08 aprel 2025
39
“TikTok” bu il Azərbaycanda 3 milyondan çox video silib

Xüsusilə, 24/7 rejimində fəaliyyət göstərən moderatorlar “TikTok”un İcma Qaydalarını pozan videoları silir. Şəffaflıq və hesabatlılıq prinsiplərinə uyğun olaraq “TikTok” hər rüb silinmiş məzmunla bağlı məlumatları paylaşır.
2024-cü ilin nəticələrinə əsasən Azərbaycanda:
İcma Qaydalarının pozulması səbəbindən 3,1 milyondan çox video silinib (2023-cü ildə bu rəqəm 2 milyondan bir qədər çox idi);
Videoların 97%-i istifadəçilərin şikayət etməsindən əvvəl – proaktiv şəkildə silinib;
Videoların 94%-i paylaşılmasından sonra 24 saat ərzində silinib;
Videoların 90%-i isə heç bir istifadəçi onları izləmədən silinib;
770 min canlı yayım müxtəlif qayda pozuntularına görə bloklanıb.
“TikTok”da xüsusilə, yetkinlik yaşına çatmayan istifadəçilərlə bağlı məsələ nəzərə alınır. Platformadan yalnız 13 yaşdan yuxarı şəxslərin istifadə etməsinə icazə verilir. Moderatorlar 13 yaşına çatmamış istifadəçilərə məxsus hesabları müəyyən edərək silirlər. 2024-cü il ərzində Azərbaycanda bu səbəbdən 140 min istifadəçi hesabı silinib.
Yeniyetmələrin təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərin davamı olaraq, ötən ay “TikTok” platforması gənclər üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına yönələn yeni funksiyanı istifadəyə verib. Xüsusilə, “Ailə parametrləri” funksiyası çərçivəsində valideynlər artıq uşaqlarının “TikTok” dan istifadə edə biləcəyi vaxt aralığını məhdudlaşdıra bilirlər.

Oxşar Xəbərlər: