14 noyabr 2024
5
LAVROV TRAMPIN PLANINA “YOX” DEDİ - “Bu, Minsk razılaşmasından da pis olacaq”
Donald Trampın ABŞ Prezidenti seçiləndən sonra hələ rəsmən öz vəzifəsinə başlamazdan əvvəl, özü də 24 saat ərzində(!) Ukraynadakı müharibəni dayandıracağına dair dəfələrlə təkrar etdiyi vədləri hələlik havadan asılı vəziyyətdə qalmaqdadır. Əksinə, bir çox şərhçilər Trampın nəinki rəsmən ABŞ-nin başına keçməsindən, yəni, gələn il yanvarın 20-dən əvvəl, hətta ondan sonra da vədini yerinə yetirə biləcəyinə ciddi şübhə ilə yanaşırlar...
Yenimeydan.info ; Vladimir Putin Trampın seçilməsindən sonra keçirilən “Valday” konfransında ABŞ-nin yeni prezidenti və onun komandası barədə hər nə qədər “ilıq”ifadələr səsləndirsə də, Rusiyanın Ukraynada davam edən işğalının daha da şiddətlənməsi və Rusiya XİN-in bəyanatları heç də Kremlin Trampın hətta Ukraynanın ərazi bütövlüyünü və suverenliyini sual altına alan təklif və panları ilə də asanlıqla razılaşmayacağından xəbər verir.
Rusiyanın TASS agentliyinin yayımladığı XİN başçısı Sergey Lavrovun açıqlamaları Kremlin Trampın Qərb mətbuatında dərc edilən Ukrayna müharibəsinin dayandırılmasına dair planının şərtlərilə qətiyyən razı olmadığını göstərir.
Qeyd edək ki, bundan əvvəl bir çox Amerika KİV-ləri Donald Trampın müşavirlərinin ona Ukraynada müharibəni dondurmağı, ələ keçirdiyi əraziləri Rusiyaya buraxmağı və Kiyevi NATO-ya üzv olmaq cəhdlərindən müvəqqəti imtina etməyə məcbur etməyi tövsiyə etdiklərini yazıb. Həmçinin, “Trampın planı”nda hazırkı cəbhə xətti boyu silahsızlaşdırılmış zonanın yaradılması nəzərdə tutulur.
Lavrov isə açıqlamasında Kremllə Tramp adminstrasiyasının “dil tapması” perspektivinə şübhə ilə yanaşıb və qeyd edib ki, ABŞ-də hakimiyyət dəyişikliyi baş versə də, Vaşinqtonun “Ukrayna məsələlərinə” yanaşması eyni qalacaq, çünki onlar “NATO məkanında və NATO məkanı ətrafında baş verən hər şeyi öz nəzarətində saxlamağa çalışacaqlar”.
Rusiya XİN başçısı ümumiyyətlə, müharibənin hazırkı təmas xəttində dayandırılmasının əleyhinə olduqlarını qeyd edib.
Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin hazırkı mövqelərdə dondurulması “Minsk razılaşmalarından daha pis variantdır”: “İndi bəziləri Ukraynanın konkret vəziyyətinə (Rusiyanın Ukrayna ərazilərini işğal etməsini nəzərdə tutur – red.) daha ayıq baxmağa başlayıblar və deyirlər: “Yaxşı, itiriləni qaytarmaq olmaz, gəlin birtəhər donduraq”. Hətta indi öz mövqelərini kökündən dəyişdirən və özlərini müharibəni dayandırmaq istəyənlər kimi təqdim etməyə çalışanlar(Tramp administrasiyasını nəzərdə tutur-red.) tərəfindən də təklif edilənlər eynidir - onlar hələ də deyirlər ki, “gəlin on il ərzində təmas xəttində atəşkəs saxlayaq, sonrasına baxarıq." Bunlar yeni görkəmdə təqdim edilən eyni “Minsk razılaşmaları”dır. Hətta daha pisidir”.
Bununla da Lavrov Kremlin bir zamanlar Ukraynadan yerinə yetirilməsini hər vəchlə tələb etdiyi Minsk razılaşmalarından imtina etdiyini təsdiqləməklə yanaşı, mümkün olan qədər daha çox Ukrayna əraziləri zəbt etməkdə maraqlı olduğunu açıq etiraf edib. Ən əsası isə Lavrovun dedikləri işğal olunmuş ərazilərin Ukrayna və Qərb tərəfindən rəsmən Rusiya ərazisi kimi tanınması tələbinə yönəlib. O xüsusi qeyd edib ki, “Minsk razılaşmaları” o vaxtkı Ukrayna hakimiyyətinin Donbasa xüsusi status vermək istəməməsi səbəbindən “dağılıb”. Yəni, Rusiya üçün işğal etdiyi ərazilərin statusu olduqca önəmlidir və həmin ərazilərin öz torpaqları kimi tanınması birinci dərəcəli əhəmiyyətə malikdir.
Bundan əvvəl Putin də müharibənin dayandırılmasına dair danışıqların başlanmasının əsas şərtlərindən biri kimi Krım da daxil olmaqla, işğal olunmuş bütün Ukrayna ərazilərinin rəsmən Rusiyaya aid olmasının tanınması tələbini irəli sürmüşdü. O hətta Ukrayna qoşunlarının Xerson Zaporojye, Donetsk və Luqansk vilayətlərinin bütün ərazilərini tərk etməsini tələb etmişdi. Lavrovun “münaqişənin hazırkı təmas xəttində dondurulması “Minsk razılaşmaları”ndan da pisdir” bəyanatı da Putinin dediklərinin davamı və təsdiqidir. Bu o deməkdir ki, Kreml özünün işğalçılıq planlarından və Ukraynanı bütünlüklə özünə tabe etdirmək niyyətindən vaz keçmək fikrində deyil.
Beləliklə, Ukrayna müharibəsinin Trampın gəlişindən sonra tezliklə başa çatdırılacağı barədə optimist ümidlər getdikcə zəifləməyə və yerini soyuq məntiqə verməyə başlayır. Yalnız güc dilini anlayan Rusiya öz qarşısında güc və iradə görməyincə, öz niyyətlərindən, işğalçı ambisiyalarından əl çəkməyəcək. Başı Ağ Evi “təhvil almağa”, öz administrasiyasını formalaşdırmağa, yeni təyinatlar etməyə qarışan Trampınsa Ukrayna mövzusu ilə yalnız yanvarın 20-dən sonra ciddi şəkikldə məşğul olmağa başlayacağı ehtimalı daha çoxdur. Ancaq həmin vaxtda da yalnız danışıqlarla hansısa uğurlu nəticələrin əldə ediləcəyini birmənalı şəkildə proqnozlaşdırmaq olduqca çətindir...(azpolitika)
C.Məmmədov
Oxşar Xəbərlər:
"Bank of Baku"da inanılmaz kredit qalmaqalı -İSTİNTAQ NƏ DEYƏCƏK?
Türkiyə Qərbin və Rusiyanın Ukrayna planını pozur:Kreml-Ankara münasibətləri kəskinləşir
Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO
Putinin Bakı səfərinin MÜHÜM DETALLARI... - TƏFSİLAT
Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat