17 iyul 2024
65

YAP-ın siyahısındakı sürpriz adlar...

 Yeni Azərbaycan Partiyası İdarə Heyətinin bu gün keçirilən iclasında 1 sentyabrda baş tutacaq parlament seçkilərinə namizədlər təsdiqlənib. Artıq bəzi adlar açıqlanır – baxmayaraq ki, hələ tam siyahı və dairələr elan olunmayıb.
YAP təəccübləndirmədi!
YAP-ın deputatlığa irəli sürdüyü namizədlər siyahısında ciddi və köklü dəyişikliklər gözləyənlərin yanıldığını adları açıqlanan ilk namizədlərdən də təxmin edə bilərik. İlkin açıqlamalardan belə məlum olur ki, YAP İH deputatlarının əhəmiyyətli hissəsinin namizədliyini yenidən irəli sürür – bəzi şəxsləri isə, məsələn, Oğuzun ötən gün işdən alınan başçısı Eyvaz Qurbanov və ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, yenə ötən gün vəzifədən azad edilən Səyyad Aran deputat siyahısına əlavə edir.
Hər iki şəxs – həm Eyvaz Qurbanov, həm də Səyyad Aran vaxtilə deputat olmuşdular, indi yenidən vəzifədən azad edilərək, YAP-ın deputatlar siyahısına əlavə edildilər.
Başqa sözlə, YAP köklü dəyişikliyə getmədi və bu da gözlənilən idi. Birdən-birə, hazırkı situasiyada əhəmiyyətli dəyişiklik, təcrübəsizlərlə qarşıdakı proseslərdə yol getmək istəmədi. Çünki qarşıda ciddi proseslər var – COP29-dan tutmuş sülh sazişinin imzalanmasına qədər.
Keçmiş deputatları yenidən parlamentə qaytarmaq istəyi də təcrübə və peşəkarlara ehtiyacdan irəli gəlir.
Yalnız bəzi fəaliyyəti dayanmış – Vasif Talıbov, Oqtay Əsədov və ya İsa Həbibbəyli misalı kadrların əvəzinə gənclər irəli sürüləcək, amma yeni adlar ümumi siyahıda ciddi faiz göstəricisi olmayacaq.
YAP həm də təəccübləndirdi!
YAP yalnız 125 dairənin hamısından namizəd irəli sürməklə təəccübləndirdi. Adətən YAP dairələrin 25%-ni rəqibləri üçün buraxır, o dairələrdə mübarizə aparmır və parlamentin rəngarəng olmasına çalışırdı. Hazırda isə 125 dairənin hamısından namizəd irəli sürəcəyi haqda məlumat var.
YAP-ın bütün dairələrdə sonadək mübarizə aparacağı ehtimalı zəifdir, yenə də bəzi dairələrdə öz namizədlərinin müstəqil və müxalif namizədlərlə mübarizə aparmasına seyrçi qalacağı güman edilir - əks halda, Milli Məclisdə bütün deputatlar YAP-çılar ola bilər. Bəs, niyə bütün dairələrdən namizəd irəli sürdü?
Mümkündür ki, bu, YAP-ın bəzi şəxslərə şans tanıması, əksər dairələrdə ciddi rəqabət mühiti görmək istəyi ilə bağlıdır.
Ehtimal ki, bu seçkilər daha rəqabətli olacaq...