28 avqust 2023
229

Milyarder İlham Rəhimov Bakıda məhkəməyə verildi – TƏFƏRRÜAT

 
Rusiya prezidenti Vladimir Putinin dostu kimi tanınan azərbaycanlı iş adamı, milyarder İlham Rəhimov barəsində inzibati protokol tərtib olunub.

Yenimeydan.info  xəbər verir ki, iş adamı İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi) maddəsi ilə ittiham olunur.

İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib və hakim Solmaz Mustafayevanın icraatına verilib.

529.3-cü maddədə nəzərdə tutulan inzibati xətanı törədən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılır.
İlham Rəhimov barəsində başlanan inzibati işdən məlum olur ki, bundan əvvəl də o, İnzibati Xətalar Məcəlləsinin 353.2-ci (İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi) maddəsində nəzərdə tutulan inzibati xəta törədib.

Bu maddəyə əsasən, fiziki şəхslər 600 mаnаt məbləğində cərimə edilir.

Belə məlum olur ki, İlham Rəhimov cəriməni ödəməyib.