26 yanvar 2023
279

Qarabağ veteranı: “Evim başıma uçur” (FOTO)

Ağsu rayon, Babək küçəsi, ev 7-də yaşayan Qarabağ veteranı Elşən Abdulla oğlu Nağıyev ölkə başçısına müraciət edib. O müraciətin bir surətini də Qaynarinfo-nun redaksiyasına yollayıb.
Elşən Nağıyev Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. 1973-cü il təvəllüdlü olan veteran üç övlad atasıdır. Anası yataq xəstəsi olan Elşənin oğlu isə İkinci Qarabağ müharibəsinin 3 medalla təltif olunmuş veteranıdır.

Elşən Nağıyev müraciətində yazır: “Anam və ailəmlə 50 ildən qalma çiy kərpicdən olan evdə yaşayırıq. Şamaxıda baş verən məlum zəlzələ nəticəsində bizim evimiz də zərər çəkib və müvafiq komissiya evimizi təmir olunacaq evlərin siyahısına salmışdı. Lakin, mən təmirlə razılaşmadım, çünki ev təmirə uyğun deyil. Nə qədər xahiş etdim ki, uçmaqda olan evim yenisi ilə əvəz olunsun, amma sözümə qulaq asan olmadı.

Özüm də, oğlum da Vətəndən ötrü canımızı qoymuşuq, ancaq indiyə kimi bizə kömək edən olmadı. Hətta, məcbur qalaraq kredit götürüb, həmin həyətdə balaca daxma qaraltmışam, ancaq üstünü vurmağa imkanım yoxdur. Dəfələrlə rayon İcra Hakimiyyətinə müraciət eləmişəm. İcra Hakimiyyətindən deyirlər ki, sənə kömək etmək bizlik deyil. Rayonun baş memarı Mirəli Qurbanov da evimin təmirə yaramadığını etiraf etsə də, hər dəfəsində deyir ki, “rayonumuza pul ayrılsın, sonra baxarıq”. “Sonra”lar da ki, nə vaxt olacaq, bilinmir.

Cənab Prezident! Siz, bizim kimi veteranlara qayğı göstərilməli olduğu haqda sərəncam vermisiz, dəfələrlə məmurlara demisiz, tapşırmısız, ancaq ata-oğul – ikimiz də veteran olsaq da, məmurlar bizə köməklik etmirlər. Mən ailəmlə, xəstə anamla yaşanılması mümkün olmayan evdə qalmağa məhkum olunmuşuq. Nə imkanımız var, nə də bizi eşidən. Sizdən, həm veteran, həm də veteran atası kimi, xahiş edirəm, bizim çox bərbad vəziyyətdə olan evdə yaşamaq zülmümüzə son qoyulması üçün, aidiyyatı üzrə göstəriş verəsiniz. Əvvəlcədən təşəkkür edirəm”.

Xatırladaq ki, 2019-cu ildə Şamaxı rayonunda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasına görə, dövlət başçısı Ağsu rayon İcra Hakmiyyətinə iki sərəncamla 8 milyon manat vəsait (5 milyon manat bir, 3 milyon manat da bir-red.) ayırıb.