09 mart 2023
221

GÜRCÜSTANIN QARIŞMASI BÖLGƏMİZƏ TƏHLÜKƏDİR – NATİQ CƏFƏRLİDƏN ÇAĞIRIŞ

Gurcustanda baş verənlər birmənalı deyil, hətta region üçün təhlükələr də var, çünki regionda qeyri-sabit Gürcüstan Rusiya üçün asan loxmaya dönə bilər.Yenimeydan.info -nun məlumatına görə, bu barədə fikir bildirən Real üzvü Natiq Cəfərli qeyd edib ki, etiraza səbəb olan “inoagent” haqqında qanun ABŞ-da qəbul edilmiş qanunla birə-bir eynidir. Amma bu o demək deyil ki, qanun normal qanundur:
“ABŞ-da çox güclü məhkəmə hakimiyyəti, Ştatların öz qanunları var, yəni, ABŞ-da işləyən qanun zəif institutları olan ölkədə normal işləməsi mümkün deyil. Kreml də “inoaqent” haqqında absurd qanunu qəbul edəndə ağıllı sifət alıb ABŞ-a istinad edirdi.
Tiflisdəki məlumatlı siyasi, ictimai çevrələrdə olan tanışlardan öyrəndiyim odur ki, indiki hökumət bu qanunu daha çox Rusiya təsirinə görə qəbul etdiyini iddia edir – Kreml “yumşaq gücdən” ən çox Tiflisdə iştifadə edir, orada böyük biznes layihələri, banklar, maliyyələşdirdiyi siyasi partiyalar, KİV-lər, QHT-lər var. Amma hökumət bunu izah edə bilmir, çünki inandırıcı hekayəsi zəifdir, İvanaşvilinin Rusiyadan asılılığı fikri cəmiyyətdə çox geniş yayılıb və xalqın bir qismi, əsas da gənclər indiki hökuməti sevmirlər, amma elə həmin gənclər, yeni nəsl Saakaşvilini də qəbul etmir”.
N.Cəfərli bildirib ki, Gürcüstanın bu günü və gələcəyi Azərbaycanla çox bağlıdır:
“Bir-birimizdən çox asılıyıq, bir-birimizi tamamlayırıq, Gürcüstan Azərbaycanın iqtisadi uzantısı, bizim Qərbə açılan qapımız, Azərbaycan isə Gürcüstanın enerji və maliyyə mənbəyidir. Qonşu ölkədə siyasi sabit (yəni, xalqın böyük əksəriyyətinin qəbul etdiyi), demokratik bir sistemin bərqərar olması, institutlaşması bizim üçün də çox vacibdir”.