların vərəsələrinə odənilməsini təmin etmişik. Musiqili əsər müəlliflərinin öz əqli yaradıcılığının əməyi nəticəsində yaratdıqları əsərlərindən istifadəyə görə qonorarlarını aldıqdan sonra şəxsi görüşlərimizdə, eləcə də İctimai Birliyə etdikləri telefon zənglərində bildirdikləri sevinc və təşəkkür hissləri bizləri bu şərəfli işimizə ruhlandırır və daha böyük əzmlə işləməyə güc verir.
Onu da qeyd etmək istərdik ki, İctimai Birlik dövlət qurumları, istifadəçi təşkilatlar və digər əlaqəli təşkilatlarla normal əməkdaşlıq münasibətləri yaradılmasına önəm verir və bu istiqamətdə də fəaliyyətini davam etdirir. Bu prosses İctimai Birliyimiz tərəfindən sürətlə inkişaf etdirilir.
Görülən şəffaf işlərin nəticəsidir ki, fəaliyyət göstərdiyimiz qısa müddət ərzində 300-dən çox musiqili əsər müəllifləri özlərinin əmlak hüquqlarının idarəçiliyini İctimai Birliyimizə həvalə etmişlər. Hazırda rəhbərlik etdiyim İctimai Birliyin 300-dən çox üzvü vardır və yeni üzvlər daxil olmaqdadır. İctimai Birlik öz fəaliyyətində – musiqili əsər müəlliflərin əmlak hüquqlarının təmin edilməsi və bununla əlaqədar həmin hüquqların kollektiv əsasda idarə edilməsi ilə bağlı zəruri işlərə (istifadəçi təşkilatlara bildiriş və məktubların göndərilməsi, əsərlərdən istifadəyə görə onlarla müqavilələrin bağlanması və s.) başlanılmışdır.
“Müəllif Hüquqları Uğrunda” İctimai Birliyi musiqili əsər müəlliflərinin hüquqlarının təkcə Azərbaycanda deyil, ölkə xaricində də qorunması üçün müvafiq beynəlxalq qurumlarla sıx əməkdaşlıq etməyi planlaşdırır. Bu məqsədlə təşkilatın yaxın vaxtlarda beynəlxalq əlaqəli qurumlarla layihələr həyata keçirməsi, müəllif hüquqlarının qorunması və inkişaf etməsi üçün digər xarici təşkilatlarla birgə monitorinqlər aparması və müvafiq müqavilələrin imzalanması nəzərdə tutulur. Və onuda qeyd edək ki, artıq Türkiyə, Rusiya və Özbəkistanın müvafiq təşkilatları ilə əməkdaşlıq müqavilələri bağlanmışdır.
İctimai Birlik beynəlxalq tədbirlərdə də iştirak edir. Belə ki, Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin təşkilatçılığı ilə 2022-ci il 22 iyul tarixində “Müasir mərhələdə müəlliflərin və əlaqəli hüquq sahiblərinin hüquqlarının qorunması üzrə Kollektiv İdarəetmə Təşkilatlarının fəaliyyətləri” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak etmiş və İctimai Birliyin fəaliyyəti haqqında məlumat vermişdir. Konfransda Azərbaycan Respublikasının müəllif-hüquq qanunvericiliyində nəzərdə tutulmuş prosedurlardan keçərək fəaliyyətini qanunvericiliyə uyğun qaydada həyata keçirən, Agentlikdə qeydiyyatdan (akkreditasiyadan) keçmiş kollektiv idarəetmə təşkilatları – “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi (APKG), “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyi (MHU), “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyi (RAYS) ilə yanaşı, Türkiyənin “Musiki Eseri Sahipleri Meslek Birliği” (MESAM), “Musiki Eseri Sahipleri Grubu Meslek Birliği” (MSG), Rusiya Federasiyasının “Rusiya Müəllif Cəmiyyəti” (Российское Авторское Общество-РАО), Qırığız Respublikasının Nazirlər Kabineti yanında Əqli Mülkiyyət və İnnovasiya Dövlət Agentliyi (KIGIZPATENT), Qazaxıstan Respublikasının “Amanat” Müəlliflik hüququ və əlaqəli hüquqların qorunması üzrə qeyri-kommersiya təşkilatı, Özbəkistan Respublikasının “Müəlliflik hüququ və əlaqəli hüquqların qorunması cəmiyyəti”nin (UzAvtor) nümayəndələri, ölkəmizin sənət adamları, bəstəkarlar, yazarlar iştirak etmiş və tədbirin sonunda konfransda iştirak edən xarici və yerli kollektiv idarəetmə təşkilatları əməkdaşlığın genişləndirilməsi barədə birgə bəyanat imzalayıblar.
Yuxarıda qeyd etdiyim kimi, bir çox maddi çıxarları olan insanlar, məhz müəlliflər və yaradıcı insanlar tərəfindən şəffaf və qanuni aparılan işlərdən narahat olaraq qarayaxma əməl və münasibətləri ilə narahat olduqlarını biruzə verirlər. Amma bir məsələni unutmayaq ki, Azərbaycan hüquqi və demokratik dövlətdir, xalqına, mədəniyyətinə, tarixinə dəyər verən və torpaqları ilə bütün sərvətinə sahib çıxan və qoruyan dünyəvi bir ölkədir. Bu işbazlar, illərdi təcavüzə məruz qalaraq düşmən tapdağı altında əzablara və haqsızlığa düçar olan Azərbaycanımızın sərvətini, mədəniyyətimizi, incəsənətimizi, tariximizi təhrif edənlərin dəyirmanına su tökərərk onlara yardım edərək ən böyük zərbəni vurmuşlar.
Yenə qeyd etmək istəyirəm ki, kollektiv təşkilat olaraq, musiqili əsər müəlliflərinin hüquqlarının qorunması sahəsində bütün əlaqəli orqan və təşkilatlarla əməkdaşlıq etməyə hazırıq,Gövhər Həsən-zadə bildirib.