03 fevral 2023
237
İcra başçısının TENDER HOQQASI
Neftçala Rayon İcra Hakimiyyəti “R.V Yol İnşaat” MMC ilə dəyəri 469 min 413 manat olan satınalma müqaviləsi imzalayıb.
Müqavilə Neftçala rayonunun avtomobil yollarının əsaslı təmirilə bağlıdır.
Dövlət Vergi Xidmətinin 1 fevral tarixinə olan rəsmi məlumatına görə, “R.V Yol İnşaat” MMC-nin dövlətə 1 milyon 223 min 893 manat vergi borcu var.
“Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə tenderdə iştirak edən qurumun vergi borcu olmamalıdır.
Qeyd olunan satınalma üzrə işin icrası 27 oktyabr 2022-ci ildə başlayıb.
Neftçala Rayon İcra Hakimiyyətinin baş mühasibatçısı Eyvaz Əliyev AbzasMedia-ya bildirib ki, tender müqaviləsi imzalananda sənədlər qaydasında olub:
“Borclarının olması ilə bağlı məlumatımız olmayıb. Tender müqaviləsi imzalananda bütün sənədlər qaydasında olur. Mən tender komissiyasının üzvü deyiləm, ancaq vəsait ayrılanda bütün sənədlər qaydasında olub” – deyə o əlavə edib.
Baş mühasib "şirkətin vergi öhdəliyinin olmadığını göstərən sənədə sahibsinizmi" sualına “bilmirəm” deyə cavab verib və digər sualları cavablandırmaqdan imtina edib.
Müsabiqənin qalibi “R.V Yol İnşaat” şirkətinin nə saytı, nə də əlaqə vasitələri var. Şirkətin qeydiyyatdan keçdiyi hüquqi ünvana (Binəqədi rayonu, Əcəmi Naxçıvani, ev 14, m.15) zəng etdikdə bu nömrənin işləmədiyi deyilir.
“R.V Yol İnşaat” MMC 2009-cu ildə dövlət qeydiyyatına alınıb. MMC-nin nizamnamə kapitalı 20 manatdır. Şirkətin hüquq təmsilçisi isə Bəndəliyev Zülfəli İsrafil oğludur.
Dövlət satınalmalarının rəsmi internet portalındakı məlumatlara baxdıqda aydın olur ki, “R.V Yol İnşaat” MMC 2022-ci ildə Lənkəran, Şabran, Qusar Rayon İcra Hakimiyyəti də daxil olmaqla, bir çox icra hakimiyyəti orqanlarının tender müsabiqələrində iştirak edib. Təkcə ötən il keçirilən tenderlərdə şirkət 3 milyon 537 min manat vəsait qazanıb. //abzas.org//