12 fevral 2026
10

Sayğaclar ayda bir dəfə yox, hər yükləmədə pul tutur — Razi Nurullayev araşdırma tələb etdi (FOTOLAR)

   2026-cı il yanvarın 1-dən etibarən Tarif Şurasının qərarına əsasən əhali qaz və elektrik enerjisi üzrə hər xidmət üçün aylıq 1 manat sabit tarif ödəməlidir.
Lakin redaksiyamıza daxil olan çoxsaylı müraciətlərdə, xüsusilə bölgələrdə yaşayan vətəndaşlar bildirirlər ki, onlar ay ərzində bir neçə dəfə, məsələn 5 və ya 10 manatlıq ödəniş etdikləri halda, hər ödəniş zamanı əlavə olaraq 1 manat tutulur. Günəmuzd işləyən şəxslər aylıq sərf etdikləri ödənişi birdəfəlik yükləyə bilmirlər. Bildirirlər ki, əllərinə pul düşdükcə, 5-10 manat ödəyirlər. Bir ay ərzində bir neçə dəfə ödəniş etdiklərinə görə də pul çıxılır. Hətta çox vətəndaş qeyd edib ki, 2 AZN, 4 AZN pul tutulub, obyekt olmadığı halda.
Şəki sakini Cəfərov Bədrəddin bildirib:
“İnanın, yanvar ayında 4 manat məndən pul tutuldu. Çeklərlə birgə işıq idarəsinə getdim. Kompüterin qabağında oturanlara yaxınlaşıb dedim: “Ay oğul, Tarif Şurası 1 manat tətbiq edib, məndən niyə 4 manat alıbsınız?” Əməkdaş, kompüterə baxıb dedi ki, “dekabrda 2 manat əlavə almışıq, indi isə 4 manat”. İnanın ki, bu dəhşətdir. Sayğacım smartkartdır. Hal-hazırda sayğaca pul vururuq, vuran kimi pul tuturlar. Nə barmaq ediblərsə, inanın bilmirik nə edək”.
Şikayətçilərin sözlərinə görə, bu halda faktiki olaraq aylıq sabit tarif bir dəfə deyil, bir neçə dəfə tətbiq edilir. Vətəndaşlar məsələnin mexanizminin və hesablanma qaydasının aydın şəkildə izah olunmasını tələb edirlər.
Əgər vətəndaş ay ərzində bir neçə dəfə balans artırırsa, hər dəfə 1 manatın tutulması qanunvericiliyə zidd deyilmi?
Məsələ ilə bağlı Tribuna.az-a açıqlama verən deputat Razi Nurullayev bildirib ki, Tarif Şurasının qərarına əsasən əhali qaz və elektrik enerjisi üzrə hər xidmət üçün aylıq 1 manat sabit tarif ödəməlidir. “Aylıq” anlayışı hüquqi baxımdan aydındır: bu ödəniş ay ərzində bir dəfə tutulmalıdır, balansın neçə dəfə artırılmasından asılı olmayaraq.
“Vətəndaşın 5 manat da yükləməsi, 10 manat da yükləməsi həmin ay üçün əlavə ödənişə əsas vermir.
Redaksiyaya daxil olan müraciətlər doğrudursa, və vətəndaşdan ay ərzində hər balans artırımı zamanı 1 manat tutulursa, bu, qərarın mahiyyətinə və qanunvericiliyin ruhuna ziddir. Günəmuzd işləyən, gəliri qeyri-sabit olan insanlar məcburən ay ərzində bir neçə dəfə ödəniş edir.
Əgər texniki və ya təşkilati səbəbdən bu cür tutulmalar baş verirsə, məsul qurumlar bunu “sistem belədir” deyə əsaslandıra bilməz. Sistem vətəndaşa uyğunlaşdırılmalıdır, vətəndaş sistemə qurban verilməməlidir. Aylıq sabit tarifin faktiki olaraq bir ay ərzində bir neçə dəfə tutulması gizli bahalaşma effekti yaradır və bu, islahat yox, vətəndaşın cibinə uzanan əlavə yükdür.
Bu məsələ dərhal ciddi şəkildə araşdırılmalıdır. Əgər iddialar təsdiqini taparsa, həm mexanizmi quran qurumların məsuliyyəti araşdırılmalı, həm də vətəndaşlardan artıq tutulmuş vəsaitin geri qaytarılması təmin olunmalıdır. Eyni zamanda, bu cür hallara yol verənlərə qarşı hüquqi və inzibati tədbirlər görülməlidir”.
Dəniz Pənahova