27 aprel 2026
7
Azərbaycan və Ukrayna: güclənən tərəfdaşlıq
Volodimir Zelenskinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Bu səfər yalnız diplomatik protokol çərçivəsində keçirilən görüşlərlə məhdudlaşmır, eyni zamanda regional əməkdaşlığın dərinləşdirilməsi və qarşılıqlı etimadın gücləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.Bunu Yenimeydan.info Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov deyib.Onun sözlərinə görə,İlham Əliyevin mətbuata verdiyi bəyanat Azərbaycan-Ukrayna əlaqələrinin strateji xarakter daşıdığını bir daha təsdiqləyir. Son illər ərzində dövlət başçıları arasında baş tutan intensiv görüşlər tərəflər arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu nümayiş etdirir. Bu dinamika, əslində, münasibətlərin sabit və davamlı inkişaf xətti üzrə irəlilədiyini göstərən əsas göstəricilərdən biridir.Eyni zamanda, tərəflərin beynəlxalq hüququn prinsiplərinə sadiqliyi və ərazi bütövlüyünə verdikləri önəm ortaq siyasi baxışların formalaşdığını ortaya qoyur. Azərbaycanın Ukraynanın suverenliyinə verdiyi dəstək, eləcə də Ukraynanın Azərbaycanın mövqeyinə göstərdiyi anlayış qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir.
Strateji tərəfdaşlıq sənədlərinə istinad olunması isə münasibətlərin yalnız cari maraqlarla deyil, uzunmüddətli əməkdaşlıq perspektivləri ilə də bağlı olduğunu sübut edir. Enerji, ticarət, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlar hər iki ölkə üçün yeni perspektivlər açır.
Bütün bunların fonunda qeyd etmək olar ki, bu səfər və səsləndirilən fikirlər Azərbaycan-Ukrayna münasibətlərinin gələcək inkişafı üçün möhkəm zəmin yaradır, eyni zamanda regionda sabitlik və əməkdaşlığın güclənməsinə töhfə verən mühüm siyasi addım kimi tarixə düşür.



