05 noyabr 2024
34
Türkiyə Qərbin və Rusiyanın Ukrayna planını pozur:Kreml-Ankara münasibətləri kəskinləşir
Rəsmi Ankara ABŞ və Qərbdən həm daha qətiyyətli, həm də ədalətli olduğunu sübuta yetirdi, NATO ölkələri öz maraqları üçün Ukraynanı qurban verməyə və Rusiyaya güzəştlərə hazır olduğunu biruzə verir... Ancaq Kreml ilə daha yaxın münasibətləri olan rəsmi Ankara Rusiya ilə ziddiyyətlərin Türkiyənin maraqlarına uyğun olmadığı halda, Ukraynanın ərazi bütövlüyünü prinsipial şəkildə dəstəkləməkdən qətiyyən çəkinmir...
Ukrayna savaşı beynəlxalq məkanda əsas ziddiyyət qaynağı olaraq, qalmaqda davam edir. Belə ki, bu savaşa münasibətdə beynəlxalq siyasi dairələr arasında kəskin mübahisələr davam edir. Hazırda daha çox Ukrayna savaşının dayandırılması ilə bağlı məsələ müzakirə olunur. Eyni zamanda, bu savaşda tərəf seçmək üçün gündəmdə saxlanılan əsas prinsiplər də narazılıq yaradır. Və bir çox hallarda beynəlxalq hüquq normaları ilə də kəskin ziddiyyətlərə yol açır.Onu da qeyd etmək lazımdır ki, Qlobal Şimal dövlətlər qrupu arasında Ukrayna savaşında Rusiyanın aqressor kimi qəbul edilməsi, Kremlin dünyadan təcrid olunması və beynəlxalq sanksiyalara məruz qoyulması əsas siyasi-ideoloji xətt olaraq, ön planda tutulur. Bu baxımdan, kollektiv Qərb daxilində bu siyasi ideoloji xətdən kənara çıxmalara dərhal kəskin reaksiya ilə qarşılanır. Halbuki, kollektiv Qərbin daxilində Ukrayna savaşının gələcək inkişaf istiqamətlərinə yönəlik mövqelərdə kifayət qədər ciddi ziddiyyətlər mövcuddur. Və bu, Rusiya əleyhinə beynəlxalq koalisiyanın effektiv fəaliyyət potensialını zəiflədir.
Məsələ ondadır ki, Ukrayna savaşının uzadılmasına üstünlük verənlər son vaxtlar ciddi müqavimət düşərgəsi ilə üzləşməyə başlayıblar. Bunun əsas səbəblərindən biri ondan ibarətdir ki, Ukrayna ordusunu silah-sursat və hərbi texnika ilə təchiz edən Qərb ölkələri savaşın maliyyə yükünü çəkməkdən yorulduqlarını daha qabarıq şəkildə biruzə verirlər. Və birmənalı şəkildə Ukrayna savaşından xilas olmağın yollarını axtardıqlarını ön plana çıxartmağa çalışırlar.
Təbii ki, bütün bunlar Ukrayna dövlətçiliyinin gələcək taleyini kifayət qədər ciddi təhlükə altına salır. Bəzi ehtimallara görə, rəsmi Kiyev yaxın gələcəkdə Rusiya ilə savaşda dəstəksiz və təkbaşına buraxıla bilər. Hər halda, Zelenski hakimiyyəti Ukrayna savaşına Qərb ölkələrinin yanaşma tərzinin tədricən dəyişməsindən narahat olduğunu qətiyyən gizlətmir. Prezident Volodimir Zelenski hətta Ukraynanın təklənməsinin qarşısını almaq üçün Rusiya ilə sülhün əldə edilməsinə yönəlik xüsusi planda hazırlayıb. Və bu plana Qərb siyasi dairələrinin münasibəti isə qətiyyən birmənalı xarakter daşımır.
Çünki Ukrayna savaşının dayandırılmasına yönəlik Zelenski planı sülhdən daha çox müharibənin daha da qloballaşmasını nəzərdə tutur. Belə ki, həmin plana görə, Kremli sülhə çağırmaq deyil, məcbur etmək lazımdır. Yəni, Rusiyanın dərinliklərinə sarsıdıcı zərbələr endirilməlidir. Buna nail olmaq üçün isə kollektiv Qərb Ukrayna ordusuna ən müasir silahların verilməsini sürətləndirməlidir.
Eyni zamanda, bu planda NATO ölkələrinin Rusiya ilə birbaşa hərbi toqquşmalardan çəkinməməsi barədə çağırışlar da yer alır. Ümumiyyətlə, Zelenski planı Rusiyanın savaş meydanında məğlub edilərək, kapitulyasiya keyfiyyətində sülh sazişi imzalamağa məcbur buraxılmasına yönəlik addımların atılması nəzərdə tutulur. Və məhz bu səbəbdən də, bəzi Qərb ölkələri Zelenski planını müzakirə belə, etmək istəmirlər.
Ancaq Qərb siyasi dairələri Rusiya ilə sülhə nail olmaq üçün Zelenski planı ilə kəskin ziddiyyət təşkil edən alternativ ssenarini artıq beynəlxalq gündəmin predmetinə çevirməyə başlayıblar. Həmin ssenariyə görə, Kremli sülh sazişini imzalamağa razı salmaq üçün Rusiyaya bəzi güzəştlərin edilməsi qaçılmazdır. Belə ki, Rusiyanın işğal etdiyi ərazilərin Kremlin nəzarətində saxlanması təklif olunur. Yəni, Ukrayna üçün yeni və qeyri-rəsmi sərhədlərin hazırda qoşunların təmas xəttindən keçirilməsi istənilir. Və təbii ki, rəsmi Kiyev haqlı olaraq, Qərbdə müzakirə mövzusu olan bu ssenariyə öz imkanları çərçivəsində müqavimət göstərməyə çalışır.
Maraqlıdır ki, hazırda Ukraynanın mənafelərinə cavab verən mövqeni tutan yeganə dövlət Türkiyə hesab olunur. Belə ki, Türkiyə NATO-nun üzvü olan ölkələr arasında da yeganə ölkədir ki, həm Rusiya, həm də Ukrayna ilə normal ikitərəfli münasibətlərini qorumağa nail olub. Halbuki, rəsmi Ankara Ukraynanın ərazi bütövlüyünü tanıdığını, Kreml və Donbasın rəsmi Kiyevə aid oıduğunu dəfələrlə bəyan edib. Rusiya ilə tərəfdaşlıq münasibətləri çərçivəsində sıx əməkdaşlıq edən rəsmi Ankara bu mövqeyinin Kremldə narazılıq doğra biləcəyindən də qətiyyən çəkinmir. Və bu, Türkiyənin Qərbdən fərqli olaraq, öz mövqeyində daha prinsipial olduğunu da göstərir.
Digər tərəfdən, rəsmi Ankara Ukrayna və Rusiya arasında başladıla biləcək sülh danışıqları prosesinə yönəlik mövqeyini də artıq qətiləşdirib. Belə ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan iki ölkə arasında sülh sazişinin yalnız Ukraynanın beynəlxalq hüquqla tanınmış sərhədlərinin bərpa edilməsi halında imzalana biləcəyini vurğulayıb. Türkiyənin xarici işlər naziri bildirib ki, Ukraynın ərazi bütövlüyü mütləq bərpa edilməlidir. Və bu, beynəlxalq hüquq normalarının qorunması baxımından, başqa alternativi olmayan variantdır.
Təbii ki, rəsmi Ankaranın bu mövqeyi birmənalı şəkildə Ukraynanın maraqlarına tamamilə cavab verir. Eyni zamanda, Ukraynanın ərazi bütövlüyünə elə də böyük əhəmiyyət verməyən ABŞ və Qərb üçün də Türkiyənin bu yanaşma tərzi olduqca vacib hesab olunur. Çünki rəsmi Ankaranın bu mövqeyi Türkiyənin Rusiya ilə strateji müttəfiq olmaq niyyətindən çox-çox uzaq olduğunu təsdiqləyir. Və NATO da bütün bunlardan tamamilə məmnun görünür.
Ancaq Kremldə rəsmi Ankaranın Ukraynanın ərazi bütövlüyünü bu qədər açıq və israrla dəstəkləməsi kəskin reaksiyalar doğurmağa başlayıb. Belə ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov rəsmi Ankara situasiyanın daha praqmatik dəyərləndirilməsinin vacibliyi barədə mesajlar göndərib. Halbuki, həmin mesajların Türkiyə siyasi dairələrində hansısa səviyyədə mövqe dəyişikliyinə yol aça biləcəyinə inanmaq olduqca çətindir. Və bu baxımdan, son vaxtlar Türkiyə-Rusiya münasibətlərində müəyyən soyuqlaşmanın müşahidə edilməsi qətiyyən təəccüblü deyil.
Belə anlaşılır ki, rəsmi Ankara ABŞ və Qərbdən daha qətiyyətli, həm də ədalətlidir. Qərb siyasi dairələri öz maraqları üçün Ukraynanı qurban verməyə və Rusiyaya güzəştlərə hazır olduğunu biruzə verir. Ancaq Kreml ilə daha yaxın münasibətləri olan rəsmi Ankara Rusiya ilə ziddiyyətlərin Türkiyənin maraqlarına uyğun olmadığı halda, Ukraynanın ərazi bütövlüyünü belə prinsipial şəkildə dəstəkləməkdən qətiyyən çəkinmir. İndi ABŞ və Qərb də Ukraynanı qurban verib, Rusiyaya güzəştə getmək niyyətinə yenidən baxmaq məcburiyyətində qalmış kimi görünür. Və bu, Türkiyənin timsalında beynəlxalq məkanda etibarlılıq prinsipinin açıq təzahürüdür.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert