27 avqust 2024
77

Piramida biznesi yenidən “ÇİÇƏKLƏNİR” – Tora düşməmək üçün…

         Ekspertlər vətəndaşların bu tətbiq və platformaya investisiya qoymasını və qohum-əqrəbasını aparmasını məsləhət görmür
Dünyada insanların dələduzluqla üzləşdiyi sahələrdən biri də “piramida biznes”dir. Belə şəbəkələr zaman-zaman Azərbaycanda da olub və indi də olmaqdadır. Müəyyən dövrlərdə minlərlə insana bu şəbəkələr vasitəsilə kələk gəlinib. Bir müddət onlara qarşı ciddi mübarizə aparıldı. Məşhur “muncuq düzmək”, “özünlə adam gətirmək” formatlarında indi müəyyən dəyişiklik edilməklə bu cür işbazlar yenidən aktivləşiblər. İndi onlar daha çox müasir trendlərlə “işləyirlər”…
Buna dair bugünlərdə kiber ekspert Fərid Pərdəşünas da xəbərdarlıq edib, açıqlama yaymışdı. O bildirmişdi ki, çox sürətlə yayılan yeni maliyyə piramida sistemi Azərbaycanda onun tərəfindən aşkar edilib:
– “TOST” platforması tamamilə piramida sisteminə əsaslanan investisiya modelidir. Vətəndaşların bu tətbiq və platformaya investisiya etməsini və qohum-əqrəbasını aparmasını məsləhət görmürəm.
Zəncirin ilk halqaları qazandırıcı görünsə də bir müddət sonra yatırdığınız pulların üstündən tost deyib, su içməli olacaqsınız. Məlumatı paylaşaraq, daha çox qurbanın olmasının qarşısını almağa dəstək ola bilərsiniz.
Sosial şəbəkələrdə bununla bağlı xeyli şikayətlər var. Qeyd olunur ki, ofisi Hacı İbrahimə məxsus olan “Avesta” adlanan binasında yerləşən bir mübhəm şirkət vətəndaşlara təklif edir ki, öncə özləri 2500-4000 manat civarında olan İsveçrə saatı sifariş etsinlər. Bu mal 30 gün ərzində gəlir çatır.
Bundan sonra əgər şəxs həmin şirkətə yeni müştəri gətirsə, ayda 200 manat faiz alacaq. Lakin məsələ ondadır ki, ya məhsul gəlib çıxmır, ya da saxta 20-30 manatlıq saat almalı olur. Beləliklə, həm özü, həm də bu şəbəkəyə cəlb etdiyi insanlar aldadılır. Yalanlar ortaya çıxanda gec olur, mütəşəkkil dələduzluq isə davam edir…
Belə nümunələr az deyil. Azərbaycanda geniş maarifləndirmə aparılmasına baxmayaraq, hər gün insanlar belə fırıldaqçıların qurbanı olur.
 Daha bir nümunəni bir neçə il əvvəl baş vermiş hadisəni xatırlatmaqla çəkmək olar.
Bakı şəhər sakinləri Gülarə Abdullayeva, Xəyal Yəhyayev və qeyriləri ölkə daxilində “İnsuccess” adlı fəaliyyət istiqaməti qeyri-müəyyən olan şirkət yaratmışdılar. Daha sonra onlar “OCOS” beynəlxalq dələduzluq piramidasını ölkəyə gətirərək yaratdıqları şirkət vasitəsilə sosial şəbəkələrdə piarını həyata keçirməklə geniş yayılmasını təşkil etmişdilər.  Bu şəxslər internet şəbəkəsində xüsusi lokal proqramlar vasitəsilə əslində mövcud olmayan kriptovalyuta yaradaraq guya onun beynəlxalq valyuta bazarında satışını təşkil etdiklərini və şişirdilmiş yüksək gəlirlər vəd etməklə vətəndaşların pul vəsaitlərini aldatma yolu ilə ələ keçirmişdilər.  Bu qayda ilə adıçəkilən şəxslər qurduqları şəbəkə biznesinə piramida şəklində çoxsaylı vətəndaşları cəlb edərək onlara faktiki mövcud olmayan, uydurulmuş kriptovalyuta satmışdılar. Araşdırma zamanı dəstə üzvlərinin investisiya paketi adı altında şişirdilmiş yüksək gəlirlər təklif edərək ümumilikdə 10 minə yaxın vətəndaşı aldatdıqları və təxminən külli miqdarda vəsaitlərini ələ keçirdikləri müəyyən edilmişdi. Göründüyü kimi, bu nə ilk, nə də sonuncu haldır.  “Sianşin” və “Tiens” adlı məşhur şirkətlərin də işində piramida biznesi müşahidə olunur. Onlardan da şikayət edənlərin sayı az olmayıb.
Eyyub Hüseynov: "Bu cür ticarət yerləri vətəndaşların hüquqlarını pozmaqla dövlətin sosial siyasətinə də zərbə endirir" Pravda.az
Eyyub Hüseynov
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, piramida biznesi dünyada geniş yayılıb. Azərbaycanda isə ən pis formada  da bu tətbiq edilir: “Uzun müddət Azərbaycanda “QNET” deyilən piramida biznesi olub. 8 ilə yaxın oradan mənə çoxlu şikayət daxil olurdu. Biz onu həll etməyə müvəffəq olurduq. Hətta onlar bir-biri ilə sıx əlaqəsi olan 70-ə yaxın lal adamları aldatmışdılar. Mən çox fəxrlə deyirəm ki, 80 min dolları Azərbaycana gətirtdim və əlillərin pulunu qaytartdım. Onların yazılı imzaları indi də məndə durur.
Bu piramida biznesi indi də fəaliyyət göstərir. Mən o qədər mübarizə apardım ki, onlar Azərbaycanda öz nümayəndəliyini açdılar və şikayətlər ora daxil olur. Bu ilin əvvəlində Xaçmazdan mənə şikayətlər daxil oldu. Bitcoin almaq üçün piramida düzəltmişdilər. Bildiyimə görə, o işi görənlər artıq həbsdədir. Çoxlu sayda insanları aldatmışdılar. Dövlət orqanları işə qarışdı və xeyli insanın pulu qaytarıldı.
Mənim yanıma “QNET”lə bağlı şikayətə gələnlər arasında ingilis dili müəlliməsi var idi. Onu xarici vətəndaş aldatmışdı. Onlar adətən müəllim və həkim kimi sosial çevrəsi geniş olan insanları tora salmaqda maraqlı olurlar.
Bir dəfə ali məktəblərdən birinin professorunu aldatmışdılar. “QNET”dən 1500 dollara disk almışdı. Ona demişdilər ki, bu diski başının altına qoy yat, başının ağrısı kəsəcək. Digər bir alimin isə 10 min dollarını mənimsəmişdilər.
Bir dəfə isə prezident təqaüdçüsü və ölkənin çox görkəmli adamı mənə müraciət etmişdi. O, xeyli insanı bu biznesə cəlb etmişdi. Sonra isə özü də onlarla birlikdə fırıldağın qurbanı olmuşdu. Hətta onu həbs edib 3 il iş kəsdilər.
Bu biznesinin ən kulminasiya nöqtəsi 90-cı illərdə olan “muncuq düzənlər” piramidası olmuşdu. Mən İtaliyada istehlakçı hüquqlarını qoruyan şəxslərə bu piramidanı danışanda çox təəccübləndilər.
Belə ki, insanlara 100 dollara muncuq satırdılar. Onlar muncuğu düzüb bitirəndən sonra həmin şəxslərə 200  dollar verirdilər. Bunu elə bir reklam etdilər ki, insanlar evini satıb bu biznesə pul qoyurdu. Onlar muncuq almaq üçün növbəyə yazılırdılar. Nəticədə fırıldaqçılar pulları götürüb aradan çıxdılar.
Hazırda isə Azərbaycanda çayların və dərmanların satışı ilə məşğul olan şirkətlərin piramida biznesi var”.
İqtisadçı-ekspert Eldəniz Əmirov deyir ki, piramida biznesinin Azərbaycanda müxtəlif formaları var. Onun ən müasir forması isə kriptovalyuta ilə əlaqəli biznesdir: “Ənənəvi piramida fəaliyyətinin bir cəhəti vardır ki, o bütün piramida növlərinə şamil edilir.  Əsas fəlsəfəsi ondan ibarətdir ki, müəyyən silsilə şəklində bu fəaliyyətə cəlb edilənlərin sayı artırılır. Hər bir piramida  gec və ya tez iflasa uğrayır. Sadəcə, nə qədər gec iflasa uğrasa o qədər zərərçəkmiş insanlar çox olur.
Elə bir sistem quraşdırırlar ki, iştirakçılar özlərindən sonrakıları aldatmağa məcbur olur. Əldə etdikləri pulun böyük hissəsini isə bu piramidanı quranlara verir. Və bir gün proses iflasa uğradığı zaman başda duranlardan başqa hər kəs zərər görür.
Digər məsələni nəzərə çatdırmaq istəyirəm, birbaşa piramida deyil, müəyyən faiz gəlirləri ola bilər.
Bütün hallarda başa düşmək lazımdır ki, müəyyən pul miqdarında 12 faizdən yuxarı gəlir təkif edilirsə, artıq prosesdən şübhələnmək lazımdır və müəyyən araşdırma aparmaq lazımdır. Bu, 20-30 faizdən yuxarıdırsa, bundan qaçmaq lazımdır. Hazırda real oturuşmuş elə bir iqtisadiyyat yoxdur ki, 30 faizli və risk olmadan gəlir gətirsin”.
Biznes kouç Sənan Həsənov deyir ki, kripto qeydiyyatı olmayan bir sahə olduğuna görə piramida biznesində daha geniş tətbiq olunur: “Hər hansısa bir şirkət bu formada piramida sistemi qurmaq istəyirsə, rəsmi qeydiyyat imkanı olmadığı üçün qeyri-rəsmi kripto mexanizmlərdən istifadə edir.
Bu daha çox internet üzərindən edilən elanlar vasitəsilə həyata keçirilir. Bu fırıldaqçılıqda bankların, SOCAR-ın və digər şirkətlərin adından istifadə edilir. 
Mən özüm də belə dələduzların qurbanı olmaqdan son anda xilas olmuşam.  Çünki sxemlər təkmilləşdirilir və elə mexanizmlər fikirləşirlər ki, onları aşkar etmək çətin olur. Piramida olan şirkət və ya proqramda onu dərhal tutmaq olur. Ancaq bəzən elə bir mexanizm qurulur ki, bu, mümkün olmur.
Bu cür dələduzlarla mübarizənin yeganə yolu ancaq maarifləndirmədir. Başqa bir yolu yoxdur. Hər hansı bir şirkətin adından təklif gəlirsə və pulu kripto ilə yatırım etmək təklif olunursa, deməli, bu, şübhə yaratmalıdır”.