12 avqust 2024
78

Kurska uğurlu hücum: Kiyev 3 məqsədinə çatdı - Ekspert

 Kursk əməliyyatı çoxməqsədlidir: birincisi, Rusiya ordusunun diqqətini dağıtmaq, mümkünsə bəzi rus birləşmələrini Xarkovdan Kursk istiqamətinə, öz sərhədləri daxilinə geri çəkməsini təmin etmək; ikincisi Ukrayna ictimaiyyətində ölkə ordusunun lazım olarsa, savaşı başqa bölgəyə daşıya biləcəyi fikrini yaratmaq; üçüncüsü isə rus ictimaiyyətinə müharibənin ikitərəfli olduğunu göstərmək
Bu sözləri Axar.az-a açıqlamasında tanınmış türkiyəli analitik Engin Özər Ukrayna ordusunun Kurska hücumunu şərh edərkən deyib.
O bildirib ki, bu əməliyyat hər 3 məqsəd baxımından Ukrayna üçün uğurla nəticələndi:
“Dolayısı ilə Xarkov xəttindəki qarşıdurmalar ikinci plana keçib. Həmin ərazilərdə Rusiyanın irəliləyişi davam etsə belə, hazırda gündəm Kursk məsələsidir. Amma Ukrayna ordusu savaşın gedişatının Kiyev əleyhinə getdiyi bir dönəmdə belə bir uğurlu əməliyyat həyata keçirə bilsə də, təbii ki, orada uzun müddət qala bilməyəcək”.
Kurskda əməliyyat başlayan ərəfədə Ukraynanın F-16-lar almasına gəlincə, ekspert bildirib ki, Kiyev bu qırıclar vasitəsilə Rusiya üçün daha ciddi problem yarada bilər:
“Hazırda Rusiyanın F-16 qırıcılarına qarşı istifadə edə biləcəyi elə də çox müdafiə sistemi yoxdur. F-16-nın müdafiəsi “Patriot”lar tərəfindən təmin olunur. Hazırda Ukraynanın əlində 16 ədəd F-16 qırıcısı var. İlin sonuna kimi bu say 36-a çatdırılacaq. Ukrayna onlarla Krıma ciddi hücum təşkil edə, Rusiyaya böyük problem yarada bilər. Amma Ukraynanın F-16-ları qaldıra biləcəyi aerodromu yoxdur. Rusiya Ukraynadakı aerodromların demək olar ki, hamısını məhv edib. Onlar əsasən, F-16-ları magistral avtomobil yollarından havaya qaldırırlar. Ukrayna bu problemi aşa bilsə, Rusiya üçün daha təhlükəli vəziyyət yarada bilər”.