19 fevral 2026
51

Prezident fərman verir – Xətaidə isə qanun işləmir?

 
Paytaxtın mərkəzi ərazilərindən biri olan Xətai rayonu son illər qanunsuz tikililərlə bağlı ən çox müzakirə olunan rayonlardan birinə çevrilib. Sosial şəbəkələrdə yayılan görüntülər, vətəndaş şikayətləri və yerli mediada dərc olunan materiallar göstərir ki, rayon ərazisində sənədsiz, layihəsiz, bəzən də təhlükəsizlik normalarına zidd tikintilər artmaqdadır. Halbuki hüquqi baza tam aydındır.
Mediatv.az xəbər verir ki,Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli, 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları” açıq şəkildə müəyyən edir ki, ərazilərdə aparılan tikinti işlərinə nəzarət təmin edilməli, qanunsuz tikintilər dərhal dayandırılmalı və müvafiq hüquqi tədbirlər görülməlidir.
Bundan əlavə, 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanla təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə əsasən, rayon icra hakimiyyətləri öz ərazilərində torpaqdan istifadə, tikinti və abadlıq işlərinə nəzarət etməli, qanun pozuntularının qarşısını almalıdır.
Bu halda sual yaranır: Xətai rayonundakı bu qədər qanunsuz tikintilərə görə məsuliyyət daşıyan qurum haradadır?Əgər bir rayonda qanunsuz tikililər aylarla, bəzən illərlə davam edirsə, bu artıq nə “görməmək”, nə də “məlumatsızlıq” kimi izah oluna bilməz. Bu, açıq şəkildə göz yummaqdır, məqsədli susqunluqdur.
 Rafiq Quliyevin rəhbərlik etdiyi rayon ərazisindəki bu qədər tikinti pozuntusunun baş verməsini görəsən necə izah edir? 
Qanunsuz tikinti sadəcə estetik problem deyil. Bu, şəhərsalma planlarının pozulması, kommunikasiya xətlərinin təhlükəyə atılması, fövqəladə hallarda insanların həyatının risk altına düşməsi deməkdir. Dövlət şəhərsalma siyasətinin məqsədi plansız tikililərin qarşısını almaqdırsa, Xətai rayonunda müşahidə olunan vəziyyət bu siyasətin faktiki olaraq icra olunmadığını göstərir.Görünür Xətai rayonunda tikinti intizamı formal xarakter daşıyır, nə şəhərsalma nəzarətinin tələbləri, nə də Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən müəyyən edilən təhlükəsizlik normaları Rafiq Quliyev üçün keçərli deyil.
Dövlət başçısının imzaladığı normativ aktların icrası icra başçısının şəxsi seçim məsələsi deyil.
Burada artıq söhbət təkcə inzibati məsuliyyətdən getmir. Əgər qanunsuz tikintilər sistemli xarakter daşıyırsa və uzun müddət davam edirsə, bu, rayonun idarə edilməsində ciddi problemlərin mövcudluğundan xəbər verir.Əks halda yaranan təəssürat ondan ibarət olacaq ki, şəhərsalma nəzarəti yalnız kağız üzərində mövcuddur, real həyatda isə fərqli “qaydalar” işləyir.
Qanunun aliliyi prinsipi isə istisnasız hər kəs üçün keçərli olmalıdır – vəzifəsindən asılı olmayaraq.
 Qarşı tərəfin cavab haqqını tanıyırıq
  Mediatv.az