07 yanvar 2024
243

GDU-DƏ İŞLƏR NİYƏ TAM TƏRSİNƏ GEDİR?





        Son illər ərzində Gəncə Dövlət Universiteti haqqında mətbuatda  hədsiz çox sayda tənqidi və hətta deyərdik ki, həyəcan təbili xarakterli məlumatlar dərc olunur, müxtəlif  təşkilatlara  şikayətlər  olunur.  Ancaq təəssüf və təəccüb hissi ilə qeyd edirik ki, bu məlumatlara nədənsə ciddi diqqət ayrılmır. Çünki, rektor Yusif Yusibovun qardaşı Cavanşir Yusibov Maliyyə Nazirliyində aparat rəhbəri işlədiyindən bütün bu məlumatlar ört-basdır edilir.
        Ümumiyyətlə, Yusif Yusibov bu universitetə  rektor təyin olunandan sonra bu təhsil ocağında işlər tam tərsinə gedir.
        Təbii ki, Universitetin müəyyən muxtariyyət  hüququ var. Amma baxır hansı sahədə? Dərd burasıdır ki, digər Universitetlərdən fərqli olaraq, GDU-da muxtariyyət başqa istiqamətdə istifadə edilir.
        Rektor Yusif Yusibovun keyfinin ağası olmadığından o da Universitetdə bacardığı oyunları oynayır. Universitetin professor-müəllim heyəti də qalıb mat-məəttəl və  hamı fikirləşir ki, belə də rektormu olar?!
          Sözün qısası, rektor Universiteti dədəsinin mülkü  kimi, özünə məxsus olan şəxsi təsərrüfat kimi işlədir. Gəncə Dövlət Universitetində nə konstitusiya, nə də təhsil qanunu işləmir. 2014-cü ildə  Mikayıl Cabbarovun xeyir-duası ilə universitetə  möhürü oğurlayıb, sabiq rektoru universitetə buraxmayan  və  qeyri-qanuni yolla rektor keçən  Yusif  Yusibovun fəaliyyəti nəticəsində böyük tarixi keçmişi olan universitet  texniki  peşə məktəbi səviyyəsinə düşmüşdür. 2014-cü ildən bu günə kimi universitetin maliyyə sənədləri  düzgün yoxlanılsa, buranın Azərbaycanda ən böyük korrupsiya yuvası olmağı üzə çıxar. Rektor hələ beş il tamam olmamış  öz qardaşı Cavanşir Yusibovun əli ilə Maliyyə Nazirliyinin komissiyasını gətirib, yediyi pullara, elədiyi miqyası ölçüyə gəlməyən korrupsiya işlərinə təmizlik kağızı alır, guya hər şey qaydasındadır. Hal-hazırda həmin komissiya universitetdədir. Yusif Yusibovun korrupsiya əməllərinə qanuni don geyindirib, sonra gedəcəklər Bakıya. Hələ ki, şəhərin ən yaxşı otellərində kef edə-edə qanunsuz əməlləri qanuniləşdirirlər.
         Təhsil  Nazirliyinin  fəaliyyətsizliyinin nəticəsidir ki,  universitet bu vəziyyətə düşmüşdür. Rektorun özbaşınalığı  nəticəsində  böyük bir kollektiv olmazın əzab və əziyyət çəkir. Rektor Yusif Yusibov universiteti Roma imperatoru Yuli Sezar kimi idarə edir.                
         Universitetin bütün ağırlığını çiyinlərində daşıyan professor-müəllim heyəti 350-700 manat arasında maaş alır. Rektor 3 ildən artıqdır ki, kollektivə yalan satmaqda davam edir. 3 ildir deyir ki, Təhsil nazirliyi ödənişli oxuyan tələbələr üçün təhsil haqqını qaldıracaq, onda mən də maaşları qaldıracağam. Yeni il bayramı münasıbəti ilə respublikanın bütün ali məktəblərində  məsələn, büdcəsi Gəncə Dövlət Universitetinin büdcəsinin yarısına bərabər olan Naxçıvan Dövlət Universitetində 400 manat, Texniki Universitetdə dekabr ayında maaşlar 20 faiz qaldırıldı və əlavə olaraq maaşın 30 faizi, Azərbaycam Milli Konservatoriyasında hamıya öz maaşları həcmində, Sumqayıt Dövlət Universitetində 200 manat, Neft və Sənaye Universitetində 300-500 manat, Mingəçevir Dövlət Universitetində 150 manat, İqtisad Universitetində 200 manat, Mühəndislər Universitetində  200 manat məbləğində  bütün əməkdaşlara pul mükafatı verildi. Gəncə Dövlət Universitetinin  rektoru isə mənim pulum yoxdur deyə-deyə  hər bir müəllimə 38 manat pul verdi.
         Universitetdə kafedra müdirləri  və dekanlar nökər kimi işlədilir. Rektor şənbə və bazar günləri də işçiləri işə gəlməyə məcbur edir. Yaxın aylarda universitetin akreditasiyası keçiriləcəkdir. Tədris departamenti eləcə də digər şöbənin əməkdaşları onların özlərinin etməli olduqları bütün işləri kafedralara elətdirir və öz adlarına çıxırlar. Rektorun  bütün tədris yükünü çiyinlərində daşıyan professor-müəllim heyətinin maaşını qaldırmağa canı çıxır, amma öz yaxın ətrafının maaşı isə 2000-dən aşağı deyil. Axırıncı  Elmi Şurada müzakirə olunmadan yeni Elmi Katibin təqdimatı ilə 6 nəfərin maaşı yenidən qaldırıldı.
          Rektor  universitetin nəzdində olan Gəncə Regional Kollecinin direktoru Fəxrəddin Zeynalovun onun aylıq paketini vermədiyinə  görə qardaşının əli ilə yoxlama təşkil elətdirərək işdən azad olunmasına nail oldu. Ora isə özünün köməkçisi İlqar Kubışevi direktor təyin etdirdi. Heç bir magistr təhsili olmayan digər köməkçisi Elsevər Nağıyevi  isə dekan təyin edib. Tarix kafedrasının müdiri Ema xanım vəfat edib, bu xanımın hələ 7-si çıxmayıb, rektor prorektor Şahin Xurşudovun əli ilə dissertasiya işi saxta olan, qeyri qanuni olaraq dosent seçdirdikləri Səidə İsmayılzadəni ora kafedra müdiri seçmək istəyir.Səidə xanım bu kabinetdən necə havalı şəkildə fakültəyə gəlirsə, onun ədası yeri-göyü dağıdır,hamının işinə burnunu soxur,özünü fakültə dekanı kimi aparır. Zarafat deyil, arxasında "Qoçu Əsgər" ləqəbli prorektor dayanıb.
          Ümumiyyətlə, Yusif Yusibovun rektorluğu dövründə GDU-da məşuqə saxlamaq yaman moda minib, yeni-yeni Hüseynbala Mirəlləmovlar peyda olub. Əlimizdə "Qoçu Əsgər" ləqəbli prorektor  Şahin Xurşudovun və bir xanımla bağlı olan materialları yaxın günlərdə kütləvi informasiya vasitələrinə göndərəcəyik.
          Universitetin inzibati təsərrüfat işləri üzrə prorektoru Fəxrəddin Həsənov bir gün də olsa, pedaqoji işlə məşğul olmadığı halda, Yusif Yusifovun köməyilə “Qabaqcıl təhsil işçisi” döş nişanı və "Əməkdar müəllim" adına layiq görülüb..
          İllərlə bu Universitetdə can qoyan professorlar, dosentlər, lap elə sıravi müəllimlər qalıb bir qıraqda, ömrü boyu tikintidən başqa bir sahə tanımayan adam bu titula layiq görülürsə, daha Universitetdə gedən proseslərə əlavə şərhə ehtiyac qalmır. Çünki Fəxrəddin Həsənov sökmə, tikmə, təmir məsələlərində çox pərgardır.
          Rektor Yusif müəllimin şəxsi kriteriyalarına uyğunluq baxımından əla kadr hesab olunur. Ona görə də pedaqoji işlərlə məşğul olmağa, dərs demək üçün müəllim olmağa ehtiyac qalmır. Fəxrəddin "müəllim" də rektorun ümidlərini yaxşı doğruldur. Yusif müəllim gələndən elə hey sökür, tikir, təmir edir, vəsaitləri sağa-sola fırlada bilir. Bir tikiləni bir də tikmək, təmiri təmir üstünə təşkil etməkdən asan yol olmadığından nəticənin necə olacağı da aydındır.
          Universitetdə ən çətin həll olunan məsələ odur ki, bu Universitetdə, digərlərindən fərqli olaraq professor-müəllim heyətinin maaşı bir yerdə dayanıb durub. Çünki Fəxrəddin Həsənov  sehrli malası ilə  qalan vəsaitləri  suvağa çevirib, vurur divarlara, rəngə çevirib bəzək edir.
Dosentlərin maaşı 700 manat, müəllimlərin maaşı 380 manatdan yuxarı qalxmadığı halda, Yusif müəllimin katibəsinin, köməkçisinin maaşları kifayət qədər sürətlə və xeyli məbləğ artır. Anası ölmüş müəllimlər də qalır baxa-baxa.
          İndi hal-hazırda imtahan sessiyası başlayıb. İmtahanlara 4-5 ay qalmış Yusif müəllim müəllimlərə tapşırır ki, imtahanda istifadə olunacaq testləri hazırlayıb kafedraya təqdim etsinlər.
          Birdən fikirləşərsiniz ki bunun nəyi pisdir? Əslində pis deyil. Pis olan həmin işin arxasında duran niyyətdir. Niyyət də bundan ibarətdir ki, testlər və onların cavabları prorektorun qoçuları tərəfindən oxumayan, dərsə gəlməyən tələbələrə əvvəcədən  ötürülür və onlar da imtahanları “müvəffəqiyyətlə” verirlər. Odur ki belə imkandan ancaq savadsız və oxumaq istəməyən tələbələr yararlanır, oxuyanların isə qiyməti aşağı düşməkdə davam edir.
        İmtahan nəticələrini yoxlamaq da dərs deyən müəllimlərə yox, rektorun “qara kassası”olan Şahin Xurşudovun  məsləhət bildiyi, ləbbeyk deyən şəxslərə tapşırılır.
Bunu nəzərə alan tələblər də ironiya ilə oxuduqları Universiteti Gəncə Dövlət Universiteti yox, Gəncə Bazar Universiteti adlandırırlar.
          Bu qədər özbaşınalığın qarşısında  rektor Yusif Yusifov barədə tədbir görən yoxdur.
          Çünki Elm və Təhsil naziri Emin Əmrullayev yerində deyil. GDU-da bu qədər yoxlayıb, yoluna qoymaq halları olmasına baxmayaraq, nazir Universitetdə baş verənləri araşdırıb, tədbir görmür, nazirliyə aid olan üçüncü, dördüncü dərəcəli məsələlərlə məşğuldur.
          Əlqərəz, professor-müəllim heyətinin təbirincə desək, Yusif müəllim GDU-da əməlli-başlı bazar açıb. Bu adam təzə rektor təyin olunanda əməlinə görə bir müəllimənin əri tərəfindən əzişdirildikdən sonra indi özünə “telexronitel” də saxlayır.
          Təbii ki, bəzi işlər rektorluq olmasa da, yoluna qoyanlar var. Rektor daha böyük işlərlə məşğul olduğundan “qara” işləri həvalə edib “öz adamına”. O da elə səliqəli işləyir ki, gəl görəsən.
          Yadınızdadırsa, Yusif müəllimdən əvvəlki rektor Yadigar müəllim Universitetin həyətini guya "satmışdı"  və orada kafe tikilirdi. Guya buna etiraz edərək ayağa qalxan professor-müəllim heyətinin təkidli tələbi ilə Yadigar müəllim vəzifədən uzaqlaşdırıldı. Rektor Yusif Yusifov həmin sahəni satıb. Kafe də tikilir. Amma ona bu işə görə, kimsə dillənib bir söz demir. Bilirsiniz niyə? Çünki qardaşı Cavanşir Yusifov Maliyyə Nazirliyində aparat rəhbəridir. Yəni, demək istəyirik ki, kim xəzinəyə rəhbərlik edirsə, söz sahibi də odur.
          Bu günlərdə Gəncə Dövlət Universiteti Jurnalların satınalınması ilə bağlı tender elan edib. Bu tenderin qalibi "OKIYAN-G.B.I" MMC olub.
Tərəflər arasında 14.240 AZN-lik müqavilə bağlanılıb. Tenderə əsasən ali təhsil ocağına dərs jurnalı, pedaqoji təcrübə jurnalı alınmalıdır.
Bildirək ki, qalib MMC-nin nizamnamə kapitalı 2 AZN-dir, qanuni təmsilçisi Etibar Fəxrəddin  oğlu Səftərovdir.  Halbuki bu jurnalların pulunu  dekanlara ödətdirirlər.
          Reaktivlərin alınması ilə bağlı tenderdə isə "Viva Medical Group" MMC ilə 30968 AZN -lik müqavilə bağlanılıb. Pullar yeyilib, laboratoriyalara isə heç nə alınmadan, guya alınan reaktivlər  işlədilib. Avadanlıqların satınalınması ilə bağlı "Elvi.M.M. Services Group" MMC ilə 439109 AZN, İnventarların satınalınması ilə bağlı "Qardaşlar Mebel" Qapali Səhmdar Cəmiyyəti ilə 195939 AZN, Dəftərxana və təsərrüfat mallarının satınalınması ilə bağlı "Stil555" MMC ilə 191136 AZN, Yumşaq inventarların satınalınması ilə bağlı "Kale Solution" MMC ilə 59507 AZN, Mətbəə və promo mallarının satınalınması ilə bağlı "Unversal-Ltd" MMC ilə 39779 AZN, Dezinfeksiya və deratizasiya işlərinin satınalınması ilə bağlı "Santec" MMC ilə 21332 AZN, Musiqi alətlərin satınalınması ilə bağlı "Gold Premium" MMC ilə 17132 AZN, İdman mallarının satınalınması ilə bağlı "Kaktus 57" MMC ilə 15085 AZN-lik müqavilələr bağlanılıb.Tədris müəssisəsində bir ildə bu qədər tendermi olar??????
        Bu hələ bildiklərimizin yüzdə biridir, desək, səhv etmərik. Siz də yanılmayın, dəyərli oxucular.
Yanılıb Gəncə Dövlət Universiteti desəniz, əziz gəncəlilər, sizdən inciyərlər. Çalışın ki, Gəncə  Bazar Universiteti adını yadınızdan çıxarmayın…
Bizi izləyin…
             Bəs görəsən, bu çirkin idarəçilik üsuluna nə zaman son qoyulacaq və adları çəkilən şəxslər nə vaxt layiqli cəzalarını alacaqlar?!..
                                                                              Hörmətlə, GDU-nun bir qrup professor-müəllim heyəti