08 fevral 2023
322

Təbrizlilər Bakıdakı “şairi” niyə və necə qovdular?

Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin əməkdaşı Sayman Aruzun İran xüsusi xidmət orqanlarının casusu olduğu haqda dərc etdiyimiz məqaləyə Güneydən olan soydaşlarımızın ciddi reaksiyası özünü çox gözlətmədi.
Axar.az xəbər verir ki, hər gün redaksiyamıza Güneydən olan milli fəalllar və mühacirlər dəstək məktubları göndərir və telefon açırlar (öz icazələri ilə onların səsi qeydə alınır – red.).
Açıqlamasını təqdim edəcəyimiz şəxs də tanınmış milli fəallardan biridir. Şərti olaraq T.A. adlandırdığımız milli fəalın ad-soyadını açıq yazmırıq. Çünki ötən yazımızda qeyd etdiyimiz kimi, Sayman Aruz onu ifşa edə bilən şəxslərə və yaxud onların ailə üzvlərinə İranda ETTELAAT vasitəsilə ciddi təzyiqlər etdirir və buna görə də onlar bu casusa qarşı açıq çıxış etməkdən çəkinirlər.
Qeyd etmişdik ki, S.Aruz Azərbaycan Respublikasına gəlmə tarixini tərcümeyi-halında qeyd etməyib və Bakıya gələrkən İran səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzində iki il çalışıb. T.A.-nın sözlərindən isə aydın olur ki, bu şəxs 2009-cu ildə Güneydə milli fəalların sırasına soxulmağa çalışıb.
“2009-cu ildə keçirilən prezident seçkilərinə Əkbər Ələmi də namizədliyini irəli sürdü. Ələminin bu seçkilərdə qalib gələcəyinə ümidimiz az idi. Lakin buna baxmayaraq, Güney Azərbaycandan olan fəallar Təbrizdən olan bir namizədə dəstək vermək üçün onun kampaniyasına qoşuldular. Onun seçkilərlə bağlı təbliğat işlərinə yardım edirdik. Planımız isə bu idi ki, bu seçkiləri boykot edib, rəsmi şəkildə nəticələrini qəbul etməyəcəyik. Biz “aktiv boykot”a gedirdik. Bu o deməkdi ki, seçkidə iştirak edəcəyik, amma öz maraqlarımızı təbliğ edəcəyik”, - o bildirib.
T.A-nın sözlərinə görə, Ələmini İran islahatçıları ələ almağa və öz yanlarına çəkməyə çalışırdı:
“Buna görə də öz adamlarını müxtəlif yollarla bizim qərargaha yönləndirirdilər.
Urmuda yaradılan qərargahda toplaşmışdıq. Ələminin növbəti çıxışı olmalı idi. Ələmi namizəd kimi məscidlərin birində camaatın qarşısında çıxışa hazırlaşırdı. Birdən gördük ki, tanımadığımız bir şəxs tribunaya qalxdı. İcazə-filan almadan, başladı islahatçı təbliğatı aparmağa. Bu duruma hamımız mat qaldıq. Bu şəxsin hansı yolla gəlib tribunada belə söhbətlər etməsi aydın deyildi. Əvvəl elə düşündük ki, Ələminin təşəbbüsüdür. Lakin sonra məlum oldu ki, onun da bu adamın kim olmasından xəbəri yoxdur. Bu şəxs indi sizin Sayman Aruz kimi tanıdığınız şəxs idi. Bununla da onun kim olduğunu anladıq və onu dərhal qovduq. Özünü Sayman Aruz adlandıran bu şəxslə bağlı Bakıda mərhum Əlirza Amanbəyli ilə də söhbətimiz olub. Mənim dostum idi, Sayman Aruzun isə bacanağı idi. Əlirza ona əvvəl inandığını deyirdi. Lakin sonra fikrini dəyişdi. Bildirdi ki, çox şübhəli adamdır, dolandırıcıdır”.
O qeyd edib ki, Sayman Aruzun Bakıda ədəbi cameədə tanındığını görəndə təəccübləniblər:
“Onun şeir oğrusu olduğu, fars müəlliflərin şeirlərini tərcümə edib öz adına çıxdığı da məlumdur. Ancaq Quzeydə irəli getdiyini görüb, məsələni açıb-ağartmadıq, istəmədik quzeylilərin könlü qırılsın. Düşündük ki, bir halda ki, quzeylilər dəstəkləyir, daha üstünə getməyək. Amma onun dələduzluq etdiyi, güneylilərə pul atdığı, şeirlər oğurlaması davam edir. Həm də biləsiniz ki, o, xatəmiçi və islahatçıdır, İran xüsusi xidmət orqanlarına bağlıdır, onun milli düşərgəyə qəti aidiyyəti yoxdur”.
Müsahibimiz Sayman Aruzun şəriki, birgə çalışdığı və əməliyyatları bərabər həyata keçirdiyi Kərim Həsənzadə (hazırda Türkiyədə yaşayır – red.) haqda da sensasiya sayıla biləcək məlumatlar, faktlar və səs yazıları təqdim edib.
Xatırladaq ki, S.Aruz Axar.az saytının Güney versiyasının şərlənməsi ilə bağlı İran xüsusi xidmət orqanının sifarişini yerinə yetirərkən də Kərim Həsənzadədən istifadə etmişdi. O cümlədən məlum yazıdan sonra Kərim Həsənzadə ardıcıl çıxışlar edərək, Sayman Aruzu dəstəkləmiş və redaksiyamıza hücum etmişdi.
Sayman Aruzun casus və əməliyyat ortağı haqda faktları növbəti günlərdə təqdim edəcəyik.
P.S. Güneyli fəalın ad-soyadı, redaksiyamıza təqdim etdiyi faktları və səs yazısını zərurət yarandığı təqdirdə Azərbaycan hüquq-mühafizə orqanlarına təqdim edə bilərik.