23 fevral 2023
269
"Hamı nazirlikdən, yuxarıdan icazə gözləyəndə belə olur" - Sabir Rüstəmxanlı
"Mədəniyyət müəssisələri, yaradıcılıq təşkilatları müstəqil olmalı, sənət adamlarını ömru boyu bağlı olduqları müəssisələrdən yola salmalıdırlar”.
Yenimeydan.info bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Xalq artisti Ramiz Novruzun vida mərasiminin dövlət səviyyəsində keçirilməməsi ilə bağlı cəmiyyətdə yaranan narazılığın səbəblərindən danışarkən deyib. Deputat bildirib ki, dövlətin bütün sənət adamlarına diqqəti eyni olmalıdır:
"Hamı nazirlikdən, yuxarıdan icazə gözləyəndə belə olur. Ümumi bir sistem, qayda olmalıdır. Xalq artistlərinə bir gözlə baxılmalı və cənazələri iş yerlərindən, doğma səhnədən götürülməlidir".
Xatırladaq ki, Xalq artisti Əli Nur mərhumla vida mərasimində Mədəniyyət Nazirliyini ittiham edib. Amma dəfndən bir gün sonra aktyorun həmin çıxışına görə üzr videosu yayıldı.
"Şəhid atasına bu çıxışı etdirmək kimə lazım idi” sualına Sabir Rüstəmxanlının cavabı belə oldu: "Bu barədə bir söz deyə bilmərəm...”
Qeyd edək ki, Xalq artisti Əli Nur Xalq artisti Ramiz Novruzun evində keçirilən vida mərasimində mərhuma olan diqqətsizliyə görə Mədəniyyət Nazirliyini ittiham edib. Fevralın 22-də isə Əli Nur mətbuata açıqlamasında Mədəniyyət Nazirliyinin ünvanına işlətdiyi ifadələri təkzib edib və nazirliyin işlərini tərifləyib.
Xalq artisti Ramiz Novruz uzun sürən xəstəlikdən sonra fevralın 22-də dünyasını dəyişib. Aktyora vida mərasimi keçirilməməsi, cənazəsinin Akademik Milli Dram Teatrından götürülməməsi cəmiyyətdə böyük narazılığa səbəb olub. Bundan əlavə, mərhumla evində keçirilən vida mərasiminə Mədəniyyət Nazirliyindən heç bir nümayəndənin qatılmaması da söz-söhbətə səbəb olub.
Oxşar Xəbərlər: