26 avqust 2024
48
Qubadlının İcra başçısı şəhid xanımını hədələdi: "Oğlunun başına oyun açarıq" - VİDEO
Ölkədə 1 sentyabr parlament seçkilərinə 1 həftə qaldığı bir vaxtda, bəzi dairələrdə rəqabət pik həddə çatıb. Onlardan biri də 125 saylı Zəngilan-Qubadlı seçki dairəsidir.
Bu dairədə əsas rəqabət jurnalist İntiqam Alıyevlə VI çağırış Milli Məclisin deputatı olmuş İmamverdi İsmayılov arasındadır.
Sitat.info xəbər verir ki, bu günlərdə dairədə daha bir xoşagəlməz hal yaşanıb.
İntiqam Alıyevin seçki prosesində fəal iştirak edən, şəhid Ələmqulu Quliyevin oğlu Anar Quliyevin ailəsi təzyiqlə üzləşib.
Belə ki, bir neçə gün öncə Qubadlının icra başçısı Malik İsaqov I Qarabağ müharibəsi şəhidi Ələmqulu Quliyevin həyat yoldaşı Fəxriyyə Nəcəfquliyevanı qəbuluna çağırıb. Ona oğlu ilə bağlı xəbərdarlıqlar edib.
Bildirib ki, Anar Quliyev deputatlığa namizəd İntiqam Alıyevin seçki kampaniyasında iştirak etməsin, əks halda problemlər yaşayacaq.
A.Quliyev deyir ki, bundan sonra anası qorxu keçirib: "İki gün öncə icra başçısı anamı qəbuluna çağırıb, təzyiqlər edib. Şəhid xanımına hədə-qorxu gəlmək nə deməkdir? Anama deyib ki, oğlun namizəd İntiqam Alıyevin seçki prosesinə qatılmasın. İcra başçısısı bu yolla azad seçki kampaniyası aparmağımıza əngəl törətmək istəyir. Xəstə anamı qorxuya salıblar ki, oğluna nəsə edəcəklər".
Məsələ ilə bağlı Qubadlı RİH-nin ə mövqeyini dərc etməyə hazırıq.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.
Məğrur Salmanov,
Sitat.info