24 iyul 2023
341
Ərdoğan Qərbə baxır. Putin neyləyəcək - GƏLİŞMƏ
O, son iyirmi ilin ən çətin seçkiləri ərəfəsində mühafizəkar və millətçi seçicilərin dəstəyini almaq, habelə son illər apardığı uğursuz iqtisadi siyasətdən diqqət yayındırmaq üçün Qərb müttəfiqlərini və prinsiplərini tənqid etməkdən çəkinmirdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan LGBT vətəndaşların hüquqlarına qarşı kampaniya aparır, İsveçin NATO üzvlüyünün qarşısını alır, Vaşinqtonu mayda keçirilən seçkilərə müdaxilədə günahlandırırdı.
Seçkilərdə qalib gələrək növbəti beş il üçün hakimiyyətini qarantiya altına aldıqdan sonra isə Ərdoğan Qərb ölkələri ilə münasibətləri düzəltməyə çalışır. Bunun Rusiya Prezidenti Vladimir Putin üçün, Ankaranın Moskva ilə iqtisadi əlaqələri, habelə Türkiyənin Kiyev və Ukraynadakı müharibəyə yanaşması baxımından nə demək olduğu haqda suallar yaradır. AzadlıqRadiosunun əməkdaşı Tod Prins (Todd Prince) bu haqda yazır.
Türkiyə lideri iyulun 11-12-də Litvada keçirilən NATO sammiti ərəfəsində İsveçin transatlantik hərbi alyansına üzvlüyünə yaşıl işıq yandırdı. Bundan əlavə, təəccüblü olsa da, o, Türkiyənin Avropa Birliyinə qoşulması prosesinin canlandırılması ilə bağlı çağırış etdi.
Bir neçə gün öncə, Ukrayna Prezidenti Volodimir Zelenskinin Ankaraya səfəri zamanı Erdoğan Ukraynanın NATO üzvlüyünə layiq olduğunu demişdi. Xatırladaq ki, Rusiya bunu özünün “qırmızı xətt”i adlandırıb. Türkiyə eyni zamanda beş Azovstal komandirini Putinə söz verdiyi vaxtdan tez Kiyevə qaytarmaqla Kremlin etirazına səbəb olub. Ötən ilin mayında təslim olan və Rusiyanın əsir götürdüyü Azovstal döyüşçüləri sentyabrda Türkiyənin vasitəçiliyi ilə dəyişdirilərək Türkiyəyə gətirilmişdi. “Al-Jazeera” yazır ki, əldə olunan razılaşmaya görə, onlar müharibənin sonunadək Türkiyədə qalmalı idi.
Qərbə tam meyllənmə, yoxsa...
Ərdoğan bu addımlarla ciddi dividentlər əldə etdi: ABŞ Prezidenti Co Baydenlə ikitərəfli görüş, F-16 döyüş təyyarələri vədi, İsveçdən Türkiyə-AB gömrük ittifaqına dəstək və terrorizmə qarşı mübarizədə əməkdaşlıq vədi.
Ancaq ekspertlər deyirlər ki, bütün bunlar Ərdoğanın tamamilə Qərbə yönəlməsi, yaxud Putinlə münasibətlərinə təhlükə yaratmağa razılaşması demək deyil. Putinlə Ərdoğan Qərbin bütün dünyaya dominantlıq etmək istədiyi haqda iddianı paylaşırlar. Seçki kampaniyası ərzində Qərb liderləri sakitcə Ərdoğanın uduzmasını gözlədiyi halda Putin ona maliyyə dəstəyi verib.
Ərdoğanın Qərbə meyllənməsi əsasən maliyyə səbəblərindən qaynaqlanır. Türkiyə iqtisadiyyatının dirçəldilməsi üçün daha çox xarici sərmayəyə ehtiyac var. Ancaq ekspertlər deyirlər ki, vaqnerçilərin iyunda qısamüddətli üsyanından sonra Putinin güclü lider kimi imicinə xələl gəlməsi də bu məsələdə rol oynaya bilər.
Ekspertlər hesab edirlər ki, əsasən iki avtoritar liderin şəxsi münasibətləri üzərində qurulan Türkiyə-Rusiya əlaqələrində zəifləmiş Putin o qədər də etibarlı tərəfdaş kimi görünmür.
Ərdoğanın “şərtləri”
Vaşinqtonda fəaliyyət göstərən Brukinsqs İnstitutunun araşdırmaçısı Aslı Aydıntaşbaş AzadlıqRadiosuna deyib ki, seçkilərin bitməsindən sonra Ərdoğan "Qərblə əlaqələrini isitməyə çalışır”, ancaq bunun “özünün şərtləri” altında baş verməsini istəyir.
O qeyd edib ki, Ərdoğan hələlik, özünün yaratdığı, Qərblə münasibətlərin pisləşməsinə səbəb olan problemləri həll etmək niyyətini göstərməyib. O həmin problemlərdən biri kimi Türkiyədə təsisatların dağıdılmasını göstərib.
Türkiyənin AB-yə qoşulmaq və birliklə gömrük ittifaqını inkişaf etdirmək məsələsində niyyəti ciddidirsə, bu məsələlərin həlli vacibdir. Ancaq Ərdoğanın NATO sammiti öncəsi verdiyi bəyanatlar fonunda bunlar diqqətdən kənarda qalıb.
Türkiyə üzrə ekspert Nikolas Dənfors (Nicolas Danforth) “Twitter”də yazıb ki, Ərdoğanın addımlarını “böyük dəyişiklik” kimi qəbul etmək “məsələn, insan haqları və qanunun aliliyi kimi məsələlərdə tutarlı addımlar atmadan məhz onun əldə etməyə çalışdığı iqtisadi və siyası mənfəəti” ona vermək deməkdir.
2016-cı ildəki dövlət çevrilişi cəhdindən sonra Ərdoğan baş verənlərə görə ABŞ-da yaşayan din xadimi Fətulla Güləni və dolayı yolla Vaşinqtonu ittiham edərək ABŞ hökumətindən onun ekstradisiyasını tələb etdi. Bunun ardınca o, Rusiyadan S-400 hava hücumundan müdafiə sistemini alaraq NATO-nu qəzəbləndirdi.
Rusiya ilə 2,5 milyard dollarlıq bu sövdələşmədən sonra 2019-cu ildə ABŞ Türkiyəni F-35 döyüş təyyarələri proqramından çıxardı və Ankaraya özünün ən qabaqcıl döyüş təyyarələrini satmaqdan imtina etdi.
2021-ci ildə Co Bayden (Joe Bien) hakimiyyətə gələndə iki ölkə arasında münasibətlər gərgin olaraq qalırdı. Seçki kampaniyası zamanı Ərdoğanı “avtokrat” adlandıran Bayden ABŞ-ın Türkiyə müxalifətini Ərdoğanı seçkilərdə məğlub edə bilməsi üçün dəstəkləməli olduğunu dedi.
Bayden yalnız 2021-ci ilin aprelində, vəzifələrinin icrasına başlamasından 3 ay keçmiş Ərdoğana zəng vurub. O, Türkiyə liderinə I Dünya müharibəsi zamanı Osmanlı imperiyası dövründə baş vermiş ermənilərin kütləvi qırğınını soyqırımı kimi tanıyacağını deyib.
O zaman ekspertlər Baydenin Ərdoğanla münasibətləri prioritet saymaq niyyətində olmadığını demişdilər.
Ancaq Rusiyanın Ukrayna üzərinə tammiqyaslı hücuma keçməsi Ərdoğana NATO və Vaşinqtonu özünə minnətçi salmaq, eyni zamanda onları daha da qıcıqlandırmaq üçün fürsət verdi.
İncə balans
O, Putinlə müntəzəm əlaqə saxlayan, eyni zamanda Zelenski ilə yaxşı münasibətlərdə olan yeganə NATO lideridir. Bu isə onu Rusiya və Ukrayna arasında potensial vasitəçiyə çevirir.
Ərdoğan hücumun başlanmasından bəri eyni zamanda həm Kremli qınamaq, həm də Ukraynaya yardım etmək, həm də Rusiya ilə ticarəti artırmaqla incə balansı qoruyub saxlaya bilib.
Türkiyə Ukraynanı qırıcı silahlarla təchiz etməyə hələ NATO-nun digər üzvlərindən əvvəl başlayıb. Müharibənin ilkin mərhələlərində “Bayraktar” dronları Ukraynanın müdafiəsində mühüm rol oynayıb. Qismən Ərdoğanın kürəkəninin nəzarətində olan “Baykar” şirkəti Ukraynada açılışı 2025-ci ilə planlaşdırılan zavod tikməkdədir.
Ötən il Ərdoğan Moskva və Kiyev arasında taxıl sazişinin bağlanmasına və beləliklə dünyada qida böhranının zəiflədilməsinə yardım edib. Ukrayna taxılının mühüm idxalçısı olan Türkiyənin özü də bu sazişdən böyük mənfəət götürüb.
Moskvanın Ukraynaya hücumunun ardınca Ankara Rusiya hərbi gəmilərinin Türkiyə boğazlarından keçməsini qanuni şəkildə blokladı. Bu isə Rusiyaya hərbi baxımdan mane oldu.
Putinin ən çox görüşdüyü lider
Putinin keçmiş sovet regionu xaricində ən çox görüşdüyü lider Ərdoğandır. Onlar Ukrayna, Azərbaycan, Suriya və Liviyada toqquşan maraqlarını yoluna qoymaq üçün yaxşı işgüzar münasibətlər qura biliblər.
Ekspertlər hesab edirlər ki, yaxın zamanlarda Ankarada baş tutacağı gözlənilən görüşdə Ukraynadakı müharibə, taxıl sazişinin yenilənməsi və iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə ediləcək.
Ərdoğanın zəif nöqtəsi Türkiyənin Rusiya enerjisindən güclü asılılığı və iqtisadiyyatının zəifliyidir. Sonuncu məsələ Ərdoğanın özünün siyasətinin nəticəsi hesab edilir.
Bu səbəbdən Ərdoğan Qərbin Rusiyanı Ukraynaya qarşı hücuma görə cəzalandırmaq üçün tətbiq etdiyi sanksiyalara qoşulmaqdan imtina edib.
Təhlilçilər Ərdoğanın bunu daxildəki iqtisadi çətinlikləri daha da dərinləşdirməmək üçün etdiyini deyirlər. Hazırda Türkiyədə inflyasiya 40%-ə çatıb, lirənin dəyəri isə dollara nisbətdə rekord dərəcədə düşüb.
Türkiyənin qazancı
Ötən il Rusiya Çini geridə qoyaraq Türkiyəyə dəyər baxımından ən çox mal ixrac edən ölkə olub. Ankara fürsətdən yararlanaraq Rusiyadan sanksiyalar səbəbindən ucuzlaşmış neft, qaz və kömür alıb.
Sanksiyalara görə daha Avropaya gedə bilməyən rusiyalı turistlər və iş adamları Türkiyəyə axışaraq ölkəyə çoxlu valyuta gətirirlər.
Ekspertlər deyirlər ki, Ərdoğanın Qərb və Yaxın Şərqdəki qonşuları ilə münasibətləri yaxşılaşdırmağa meyllənməsi onun iqtisadi problemləri həll etmək üçün Putin və Rusiyadan başqa seçimlərinin də olmasına işarədir.
Ərdoğan Putinin Ankaraya səfəri ərəfəsində zəngin Yaxın Şərq ölkələrinə səfər edərək ölkəsinə iri həcmdə investisiya cəlb etməyə çalışıb.
ABŞ-ın Corc Meyson Universitetinin siyasi elmlər professoru Mark Kats (Mark Katz) hesab edir ki, Türkiyə hələ də ucuz Rusiya enerji daşıyıcılarından asılı olsa da, Putin və Rusiya elitasının Türkiyədən asılılığı daha çoxdur.
Azadlıq Radiosu