13 mart 2026
80
Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Zakir Bağırov - 110” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.
13 mart 2026-cı il tarixində Milli Kitabxanda görməkli bəstəkar, Əməkdar incəsənət xadimi, professor Zakir Bağırovun anadan olmasının 110 illik yubileyi münasibətilə “Əməkdar incəsənət xadimi Zakir Bağırov - 110” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgidə bəstəkarın operaları, operettaları, süitaları, kamera-instrumental əsərləri, mahnıları, romansları və s. əsərləri, həyatı və yaradıcılıgı haqqında ədəbiyyatlar nümayiş olunur.
Zakir Cavad oğlu Bağırov 1916-cı il mart ayının 16-da Şuşada anadan olub.
İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki fəhlə fakültəsində fortepiano sinfində alıb. Daha sonra təhsilini davam etdirmək üçün 1935-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyası nəzdindəki Musiqi Texnikumuna göndərilib. Zakir Bağırov Musiqi Texnikumunu bitirdikdən sonra könüllü olaraq cəbhəyə gedərək, 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak edib.
Zakir Bağırov ordudan tərxis olunandan sonra Moskva Dövlət Konservatoriyasının Nəzəriyyə-bəstəkarlıq fakültəsinə daxil olub və 1949-cu ildə konservatoriyanı bitirib.
Üzeyir Hacıbəyovdan dərs alan Zakir Bağırov özünü həmişə onun yetirməsi hesab edib.
Zakir Bağırovun bəstəkarlıq fəaliyyəti ilə yanaşı, musiqi folklorumuzun toplanması və nota salınması sahəsində mühüm xidmətləri olub. O, 1935-ci ildə ilk dəfə olaraq görkəmli bəstəkar Tofiq Quliyevlə birlikdə tarzən Mansur Mansurovun ifasında “Rast”, “Dügah” və “Segah-zabul” muğamlarını nota yazıb və çap etdirib. O, həmçinin “Azərbaycan xalq rəqsləri” məcmuəsinin müəlliflərindən biridir.
Bəstəkar 1958-ci ildə “Kəndimizin mahnısı”, 1964-cü ildə “Qayınana” operettalarını, 1956 və 1969-cu illərdə xalq çalğı alətləri orkestri üçün süitaları, 1970-ci ildə fortepiano ilə orkestr üçün konserti, 1972-ci ildə musiqi mədəniyyətimizin gözəl nümunələrindən sayılan Səməd Vurğunun eyniadlı əsəri əsasında yaratdığı “Aygün” operasını, 1973-cü ildə orqan üçün improvizasiya və fuqanı, kamera-instrumental əsərlərini, mahnı və romansları yazıb, bir çox dram tamaşası və “Ağ qızıl ustaları”, “Aygün”, “Bərəkətli torpaq”, “Nizami”, “Sədaqət yolu ilə”, “Təbiətin dostları”, “Quba bağlarında”, “Bizim Azərbaycan” kimi bədii, sənədli filmlərə musiqi bəstələyib.
Ömrünün 45 ilini konservatoriyada tədris işinə sərf edən bəstəkar, bir çox musiqiçilər yetişdirib.
Musiqi mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə görə 1961-ci ildə Azərbaycanın “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb, “Şərəf” nişanı ordeni və “Yubiley medalı” ilə təltif edilib.
Oxşar Xəbərlər:

Milli Kitabxanada “Xalq şairi Hökümə Billuri – 100” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gənc müğənni Dilarə Mahmudova: “Musiqi mənim üçün həyatın özü, nəfəs aldığım dünyadır”

Gövhər Həsən-zadə:”Tarixən müəllifliyi mübahisəli olan musiqilər və əsərlər müzakirə mövzusu olub”

Prezident əfv sərəncamı imzaladı – SİYAHI