18 iyul 2023
167

Gömrük Komitəsinin qaz ixracı ilə bağlı hesabatında UYĞUNSUZLUQLAR - ARAŞDIRMA

Gömrük Komitəsinin qaz ixracı ilə bağlı hesabatında UYĞUNSUZLUQLAR
Dövlət Gömrük Komitəsinin yayımladığı xarici ticarətlə bağlı statistikada, cari ilin 6 ayı ərzində Azərbaycandan xarici ölkələrə 16 milyard 194 milyon 606.04 min ABŞ dolları dəyərində neft-qaz məhsulları ixrac olunduğu göstərilib.

Hesabatda həmçinin, ötənilki ixracın dəyərinin isə 17 milyard 021 milyon 595,89 min dollar olduğu və bir il ərzində neft-qaz ixracında 826 milyon 989,85 dollar və ya 4,86 faiz azalma baş verdiyi əks olunub.

“Builki ixracın əsas hissəsi təbii qazla bağlı olub ki, bunun da ümumi həcmi 10 milyard 956 milyon 188.04 min ton, maliyyə dəyəri isə 8 milyard 029 milyon 188.03 min dollar təşkil edib. Ötən il isə bu həcm 12 milyard 915 milyon 622,66 min ton, dəyər isə 9 milyard 361 milyon 250,13 min dollar olub. Hesablamalardan görünür ki, ixrac olunan təbii qazın həcmi 1 il ərzində 408 milyon 656,67 ton və ya 3,60 faiz azalma, maliyyə dəyərində isə 588 milyon 753,49 min dollar və ya 7,33 faiz artım müşahidə olunub” - deyə hesabatda qeyd olunur.

Energetika Nazirliyinin bu ilin ilk altı ayı üçün qaz ixracı ilə bağlı açıqladığı rəqəmlərdə isə fərqlilik nəzərə çarpır. Belə ki, nazirlik 12 milyard kubmetr qaz ixrac olunduğunu açıqlayıb.

Bəs, 1,1 milyard kubmetrlik fərqin meydana çıxması haradan qaynaqlanır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban qeyd edib ki, Dövlət Gömrük Komitəsinin açıqladığı son statistika göstərir ki, neftin ixrac həcmi və dəyəri getdikcə azalır:

“Bu da normal haldır. Çünki, ölkədə neftin hasilatında da azalma müşahidə olunur. Həm istehsal, həm də bazar qiyməti ötən illə müqayisədə azdırsa, deməli, gəlir də azalacaq”.

Təbii qazın ixracı ilə bağlı göstəricilərə gəlincə, ekspert, burada qaranlıq məqamların olduğunu diqqətə çatdırıb:

“DGK-nin son hesabatına görə, 2023-cü ilin I yarısında ölkəyə qaz ixracından daxilolmalar enerji sektorunda birinci yerə çıxıb. Yəni, 8 milyard dollardan bir qədər artıq gəlir əldə olunub ki bu da 10,9 milyard kubmetr qazın ixracından yaranıb.

Energetika Nazirliyinin saytında isə 6 ay ərzində ixrac olunan qazın həcminin 12 milyard kubmetr olduğu göstərilib. Hardasa, 1,1 milyard kubmetrə qədər qazın həcmi DGK hesabatında əks olunmayıb. 2022-ci ilin eyni dövründə isə DGK 3 milyard kubmetr qazı öz statistikasında bəyan etməmişdi. Bunlar da indikinin üstünə gəlsə, o zaman fərq daha çox olmalıdır”.

Onun sözlərinə görə, Avropanın statistika qurumları cari ilin I yarısında bu qitədə satılan qazın min kubmetr üçün orta qiymətin 425 dollar olduğu göstərilib:

“Bu da ötən illə müqayisədə 2,1 dəfə azdır. Energerika Nazirliyinin saytında isə Azərbaycanın Avropaya satdığı qaz həcmi ötən illə müqayisədə cəmi 3 milyon kubmetr artıb. Belə ki, ötən il 5.4 milyard kubmetr idi, bu il isə 5,7 milyard kubmetr təşkil edir. Qiyməti isə iki dəfə aşağı düşüb. Dövlət Gömrük Komitəsinin statistikasında isə, ölkəmizin qaz ixracından əldə etdyi gəliri 800 milyon dollar artırılıb. Belə bir rəqəmin alınması mümkündürmü? Təbii ki, mümkün deyil.

Bu rəqəmlərin necə alınması isə müəmmalıdır. Hazırda təbii qaz dünya bazarında öz dəyərini itirsə də, gömrük statistikasında Azərbaycan qazının ixrac dəyərinin ötən illə müqayisədə kəskin artığını göstərilib”.

Mövzu ilə bağlı Dövlət Gömrük Komitəsinə sorğu ünvanladıq. Qurumun mövqeyini dərc etməyə hazırıq.
Bizim.Media