30 yanvar 2026
14

Biabırçı pensiya fərqi: “Bunu Sahil Babayev edib” – Hüquqşünas

     Dünyanın heç bir yerində sıravi vətəndaşla məmurun aldığı pensiya arasındakı fərq bu həddə deyil. Bu islahatı həyata keçirən isə hazırda maliyyə naziri vəzifəsini tutan Sahil Babayev olub.
Tribuna.az xəbər verir ki, bu sözləri hüquqşünas Aslan İsmayılov aldığı pensiyadan narazılığını bildirən sabiq prokurorun etirazına cavab olaraq bildirib.
A.İsmayılov bildirib ki, məmura 4-5 min təqaüd yazanlar hansı məntiqlə vətəndaşa 220 manat rəqaüd yazır:
“Son günlər hakim və prokuror işləyib təqaüdə çıxmış bir neçə nəfər aldıqları 4–5 min manatın az olduğunu əsas gətirərək məhkəmələrə müraciət edib, təqaüdlərinin artırılmasını tələb edirlər. Hamıya məlumdur ki, bu şəxslər xidmət dövrlərində daha yüksək maaş alıblar. Bundan başqa, onların hər birinin maaşı ümumi gəlirlərinin yalnız cüzi bir hissəsi olub — bu da hamıya bəllidir.

Mən həmin şəxslərin maddi vəziyyətlərini yaxşılaşdırmaq istəmələrinə qarşı deyiləm. Sadəcə məni təəccübləndirən bu təqaüd məbləğlərini müəyyən edənlərin məntiqidir. Əgər həmin şəxslər aldıqları 4–5 min manatın normal yaşamaları üçün kifayət etmədiyini bildirirlərsə, bəs onda vətəndaşa minimal təqaüdü 220 manat müəyyən edənlər hansı məntiqdən çıxış ediblər?
Dünyanın heç bir yerində sıravi vətəndaşla məmurun aldığı pensiya arasındakı fərq bu həddə deyil.
Bu islahatı həyata keçirən isə hazırda maliyyə naziri vəzifəsini tutan Sahil Babayev olub”.
Gülşən Rəsul