27 mart 2026
14
Etibar Əliyevdən Rüfət Əzizova: “Cəmiyyəti ələ salmayın”
Sabiq deputat Etibar Əliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizovun beynəlxalq reytinqlərlə bağlı paylaşımına sərt münasibət bildirib.
Tribuna.az xəbər verir ki, Etibar Əliyev sosial şəbəkə hesabında paylaşdığı statusda ADNSU rəhbərliyinin ictimaiyyətə yalnız müəyyən nəticələri təqdim etdiyini iddia edib.
Qeyd edək ki, ADNSU-nun rektoru Rüfət Əzizov “Möhtəşəm xəbər” başlıqlı paylaşımında universitetin QS (Quacquarelli Symonds) 2026-cı il üzrə fənn sahələri reytinqində iki istiqamət üzrə qlobal siyahıya daxil olduğunu açıqlayıb.
Onun sözlərinə görə, ADNSU “Neft mühəndisliyi” istiqaməti üzrə 101–150-ci, “Kompüter elmləri və informasiya sistemləri” istiqaməti üzrə isə 451–500-cü yerlərdə qərarlaşıb.
Etibar Əliyev isə bu təqdimat formasını tənqid edərək bildirib ki, universitetin digər sahələr üzrə göstəriciləri ictimaiyyətə açıqlanmır.
Sabiq deputat qeyd edib ki, müqayisə üçün Bakı Dövlət Universitetinin bəzi istiqamətlər üzrə nəticələri də nəzərə alınmalıdır. Onun sözlərinə görə, BDU “Neft mühəndisliyi” kateqoriyasında 51–100-cü, “Kompüter elmləri və informasiya sistemləri” sahəsində isə 601–650-ci pillələrdə yer alıb.
Etibar Əliyev ADNSU-da xüsusilə riyaziyyat, kimya və kimya mühəndisliyi istiqamətlərinin vəziyyəti ilə bağlı da suallar ünvanlayıb. O bildirib ki, vaxtilə bu universitetdə riyaziyyatın tədrisi daha güclü olub və hazırkı nəticələr ciddi suallar doğurur.
Sabiq deputat paylaşımında həmçinin ali məktəblərin elmi məqalə göstəricilərində digər elmi qurumların əməkdaşlarının roluna da toxunub. O hesab edir ki, bəzi uğurların təqdimatında bu məqamlar da nəzərə alınmalıdır.
Etibar Əliyev ADNSU rəhbərliyinə müraciətlə bildirib ki, əgər bir sahə üzrə irəliləyiş uğur kimi təqdim olunursa, digər istiqamətlər üzrə geriləmənin səbəbləri də ictimaiyyətə izah edilməlidir.
O, paylaşımının sonunda universitet rəhbərliyinə və bu nəticələri müsbət qiymətləndirən şəxslərə müraciət edərək, “cəmiyyəti ələ salmamağa” çağırıb.
Etibar Əliyev hesab edir ki, ali təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı ictimaiyyətə yalnız seçilmiş uğurların təqdim olunması düzgün yanaşma deyil və bu cür təqdimatlar cəmiyyətdə yanlış təsəvvür yaradır.
Nigar İxtiyarqızı
Oxşar Xəbərlər:

Sabunçuda “Şəhərsalma ili”ndə qanunsuz tikinti – FOTO

Leyla Əliyeva onlar üçün pianoda ifa etdi – FOTOLAR

Sayğaclar ayda bir dəfə yox, hər yükləmədə pul tutur — Razi Nurullayev araşdırma tələb etdi (FOTOLAR)

Bu məmurun qohumları restoranı ələ keçirmək istəyir-FOTO

Prezident əfv sərəncamı imzaladı – SİYAHI