16 aprel 2026
7

Sosial Xidmətlər Agentliyinin 5.7 Milyonluq mənzil tenderi dayandırıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki "Sosial Xidmətlər Agentliyi" Publik Hüquqi Şəxsi tərəfindən şəhid ailələri və əlilliyi olan şəxslər üçün mənzillərin alınması məqsədilə keçirilən tender dayandırılıb.
32gun.az xəbər verir ki, Agentlik tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Bakı şəhərində 40 ədəd ikiotaqlı və 20 ədəd üçotaqlı mənzilin satın alınması planlaşdırılırdı. Sözügedən satınalmanın ehtimal olunan qiyməti 5 700 000.00 AZN məbləğində müəyyən edilmişdi.
Lakin 15 aprel 2026-cı il tarixində açıqlanan rəsmi qərara əsasən, açıq tender proseduru ləğv edilib. Ləğv edilmə səbəbi kimi satınalmada iştirak etmək üçün təklif və təklif təminatını təqdim etmiş təchizatçıların sayının üçdən az olması (Maddə 36.1.1) göstərilib. "Dövlət satınalmaları haqqında" Qanunun tələblərinə uyğun olaraq, kifayət qədər iddiaçı sənəd təqdim etmədiyi üçün satınalma komissiyası tenderin ləğvi barədə qərar qəbul edib.