22 noyabr 2023
1 010

İqtisadiyyat Nazirliyi 2,5 milyonluq tender udan 72 yaşlı qadına belə haqq qazandırır

  Hələ sentyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərində və Salyan, Qax, Ağsu, Ağdaş, Astara rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satınalınması ilə bağlı keçirilmiş açıq tender ətrafında yaydığımız yazıda şübhəli məqamların olduğunu açıqlamış, daha ətraflı araşdırma apardıqdan sonra mövzuya bir daha qayıdacağımızı bildirmişdik. Sözügedən tender prosedurunun daha ətraflı araşdırılması üçün bir sıra aidiyyatı orqanlara, Prezident Adminstrasiyasına, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, Respublika Hesablama Palatasına, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti və Baş prokurorluq yanında Korupsiyaya qarşı Mübarizə Baş İdarəsinə də sorğu göndərmişdik.
Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərində və Salyan, Qax, Ağsu, Ağdaş, Astara rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satınalınması üzrə açıq tender müsabiqəsinə 03.07.2023-cü il tarixdə başlamış, 12.07.2023 -cü ildə yekun vuraraq  fiziki şəxs Ağaməmmədova Xanım Şamil qızını qalib elan etmiş və onunla 2.531.250 manat məbləğində satınalma müqaviləsi bağladığını 23.08.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə açıqlamışdı.
Aktualinfo.org-un apardığı araşdırmalardan sonra məlum oldu ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2.531.250 manat məbləğində satınalma müqaviləsi bağladığı Ağaməmmədova Xanım Şamil qızı 1951-ci ildə anadan olub və hazırda 72 yaşı var. Dövlət Vergi Xidmətinin fiziki şəxslərin reytestr məlumatlarında fiziki şəxs Ağaməmmədova Xanım Şamil qızının hüquqi ünvanı ŞƏKİ RAYONU, ŞƏKİ ŞƏHƏRİ, S.RƏHMAN, ev 70, mənzil 49 göstərilir. Mərkəzi Seçki Komissiyasının seçicilərin siyahısında Ağaməmmədova Xanım Şamil qızının həqiqətən də göstərilən ünvanda pasport qeydiyyatında olduğu bildirilir.
Şəkidəki mənbələrimizdən əldə etdiyimiz məlumatlarda isə Xanım Ağaməmmədova ildə bir-iki dəfə sözügedən mənzildə olur, ya olmur. Xanım Ağaməmmədova hazırda Bakı şəhərində, 4-cü mikrorayonda yaşayır, Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində, “Lider”TV-nin yanında yerləşən böyük bir idarənin baş mühasibidir.
Həmin mənbədən əldə etdiyimiz ən son məlumatda Xanım Ağaməmmədovanın ayaqlarında ağrılar olduğundan çox yeriyə bilmədiyi bildirilir. Yəni 72 yaşlı xanım daim oturaq şəraitdə yaşayır. Belə olan halda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tender Komissiyası və satınalmaların keçirilməsinə  birbaşa cavabdeh olan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Xanım Ağaməmmədovanın Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərində və Salyan, Qax, Ağsu, Ağdaş, Astara rayonlarında mənzillərin satın alınmasına necə razılıq verib? Yəni xanım oturaq şəraitdə yaşayırsa, rayonlar arasında bu qədər məsafələri necə qət edib, bu dövlət sifarişini yerinə yetirəcək?
Bu kimi suallara aydınlıq gətirilməsi və qanun çərçivəsində yoxlanılması barədə Baş prokurluğa ünvanladığımız müraciətə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin aparat rəhbərinin müavini Allahverdi Paşayev cavab verib. Həmin cavabı olduğu kimi diqqətinizə çatdırırıq.
Sizin Respublika Baş Prokurorluğuna əlil olmuş şəxslər və şəhid ailələri üçün nəzərdə tutulmuş mənzillərin tikintisi üzrə satınalma ilə əlaqədar məktubunuza (3-21/1-17882/2023 nömrəli, 17.10.2023 tarixli) İqtisadiyyat Nazirliyində aidiyyəti üzrə baxılmışdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə bir sıra rayonlarda 1, 2 və 3 otaqlı mənzillərin satınalınması ilə bağlı keçirdiyi açıq tenderin nəticəsinə dair yekun protokolda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən hər hansı qanun pozuntusu aşkar edilməmişdir.
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən dövlət satınalmalarını tənzimləyən normativ hüquqi sənədlərdə göstərilən hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident hüquqi və ya fiziki şəxslər yaxud hüquqi şəxslər birliyi dövlət mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasında keçirilən dövlət satınalma prosedurlarında iddiaçı kimi iştirak edə bilərlər. Bildiririk ki, bu qanunda dövlət satınalmalarında iştirakla bağlı yaş həddi nəzərdə tutulmamışdır.
İqtisadiyyat Nazirliyinin aparat rəhbərinin müavini Allahverdi Paşayevin diqqətinə çatdırmaq istərdik ki, dövlət satınalmalarında iştirakla bağlı yaş həddinin nəzərdə tutulmadığını biz də bilirik. Amma burda sual doğuracaq daha bir məqam var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçirilmiş Açıq Tenderin satınalma metodu kimi 3,0 milyon ABŞ dollarının manat ekvivalentindən çox olduğu göstərilir.
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 50-1.1.-ci maddəsinə görə: Satınalma predmetinin ehtimal olunan qiyməti 3,0 milyon ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin) satın alınması yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirir.
Növbəti maddədə isə göstərilir ki: 50-1.2. Bu Qanunun 11.1-ci maddəsində nəzərdə tutulan hallar səbəbindən tender baş tutmamış hesab edildikdə, bu Qanunun 50-1.1-ci maddəsində nəzərdə tutulan satınalma predmeti üzrə satınalan təşkilat digər sahibkarlıq subyektlərinin də iştirakını nəzərdə tutan tender keçirə bilər. Satınalan təşkilatın bu barədə qərarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmalıdır.
Sözügedən qanunun 11.1.-ci maddəsi isə tələb edir ki:  Tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.
Göründüyü kimi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu fiziki şəxslərin ehtimal olunan qiyməti 3,0 milyon ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin) satınalmasında iştirakına yol vermir. Bəs İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi buna necə yol verib?
İqtisadiyyat Nazirliyinin aparat rəhbərinin müavini Allahverdi Paşayevin diqqətinə çatdırmaq istərdik ki, bəli,  qanun fiziki şəxslərin də tenderdə iştirakına icazə verir. Amma bunun üçün fiziki şəxslərdən bank hesabı tələb olunur ki, bu hesabda tenderdə təklif ediləcək məbləğin ən azı 50 faizi olmalıdır. Bu tenderdə risklərin qarşısını almaq üçündür. Göründüyü kimi, fiziki şəxs Ağaməmmədova Xanım Şamil qızı tenderə 2.531.250 manat təklif edərək qalib olub. Burada sual yaranır bir fiziki şəxs olaraq 72 yaşlı xanımın bank hesabında ən azı 1 milyon manat varmı? Varsa, ömrü boyu mühasib işləmiş bu xanım bu 1 milyon manatı necə qazanıb? Həm də son bir il ərzində.
Dövlət Vergi Xidmətinin məlumatlarında Ağaməmmədova Xanım Şamil qızının fiziki şəxs kimi dövlət qeydiyatına durduğu tarix 31-01-2022-ci il göstərilir. Buna qədər Ağaməmmədova Xanım Şamil qızı fiziki şəxs olaraq heç bir tenderdə iştirak etməyib. Yəni, Xanım Ağaməmmədovanın analoji işdə heç bir təcrübəsi olmayıb. Bəs heç bir təcrübəsi olmayan bir fiziki şəxsə dəyəri 3,0 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan Açıq tenderdə iştirakına necə yol verilib? Bu isə qnunun daha bir maddəsinin pozulması demək deyilmi?
Göründüyü kimi cavabsız suallar və şübhəli məqamlar çoxdu. Amma bir cavab var ki, o da Ağaməmmədova Xanım Şamil qızının bu tenderdə qalib gəlməsinin formal olduğudur. Ötən yazılarımızda da qeyd etmişdik və bir daha xatırlatmaq istərdik ki, məlumatlı mənbənin sözlərinə görə əvvəllər Xanım Ağaməmmədovanın adına bir neçə MMC olub. Həmin MMC-lər vasitəsi ilə o, həm Şəki rayon İcra Hakimiyyətinin, həm də bir sıra dövlət qurumlarının həyata keçirdiyi dırnaqarası layıhələdə dövlət vəsaitlərinin təyinatından kənarlaşdırılması işlərinə baxıb. Mənbəmizin verdiyi məlumatda Xanım Ağaməmmədovanın hazırda oturaq həyat tərzi keçirir. Yəni ayaqlarında olan ciddi problemlərə görə çox yeriyə bilmir. Demək olar xəstə həytı yaşayan Xanım Ağaməmmədovanın işini kimsə başqası görür. Ortada başqa bir subpodratçı da var. O da çox gümün ki, “Azəraqrartikinti” ASC -nin və “Kristal Abşeron” MTK-nın sahibi olan deputat Ağalar Vəliyev, yaxud da ona yaxın olan bir şəxsdir. Xanım Ağaməmmədovanın vaxtılə “Azəraqrartikinti” ASC -nin mühasibatlığında çalışdığı bunları deməyə əsas verir.
 
Aktualinfo.org