26 mart 2026
11
“Universitetlərimiz elmi mərkəzə yox, diplom sexlərinə çevrilir...”
“Universitetlərimiz niyə dövlətin intellektual güc mərkəzi ola bilmədi? -Ali təhsilimizin 30 illik sistem böhranı haqda qeydlər…”“Universitetlər zəif təhsil sisteminin məhsuludur, bu problemlərin səbəbkari deyil. Eyni ilə də təhsil sistemi zəif müəllim korpusunun yaranma səbəbidir, müəllimlər zəif təhsil sisteminin səbəbkarı deyil…”
“Artıq universitetlərə “tədris müəssisəsi” kimi deyil, “dövlətin intellektual güc platforması” kimi baxılmalıdır. Əgər bu yanaşma dəyişməzsə, universitetlər transformasiya olunmayacaq, insan kapitalı yenə zəif qalacaq…”
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, dosent İlham Əhmədovun Azərbaycanda elm və təhsilin problemləri barədə "Universitetlərimiz niyə dövlətin intellektual güc mərkəzi ola bilmədi?(Ali təhsilimizin 30 illik sistem böhranı haqda qeydlər…)” başlıqlı növbəti analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
“Son 30 ilin ali təhsil təcrübəsi göstərdi ki, Azərbaycan universitetləri XXI əsrdə dövlətin intellektual güc mərkəzinə çevrilə bilmədi. Onlar nə keyfiyyətli insan kapitalı yarada bildi, nə elmlə təhsili səmərəli inteqrasiya edə bildi, nə də müasir innovasiyalar mərkəzinə çevrilə bildi. Belə uğursuzluqların səbəblərini yalnız universitetlərdə axtarmaq metodoloji səhv olardı. Problemin kökü daha dərindədir. Səhvlərin kökü Elm və Təhsil Nazirliyində , onun qurduğu “təhsil siyasəti”ndə, reallaşdırdığı “strateji” idarəetmədə və təşkilati quruculuqdadır...
Strateji boşluq və sistemsiz modernləşmə…
Müasir tələblərə cavab verən, mükəmməl universitet modeli təsadüfi yaranmır. Bu modelin yaranması elmə əsaslanan, uzunmüddətli araşdırma nəticəsində formalaşan inkişaf strategiyası, ardıcıl və sistemli siyasət, güclü akademik liderlik tələb edir. Azərbaycanda son 30 ildə ali təhsil sahəsindəki islahatlar epizodik və formal xarakter daşıyıb. Struktur dəyişikliklər (kredit sistemi, Bolonya prosesi, informatlaşma, PHŞ statusu və s.) tətbiq olunsa da, bu dəyişikliklər vahid konseptual çərçivə daxilində həyata keçirilməyib. Nəticədə forma dəyişsə də, məzmun dəyişmədi, struktur qurumlar modernləşmədi, sadəcə adları dəyişdi, o cümlədən bütün institutlar bir gündə universitet oldular (necə ki, 1 gündə yeni bir institut və onun 11regionda filialı yaranmışdı)...
Vaxtilə 3 nazirlik kimi fəaliyyət göstərən ölkənin təhsil sistemi (Maairf Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi(AOİTN), Texniki Peşə Təhsili Komitəsi(TPTK) ) birləşərək TN kimi fəlaiyyətini davam etdirsə də, onun əsas fəaliyyəti Maarif nazirliyi funksiyası oldu. Ali və orta ixtisas məktəbləri kiçik bir şöbə tərəfindən idarə edildi. Halbuki, sovet dönəmində 17 ali məktəb və 60-70 orta ixtisas məktəbi ayrıca bir nazirik tərəfindən idarə edilirdi. Amma müstəqillik illərində ali məktəblərin və kolleclərin sayı 3 dəfə artmışdı, kiçik bir şöbə, təbii ki, bu işi, çətin, keyfiyyətlə reallaşdıara bilərdi.
Digər tərəfdən AOİTN fəaliyyəti dövründə ali təhsilə dair bütün tədris-metodik baza Moskvadakı elmi mərkəzlərdə hazırlanıb, yollanırdı, müstəqillik dövründə bütün bunları özümüz yaratmalı idik. Amma, təəssüf ki, biz ali təhsilə dair normal tədris –metodik baza yarada bilmədik. Heç bu gün də normal belə baza yoxdur. Bu barədə ayrıca məqaləmiz dərc edilmişdi (İlham Əhmədov. Universitetlərin tədris-metodik bazası niyə zəifdir?). Son illər Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EAOİT) yaradılsa da, onun fəaliyyəti lazımi səviyyədə qurulmadı…
Təbii ki, normal tədris-metodik təminatı olmayan ali təhsil sistemi nəinki inkişaf edə bilməzdi, heç öz mövcudluğunu da saxlaya bilməzdi. Bunun üçün ən azı Təhsil Problemləri İnstitutunu (indiki Azərbaycan Respublikasının Təhsil İnstitutu -ARTİ) gücləndirmək lazım idi. Biz isə nəinki onu gücləndirmədik, hətta son 10 ildə onu məhv etdik. Elmi təminatı olmayan təhsil islahatı təbii ki, “Tərsinə qurulmuş təhsil sistemi” olacaqdır (təhsilimizin bu obyektiv diaqnozu E. Əmrullayevə məxsusdur).
Nazirliyin yaratdığı nöqsanlı idarəetmə modeli səmərəsiz idi. Ali təhsilin keyfiyyəti birbaşa nazirliyin təhsili idarəetmə modelindən asılıdır. Azərbaycan reallığında ali təhsilin bu günkü əsas problemləri kimi, bunları qeyd edə bilərik: müasir universitet quruculuğuna xidmət edən strategiya yoxdur, sistemli kadr siyasəti qurulmayıb, universitetləri transformasiya edə biləcək innovativ düşüncəli komandalar yetişdirilməyib. Bu, klassik “idarəetmə boşluğu”dur…
Universitetlər özləri-özlərini dəyişə bilməzlər. Çünki maliyyə modeli zəif, qərarvermə mərkəzləşdirilmiş, akademik mühit isə sərbəst deyil. Bu şərtlər daxilində universitetlər inkişaf edə bilməz, ən yaxşı halda cari vəziyyətlərini qoriya bilərlər…
Universitetlərin problemi arxaik idarəetmə modelinin saxlanılmasıdır. Belə ki, universitetlərdəki mövcud idarəetmə sistemi konservativ, çoxpilləli, innovasiyaya qapalı, nəticə əsaslı deyil. Heç təhsil sistemi də bütünlükdə nəticə əsaslı deyil. Bu modeldə təşəbbüs təşviq olunmur, risk alma mədəniyyəti yoxdur, akademik liderlik zəifdir. Belə sistemlərdə innovasiya yaranmaz. Çünki innovasiya akademik azadlıq, yüksək resurs təminatı, məsuliyyətli və səriştəli idarəetmə tələb edir. Azərbaycan universitetlərində isə bu üç komponentin heç biri sistemli şəkildə, tam olaraq mövcud deyil.
Ali təhsilin maliyyələşməsi problemi yalnız büdcə azlığı ilə izah edilə bilməz. Problem daha dərindir. Belə ki, maliyyə modeli tələbə sayına (adambaşına maliyyələşmə) əsaslanır, tədqiqat maliyyəsi cüzidir, qrantlar yoxdur, bu səbəblərdən də universitetlərin alternativ gəlir mənbələri yoxdur. Universitetlərin sərəncamında olan, məhdud maliyyə imkanları da 30 il ərzində elm-tədris-innovasiya istiqamətində yox, əsasən təmir-tikinti istiqamətində israf edildi. İndi tez-tez səslənən universitetlərin paytaxtdan regionlara köçürülməsi təklifləri reallaşarsa, universitetlərin 30 illik “investisiya siyasəti” dağılacaqdır, onu regiona daşımaq qeyri-mümkündür.
Mövcud idarəermə və maliyyə modeli universitetləri məcbur edir ki, onlar keyfiyyət yox, kəmiyyət üzərində fokuslansınlar. Beləliklə, universitetlər elmi mərkəz yox, “diplom istehsal edən qurumlara” (diplom sexlərinə) çevrilir...
Universitetlərdə illər ərzində heç bir dayanaqlı baza yaratmadan son illərdə onların PHŞ modelinə keçidi islahat deyil, bu sadəcə “struktur islahatı” illüziyasıdır. PHŞ modeli formal olaraq universitetlərə muxtariyyət verməli idi. Lakin reallıqda universitetlərin maliyyə müstəqilliyi məhduddur. Universitetlər daim maliyyə sıxıntısı yaşadığı halda ETN-nin təkidi ilə nazirliyin yaratdığı TİF Fonduna iri pullar keçirdirlər, qərarvermə sərbəstliyi tam deyil, məsuliyyət mexanizmləri qeyri-müəyyəndir. Bu durumda PHŞ real transformasiya aləti deyil, formal struktur dəyişikliyi olur.
Təhsil sistemində, universitetlərdə insan kapitalı böhranı yaşanır. Təhsil sistemi ölkə üçün insan kapitalı yetişdirməli olduğu halda, heç öz daxili tələbatı üçün də keyfiyyətli insan kapitalı yetişdirə bilmədi (MİQ, DQ, sertifikasiya imtahanları v.s. bunu sübut etdi). Buna əmin olmaq üçün ETN-nin bu günki menecerlər korpusuna baxmaq da kifayətdir. Bu halda ETN ölkə iqtisadiyyatı, müasir texnoloji sahələr üçün necə insan kapitalı yarada bilərdi?..
Universitet sisteminin də ən zəif elementi insan kapitalıdır. Bunun səbəbləri çoxdur. Hal-hazırda universitetlərdə akademik maaşlar rəqabətqabiliyyətli deyil, qrant sistemi yoxdur, gənc alimlər sistemdə qalmaq istəmir, ölkədən beyin axını davam edir v.s. Bu vəziyyət sistemin özünübərpa qabiliyyətini zəiflədir, sistem həm keyfiyyətli kadr yetişdirə bilmir, həm də mövcud kadrları itirir...
Azərbaycan iqtisadiyyatı postneft mərhələsinə daxil olur. Postneft dövrünün riski narahataedicidir. Ölkə prezidenti də dəfələrlə postneft dövründə bizi gözləyən problemləri xatırladaraq bu mərhələyə xüsusi hazırlığın zəruriliyini qeyd edib. Bunun üçün ilk növbədə elm, təhsil, innovasiya, rəqəmsallaşma sahəsində mövcud problemləri həll edilməli, keyfiyyətli insan kapitalı yaradılmalıdır.
Məlum olduğu kimi, postneft dövründə əsas resurs neft yox, bilik və innovasiya olacaq. Amma mövcud universitet sistemi bu keçidi dəstəkləmək iqtidarında deyil, iqtisadi transformasiyanın intellektual bazasını təmin etmir. Bu da ciddi risklər yaradır. Belə olarsa, iqtisadi diversifikasiya ləngiyəcək, texnoloji asılılıq artacaq, ölkənin və vətəndaşlarının qlobal rəqabət qabiliyyəti zəifləyəcəkdir.
Beləliklə, son 30 ilin təhlili göstərir ki, universitetlərimizin zəifliyinin səbəbkarı universitetlər yox, bu sahədə dövlət siyasətini formalaşdıran və reallaşdıran dövlət qurumu – ETN, onun strateji idarəetmə, təhsil siyasəti, sistem layihələndirməsində etdiyi səhvlərdir. Universitetlər zəif təhsil sisteminin məhsuludur, bu problemlərin səbəbkari deyil. Eyni ilə də təhsil sistemi zəif müəllim korpusunun yaranma səbəbidir, müəllimlər zəif təhsil sisteminin səbəbkarı deyil. Təhsilimizdə səbəb-nəticə əlaqələri də “tərsinə qurulub” . Görünür, bu, ETN-nin maraqlarına uyğundur, “problemlərin səbəbkarı məmurlar, təhsil sistemi yox, fərdlər və cəmiyyətdir” deməklə özlərini təmizə çıxarırlar...
Bəs nə etməli? Mövcud vəziyyətdə təbii ki, əvvəllər olduğu kimi, yenə də kosmetik islahatlar kifayət etməyəcək. Bu gün köklü struktur dəyişikliklərinə, yeni maliyyə modelinə, akademik azadlıqlara, nəticə əsaslı idarəetməyə ehtiyac var. Ən əsası isə artıq universitetlərə “tədris müəssisəsi” kimi deyil, “dövlətin intellektual güc platforması” kimi baxılmalıdır. Əgər bu yanaşma dəyişməzsə, universitetlər transformasiya olunmayacaq, insan kapitalı yenə zəif qalacaq, postneft dövründə problemlər daha da dərinləşəcəkdir...
Ali təhsildə real islahatların aparılması, onun kadr, maliyyə və digər resurslarla yüksək səviyyədə təmin edilməsi, proseslərin şəffaflığı, təşəbbüslərin dəyərləndirilməsi, ETN-nin kadr korpusunun gücləndirilməsi - bu gün strateji zərurətdir. Hələ gec deyil, bəlkə də...
Dos. İlham Əhmədov”
Oxşar Xəbərlər:

Dosentdən Misir Mərdanova CAVAB: “Bu təhlili 25 il əvvəl, nazir olanda etsəydiniz…”

Biləcəridə ağaclar kəsilib mebel sexlərinə verirlir?

ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı –33 illik dosent faktları açıqladı

ADNSU-nun rektorundan daha bir alim şikayət etdi – Qanunsuz işdən çıxarılma….
Hesablama Palatasının BDU-da aşkarladığı nöqsanlar açıqlanıb