06 oktyabr 2023
419
Dərman "işbazları"nın sonu çatır: "Qara bazar" ləğv olunur
“Dərman vasitələri haqqında” Qanuna edilən dəyişikliyə əsasən, reseptlərdə dərman adlarının deyil, tərkib hissələrinin yazılması nəzərdə tutulur.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin məlumatına görə, bəzi dərman vasitələrinin apteklərdən buraxılması yalnız resept əsasında həyata keçirilə bilər.
Qeyd edilib ki, bu cür dərman vasitələri həkimlər tərəfindən reseptə yazılarkən, onların ticarət adı deyil, yalnız təsiredici maddə və tərkibi qeyd edilməlidir:
"Həmçinin, “Dərman vasitələri haqqında” Qanuna müvafiq dəyişikliklər edilib. Bu dəyişikliklərə əsasən, 1 yanvar 2024-cü il tarixindən ölkədə elektron resept sisteminə keçid nəzərdə tutulub. Elektron resept sistemində həkimlər yalnız dərman vasitəsinin təsiredici maddəsinin adını qeyd etməli olacaqlar".
Bildirilib ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən aptek təşkilatlarında müvafiq yoxlamalar aparılır:
"Yoxlamalar zamanı dərman vasitələrinin buraxılması, xüsusən resept əsasında buraxılan dərman vasitələrinə dair ciddi nəzarət tədbirləri həyata keçirilir. Qanun pozuntuları aşkar edildiyi təqdirdə, qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq tədbirlər görülür.
Bir daha vətəndaşların nəzərinə çatdırırıq ki, düzgün yazılmayan reseptlərlə qarşılaşacaqları təqdirdə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin "qaynar xətt" nömrələri, Mərkəzin "Bir pəncərə" sektoru və ya www.pharma.az saytının "Müraciət" bölməsi vasitəsilə şikayət edə bilərlər".
Qeyd edək ki, ölkədə dərman çatışmazlığı, qiymətlərin baha olması son vaxtlar əsas müzakirə mövzularındandır. Ancaq bu da bir faktdır ki, son illər xəstəxanalarda həkimlər xəstələrə əsasən “ünvanlı dərmanlar” yazırlar, hətta resept yazdıqdan sonra onları dərman almaq üçün hansısa aptekə yönləndirirlər.
Xatırladaq ki, bir neçə il öncə, hətta bzi həkimlər yazdıqları resptlərin kənarını kəsərək dərmanını yazdıqları şirkətlərə sanki “mesaj” verməli olurdular.
Bu gün bazarda həkim, şirkət və dərman prosesi davam edir. Bəs hazırkı qanun dərman bazarını tənzimləməyə imkan verəcəkmi?
Yenimeydan.info ; farmokoloq Aydın Əliyev Cebhe.info-ya bildirdi ki, bir çox dərmanların çoxsaylı ticarət adları var:
“Yəni firmalar lisenziya ilə dərmanları alırlar, başqa ad altında apteklərə göndərib, satırlar. Bu sahədə qəbul olunmuş qərarı mən alqışlayıram.
Həmin qərarın necə işləyəcəyi başqa mövzudur. Ancaq hər halda bu iş başlamalıdır. Əsas odur ki, reseptdə dərmanın adı yox, tərkibi yazılsın. Dərmanın tərkibi yazılanda onun içərisində nələr varsa, onun diaqnoza uyğun olduğunu mütəxəssislər bilirlər.
Məsələn, dərmanın tərkibində yazır ki, burada maqnezium ionu var. Bilirik ki, maqnezium ionu siniri sakitləşdirir, təzyiqi aşağı salır, qaraciyərə qovucu təsir göstərir. Artıq bu göstərir ki, dərmanın tərkibində olanlar təzyiq, baş beyində ağrı, gərginlik varsa, ona kömək etməlidir.
Yəni dərmanın tərkibində yazılanlar diaqnozunu təsdiq etməlidir. Bu o deməkdir ki, həkim düzgün müalicə aparır. Bir də var ki, başqa dərman o xəstəlikdə kömək edə bilir, ancaq əsas dərman deyil. Müvafiq olaraq təzyiqi aşağı salır. Ümumiyyətlə, dərmanların tərkibi çox vacib məsələdir.
Bu qərar reallaşsa, Azərbaycan tibb elmində əhalinin sağlamlığı üçün çox böyük effekti olar. Hesab edirəm ki, proses yavaş-yavaş işləyəcək. Əsas odur ki, dərmanın tərkibi yazılanda xəstənin diaqnozu nədirsə, ona uyğun o dərmanın tərkibində maddə varmı?
Həkim xəstəyə dərman yazarkən, demək cavabdehdir ki, məsələn, xəstəyə tərkibində lazım olan kaliumu yazıb. Ümumiyyətlə, bu qərar həm də həkimlərin məsuliyyətini artırır. Yəni həkimlər yazdığı dərmanın tərkibini bilməlidirlər”.
Oxşar Xəbərlər: