23 mart 2026
19

XIRDALANDA QANUNSUZ TİKİNTİYƏ KİM DAYAN DEYƏCƏK - VİDEO

 
Abşeron rayonunun Xırdalan şəhərində növbəti qalmaqallı tikinti özbaşınalığı ilə bağlı ciddi iddialar gündəmə gəlib. Heydər Əliyev prospekti 20 ünvanında yaşayan vətəndaş Aşurova Mehbarə Əli qızı ölkə rəhbərliyinə müraciət edərək faktiki olaraq həyatlarının təhlükə altında olduğunu bildirir. Onun sözlərinə görə, yaşadığı evin lap dibində – heç bir təhlükəsizlik məsafəsi gözlənilmədən qazıntı və tikinti işləri aparılır: “Evimin özülünü qazırlar. Heç bir məsafə saxlamadan, qanunsuz şəkildə tikinti gedir. Evdə oturmaq mümkün deyil. 5 uşağımla çıxılmaz vəziyyətdə qalmışıq.”
Mediatv.az xəbər verir ki,vətəndaşın iddiası bununla da bitmir. O bildirir ki, məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə üz tutsa da, qurumdan lazımi münasibət görməyib. Xüsusilə icra hakimiyyətinin memarı kimi təqdim olunan Kənan Babayevin davranışı ciddi narazılıq doğurur: “Qəbul günü idi. Öz otağında olduğu halda məni qəbul etmədi. Problemimi dinləmək belə istəmədi.” Daha da düşündürücü məqam isə tikinti aparan şəxslərin açıq şəkildə məmur adı çəkməsidir. İddiaya görə, onlar işləri məhz “yuxarıdan verilən tapşırıqla” sürətləndirdiklərini deyirlər: “Özləri etiraf edirlər ki, Kənan müəllim deyib bayram günlərindən istifadə edib işi tezləşdirin.”
Bu isə vəziyyətin təkcə qanunsuz tikinti deyil, eyni zamanda mümkün vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə müşayiət olunduğunu göstərir. Ən ciddi məqam isə təhlükəsizliklə bağlıdır. Heç bir rəsmi icazə sənədi olmadan aparıldığı iddia edilən tikinti işləri yaşayış evinin dayanıqlığını sual altına alır. Qazıntı işləri nəticəsində evin çökmə riski istisna edilmir. 5 azyaşlı uşağın yaşadığı bir ev üçün bu, artıq sosial yox, humanitar böhran siqnalıdır.Görəsən qanunsuz tikintiyə kim “yaşıl işıq” yandırıb,niyə məsul qurumlar hərəkətsizdir,niyə vətəndaşın təhlükəsizliyi yox, tikinti sürəti prioritetə çevrilib?
Fövqəladə Hallar Nazirliyi – bina təhlükəsizliyi, çökmə riski, insan həyatı ilə bağlı təhlükələr sizin birbaşa məsuliyyətinizdir. Evin özülü qazılırsa, niyə dərhal müdaxilə olunmur?
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi – layihə varmı, icazə varmı, norma varmı? Əgər yoxdursa, niyə bu tikinti hələ də davam edir?
Əmlak Məsələləri Dövlət Xidməti – torpaq sənədləri, mülkiyyət hüquqları, istifadə təyinatı yoxlanılıbmı?
Abşeron Rayon İcra Hakimiyyəti – ərazidə baş verənlərdən xəbəriniz yoxdur, yoxsa xəbəriniz var, amma susursunuz? 
Bu səssizlik isə artıq biganəlik yox, məsuliyyətsizlikdir.Əgər bu gün müdaxilə olunmasa, sabah baş verəcək faciənin məsuliyyətini kim daşıyacaq? 
Adı çəkilən qurumların cavab haqqını tanıyırıq.
 Mediatv.az