18 aprel 2024
95

Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!

Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və...
"Astana Ermənistan və Azərbaycanın sülh müqaviləsi bağlamaq istəyini alqışlayır". Bu sözləri İrəvanda səfərdə olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib. Qazaxıstan Prezidenti bildirib ki, Qazaxıstan mümkün qədər çox kömək etməyə və danışıqlar üçün platforma təklif etməyə hazırdır. Tokayev vurğulayıb ki, əsas məqsəd dost ölkələri bir-birinə daha da yaxınlaşdırmaq və sarsılmaz dostluq münasibətlərinə, sülhə və sabit inkişafa yol açmaqdır.
"İrəvanda səfərdə olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında Azərbaycanla Ermənistan arasında sülhə yeni bir platforma təklif edib. Əslində bu, yeni platforma deyil. Burada ilk odur ki, Asiya ölkələrindən də Cənubi Qafqazdakı problemin həllinə maraq daha da artıb".

Bu barədə Bizimyol.info xəbər portalına açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb. Deputat qeyd edib ki, Qarabağ problemi mövcud olduğu gündən həlli istiqamətində daima Avropanın rolu əsas olub.

“Əgər Cənubi Qafqazdakı iqtisadi tərəfdaşlıqlarda Avropa ölkələri kimi Asiya da iştirak edirsə, düşünürəm regionda olan hadisələrdə fəallıqları anlaşılandır. Həmçinin, bu vasitəçilik təklifi də yüksək dəyərləndirilməlidir. Çünki artıq Qərbin təhdidvari bəyanatları və ikilli standartları şablonlaşaraq öz əhəmiyyətini itirir.

Ümumiyyətlə, Avropa dövlətləri hazırda özlərinin bəyan etdikləri dəyərləri gündən-günə dəyərsizləşdirir. Bir haldakı vasitəçiliyini öhdəliyinə götürdüyü münaqişələrdə uzun illərlə heç bir naliyyət əldə edilmir və əksinə daha çox aqressiya nümayişləri görürük. Mən deyərdim ki, Asiya və Avropanın regionumuzdakı qeyri-sabitliyə münasibəti tam fərqlidir. Ümid edirəm ki, Ermənistan Qərbin uzatmağa çalışdığı zəruri sülhü gecikdirməyəcəkdir. Bu da yalnız Cənubi Qafqazdakı ölkələrarası əlaqələrə və bölgədə yaşayan xalqlara zərər verir”-deyə deputat əlavə edib.

Müşfiq Cəfərov vurğulayıb ki, Qərbin və ya müttəfiqlərin deyil, region insanının milli maraqları daha üstün tutularaq ortaq məxrəcə gəlinməlidir.