14 aprel 2026
11
Şamaxının yollarını təmir edəcək sirli "VNM İnşaat" - Yarım milyonluq tender udan şirkət kimindir?
Şamaxı Rayon İcra Hakimiyyəti Şamaxı şəhərində yolların əsaslı təmiri ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi "VNM İnşaat” şirkəti seçilib. Təmir işlərinə görə şirkətə 486 907,82 manat ödəniləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "VNM İnşaat” MMC 13 mart 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, ev 15-də yerləşir. MMC-nin qanuni təmsilçisi Nağıyev Vüqar Məhəmməd oğludur.
"VNM İnşaat” MMC və Vüqar Nağıyev haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.
Araşdırmalarımız zamanı məlum olub ki, Vüqar Nağıyev 2024-cü ilə qədər "VNM Servis” MMC-nin və "VNM İnvest” MMC-nin qanuni təmsilçisi olub.
Bu şirkətlər "VNM İnşaat” MMC ilə eyni tarixdə təsis edilib. Ehtimal olunur ki, "VNM İnşaat” MMC, "VNM Servis” MMC və "VNM İnvest” MMC eyni şəxsə məxsusdur.
Bu şirkətlər adlarının qarşısında "VNM” abreviaturası Vüqar Nağıyevin adı, soyadı və atasının adının baş hərfləri uyğunluq təşkil edir. Lakin hər üç şirkətin Vüqar Nağıyevə məxsus olub-olmadığı bəlli deyil.
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırma zamanı aydın olub ki, "VNM İnşaat” MMC cari ildə 3 tender qazanıb. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 987 750,82 manatdır. "VNM İnvest” MMC və "VNM Servis” MMC də satınalma müsabiqələrində fəal iştirak edir.
İri məbləğli tenderlərin qalibi seçilən bu şirkətlər haqqında açıq mənbələrdə heç bir məlumatın olmaması onların satınalma müsabiqələrində iştirak üçün sadəcə kağız üzərində yaradılmasına dair şübhələri artırır.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovdur. O, 2018-ci ildən bu vəzifədədir.



