18 mart 2024
37

Maşın bazarında qəfil yoxlama: - İnhisarlar bazardan çıxarılır?

Maşın bazarında qəfil yoxlama:
Azərbaycanda minik avtomobillərinin satışı zamanı müştərilərlə bağlanan müqavilələrə məhdudlaşdırıcı şərtlərin əlavə edilməsi ilə digər bazar subyektlərinə qarşı haqsız rəqabətə yolvermə əlamətləri aşkar olunub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, qurum haqsız rəqabət hallarının qarşısının alınması ilə bağlı kompleks tədbirləri davam etdirir.

2023-cü il üzrə Dövlət Xidmətinin təsdiq edilmiş monitorinq planına əsasən, minik avtomobilləri bazarında satış zamanı bağlanan müqavilələrdə şərtlərin haqsız rəqabət qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılıb.

Araşdırmalar nəticəsində əsas bazar subyektlərinin müştərilərlə bağlanan müqavilələrə və zəmanət şərtlərinə məhdudlaşdırıcı şərtlər əlavə etdiyi, o cümlədən nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələrinə və yaxud stansiyalarına qarşı haqsız rəqabətə səbəb ola biləcək tələblərin yer aldığı müəyyən edilib.

“Haqsız rəqabət haqqında” Qanuna əsasən, sahibkarlıq fəaliyyəti sahəsində rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi, habelə müqavilələrdə əsassız birtərəfli üstünlüklərin nəzərdə tutulması haqsız sahibkarlıq fəaliyyəti hesab edilir və bu hərəkətlərə yol verilmir.

Maraqlıdır, bu qərar avtomobil bazarında haqsız rəqabətin qarşısını alaraq ucuzlaşma yaradacaq?

Mövzu ilə bağlı nəqliyyat məsələri üzrə ekspert Eldəniz Cəfərov “Cebhe.info”-ya bildirib ki, bu qərar avtomobillərin qiymətinə təsir etməyəcək:

“Haqsız rəqabət haqqında” Qanun avtomobil bazarına nə müsbət, nə də mənfi təsir edəcək. Ümumiyyətlə, bu qanunun avtomobil bazarını düşünərək qəbul edildiyini də demək olmaz. Çünki bu qanun praktikada işləmirdi. Son zamanlar bu qərara əsasən bir neçə sahibkar haqqında ölçü götürülüb. Ola bilsin ki, son vəziyyət avtomobil bazarında inhisarçılığa təsir etsin. Amma ümumilikdə uğurlu bir təsiri olacağı gözlənilmir”.

Ekspert hesab edir ki, bu qərarı avtomobil bazarına nəzarətlə əlaqələndirmək olar.

“Bu qərarın niyə məhz indi icra olunmasını onu icra edən qurum daha daha yaxşı bilər. Bu qərarın belə qəfildən qəbul edilməsini avtomobil bazarının nəzarətdən çıxması ilə də əlaqələndirmək olar. Çünki avtomobil bazarı tamamən nəzarətsizdir və qiymətlər Dövlət Gömrük Komitəsi tərəfindən qoyulmuş rüsumlarla müəyyənləşdirilir”.