14 aprel 2026
12

Bakıya gələn ermənilər hansı təəssüratla ayrılıblar?

    Xəbər verildiyi kimi, bu yaxınlarda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətinin üzvlərinin 4-cü görüşü baş tutub.
Tribuna.az xəbər verir ki, Qəbələdə reallaşan görüşdə hər iki tərəfdən 20-yə yaxın QHT rəhbəri iştirak edib.
Bəs, bu səfərdən geri dönən ermənilər hansı təəssüratlara malikdirlər?
Tribuna.az xəbər verir ki, Ermənistan Şurası Analitik Mərkəzinin rəhbəri Areq Koçinyan, Ermənistan Şurasının analitik mərkəzinin ekspert köməkçisi Samvel Meliksetyan və Demokratiyanın İnkişafı Fondunun direktoru Naira Sultanyan İrəvanda mətbuat konfrası keçiriblər.
Areq Koçinyan bildirib ki, Azərbaycan tərəfi qarşıdan gələn parlament seçkilərində Ermənistanı nəyin gözlədiyi ilə son dərəcə maraqlanır. “Çünki sülh prosesinin gələcəyi böyük ölçüdə məhz bu dəyişkəndən asılıdır”.
Onun sözlərinə görə, “Sülh Körpüsü” layihəsi keçmişi unutmaq və ya inkar etmək deyil, yeni imkanlar haqqındadır.  “Mənim qiymətləndirməmə görə, bu səfərlər sülh gündəliyinin irəliləməsinə, Ermənistan və Azərbaycan cəmiyyətləri arasında sülhün bərqərar olmasına töhfə verir və müəyyən dərəcədə hər iki ölkənin hakimiyyət orqanları tərəfindən irəli sürülən sülh gündəliyini dəstəkləyir”.
Koçinyan qeyd edib ki, bu prosesin uğur qazanıb, qaznmayacağını dəqiq bilmir. “Bu proses uğurlu olacaqmı, ya yox – təbii ki, heç kim zəmanət verə bilməz. Çünki bu da öz növbəsində çoxsaylı proseslərlə bağlıdır”.
Ermənistan Şurasının analitik mərkəzinin ekspert köməkçisi Samvel Meliksetyan isə bildirib ki, TRIPP layihəsi Azərbaycan-Ermənistan münaqişəsinin həlli çərçivəsində əsas mövzulardan biri olaraq qalır. “Hər şey Ermənistanın atacağı addımlardan asılıdır”.
Demokratiyanın İnkişafı Fondunun direktoru Naira Sultanyan isə Bakıda həbsdə olan separatçıların məsələsini qaldırdıqlarını vurğulayıb. O iddia edib ki, Azərbaycanda həbsdə olan ermənilərin məsələsi sülh məntiqinə uyğun deyil.
Fərda Uğur