24 iyun 2024
160
Milli Məclisin yeni heyətində ONLARI ÇƏTİN GÖRƏK... - SİYAHI
Qarşıdan parlament seçkiləri gəlir.
Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvləri parlament sədrinə müraciət edib. Bildirilib ki, BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının və digər mötəbər beynəlxalq tədbirlərin keçiriləcəyi vaxtda - 2024-cü ilin noyabr ayında Azərbaycan Respublikası Konstitusiyasının 981 maddəsinin II hissəsinə əsasən Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər keçirilməlidir. Həm seçkilərin, həm də qeyd olunan tədbirlərin yüksək səviyyədə təşkili mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, həmin dövrdə ölkə parlamentinin tam fəaliyyətdə olmasının məqsədəmüvafiqliyi də nəzərə alınmalıdır. Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi fəaliyyət dövrü ərzində dövlətin daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək, dövlət idarəetməsinin təşkili və daha da təkmilləşdirilməsi fəaliyyətində yaxından iştirak etmək, yerlərdə seçicilərlə müntəzəm iş aparmaq, həmçinin parlament diplomatiyasının verdiyi imkanlardan səmərəli istifadə olunması sayəsində milli maraqları beynəlxalq məkanda təəssübkeşliklə təmsil etməklə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıb. Hesab edirik ki, indiki şəraitdə də Milli Məclis dövlət maraqlarını üstün tutaraq Milli Məclisin buraxılması və seçkilərin daha erkən keçirilməsi təşəbbüsü ilə çıxış etməlidir.
YAP-ın müraciəti Milli Məclisdə digər partiyaları təmsil edən deputatlar, habelə bitərəf deputatlar tərəfindən dəstəklənib.
Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə müraciət edilib. Yaxın günlərdə növbədənkənar parlament seçkilərinin elan olunacağı gözlənilir.
Artıq siyasi partiyalar, öz təşəbbüsü ilə nazmizədliyini irəli sürəcək şəxslər parlament seçilərinə hazırlaşırlar.
TNS xatırladır ki, hazırkı parlamentin üzvlərindən 7 nəfər birinci çağırışdan Milli Məclisin deputatıdır. Maraqlıdır, görəsən, bu deputatlar yenidən namizədliyini irəli sürəcəkmi?
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbov 1 saylı Şərur-Sədərək Seçki Dairəsindən birinci, ikinci, üçüncü, dördündü, beşinci və altıncı çağırış Milli Məclisin deputatı seçilib.
Talıbov bu dövr ərzində heç vaxt Milli Məclisin iclaslarında mütəmadi iştirak etməyib. Parlamentin son bir neçə çağırışında isə ümumiyyətlə iclasların heç birinə qatılmayıb.
Milli Məclisin Daxili Nizamnaməsinin 1-ci maddəsində göstərilir ki, deputatların Milli Məclisin iclaslarında iştirakı məcburidir.
Vasif Talıbov yeganə deputatdır ki, Milli Məclisin heç bir komitəsinin üzvü deyil. Halbuki, bəzi deputatlar bir neçə komitənin üzvüdür. O, Milli Məclisdə yalnız Azərbaycan-İran parlamentlərarası işçi qrupunun rəhbəridir. Vasif Talıbov digər parlamentlərarası işçi qruplarında təmsil olunmur.
Vasif Talıbov deputat olduğu dövrdə parlamentdə bir dəfə də olsun çıxış etməyib. Əgər o, Milli Məclisin iclaslarına qatılmayıbsa, deməli, qəbul olunan qanunlara da səs verməyib. Yəni Vasif Talıbov deputat kimi heç bir iş görməyib. Milli Məclisin iclaslarına gəlməyən, qanunların qəbulunda heç bir əməyi olmayan, ümumiyyətlə, parlamentin işində yaxından iştirak etməyən birinin yenidən deputat olmağa mənəvi haqqı çatmır.
Yəqin ki, Vasif Talıbov həm Naxçıvanda və bütövlükdə ölkədə itirilmiş nüfuzuna, həm də səhhətinə görə yenidən deputatlığa namizədliyini irəli sürməyəcək.
Altı çağırış millət vəkili olanlardan biri də Naxçıvan Şəhər Seçki Dairəsindən deputat seçilən Eldar İbrahimovdur.
Eldar ibrahimov on birinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Sovetinin, on ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, birinci, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
O, Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü, İntizam komissiyasının sədridir. Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstriya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, Çin, İran, İtaliya, Moldova, Pakistan, Serbiya, Sloveniya, Türkiyə, Türkmənistan, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın üzvüdür.
Etibarlı mənbələrdən aldığımız məlumata görə, Eldar İbrahimov növbəti parlament seçkilərində iştirak etməyəcək. Millət vəkilinin səhhəti buna imkan vermir.
Ana Vətən Partiyasının sədri Fəzail Ağmalı da 6 çağırışdır deputatdır. O, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, İntizam komissiyası sədrinin müavinidir. Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Bolqarıstan, İsrail, İsveç, Rusiya, Sloveniya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Partiya sədri növbəti parlament seçikərində iştirak edib-etməyəcəyi ilə bağlı TNS-in sualını belə cavablandırıb:
“Bu barədə partiyamızda ilkin müzakirələr aparılıb. Biz seçkinin keçirilməsi ilə bağlı qərarın qəbul edilməsini gözləyirdik. Ana Vətən Partiyasının Ali Məclisi çağırılacaq, bu məsələ geniş müzakirə olunacaq. Ali Məclisdə biz seçkilərdə neçə namizdlə iştirak edəcəyimizə dair qərar qəbul edəcəyik. Mənim namizədliyim də gündəlikdədir. İlkin müzakirələrdə Ana Vətən Partiyasının sədri kimi mənim seçkilərdə iştirakım vacib hesab edilib. Təbii ki, mən partiya üzvlərinin fikri ilə razılaşmışam, bu seçkilərdə iştirak etmək niyyətindəyəm”.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bu dövr ərzində yalnız 6-cı çağırış Milli Məclıisin deputatı olmayıb. O, 5 çağırış deputat seçilib.
Sabir Rüstəmxanlı Milli Məclisin Mədəniyyət komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Milli Məclis yanında Toponimiya komissiyasının üzvüdür. Almaniya, Hindistan, Koreya, Qazaxıstan, Meksika, Özbəkistan, Pakistan, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Sabir Rüstəmxanlı TNS-ə açıqlamasında növbədənkənar parlament seçkilərinə qatılacağını bildirib: “Yəqin ki, parlament seçklərində iştirak edəcəyəm. Amma bu, tək məndən asılı deyil. Məsələ partiya daxilində müzakirə olunacaq və verilən qərara uyğun olaraq addım atılacaq”.
Milli Məclisə 6 çağırış deputat seçilənlər sırasında Ziyafət Əsgərov da var.
Ziyafət Əsgərov 2000-ci il noyabrın 24-dən 2005-ci il dekabrın 2-dək Milli Məclis Sədrinin müavini, 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək Milli Məclis Sədrinin birinci müavini vəzifələrində çalışıb.
2000-ci il noyabrın 24-dən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədri olub, 2015-ci il noyabrın 24-dən Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədridir. Çin və Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.
Ziyafət Əsgərov növbəti parlament seçikilərində iştirak edib-etməyəcəyini hələ ki açıqlamayıb.
İmamverdi İsmayılov və Mixail Zabelin də 6 çağırışdır deputatdır.
İmamverdi İsmayılov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür. Azərbaycan-Mərakeş parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstraliya və Yeni Zelandiya, Braziliya, İsveçrə, Kolumbiya, Koreya, Qətər, Səudiyyə Ərəbistanı, Slovakiya, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Mixail Zabelin isə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Mədəniyyət komitəsinin üzvü, Hesablayıcı komissiyasının katibidir. Azərbaycan-Uruqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, İrlandiya, Litva, Mavritaniya, Polşa, Rusiya, Yunanıstan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
O, MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın üzvüdür.
Onların da növbəti parlament seçkilərində iştirak edib-etməyəcəkləri açıqlanmayıb.