15 avqust 2023
190

Görün, AQTA-nın tenderlərini davamlı udan şirkət kimə bağlıdır - Bəs qanun nə deyir?

 



Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi “Volt Azərbaycan” MMC-nin fəaliyyətinin dayandırıb.
Səbəb kimi göstərilir ki, şirkət qanunvericiliyin tələblərini pozub.

Qanunun tələblərini açıq şəkildə pozanların biri elə AQTA-nın özüdür…

Deməli, son 3 ildə AQTA-nın keçirdiyi və ümumi dəyəri 600 min manata yaxın olan 6 tenderin qalibi “Duohıve” MMC (VÖEN – 1503672811) adlı şirkət olub.

Şirkət təsis olunan zaman (2017-ci il) rəhbəri Rəşad Xalıqov adlı şəxs olub. Bu şəxs 2020-ci ilin yanvar ayından 2021-ci ilin aprel ayına kimi AQTA-nın İnformasiya texnologiyaları və innovativ həllər sektorunun müdiri olub. Sektor müdiri olan kimi “Duohıve” MMC AQTA-nın informasiya texnologiyaları ilə bağlı keçirdiyi 3 tender müsabiqəsinin qalibi olub.

Bəs qanun nə deyir?

“Dövlət Satınalmaları haqqında” Qanunun 13-cü maddəsində açıq şəkildə yazılır ki, satınalma prosedurlarından əvvəlki üç il ərzində satınalma prosedurlarında iştirak edən iddiaçının əməkdaşı və ya vəzifəli şəxsi olanlar satınalma prosedurları zamanı satınalan təşkilatın təmsilçisi, məsləhətçisi və satınalmalarla əlaqədar digər vəzifələrin icraçısı ola bilməzlər.

Qanunun tələbindən də göründüyü kimi, tender keçirilən zaman (2020-ci ildə) satınalan təşkilatın, yəni AQTA -nın təmsilçisi (İnformasiya texnologiyaları və innovativ həllər sektorunun müdiri) 3 il əvvəl – 2017-ci ildə iddiaçının, yəni “Duohıve” MMC -nin vəzifəli şəxsi (qanuni təmsilçisi) olub.

İndi əsas sual budur, qanunun tələblərini açıq şəkildə pozan AQTA-nın fəaliyyətini kim dayandıracaq?

Gununsesi.inf