23 avqust 2023
208

Füzuli ilə bağlı qardaşlıq jesti: Azərbaycanla Özbəkistanı ortaq dəyərlər birləşdirir



“Azərbaycan-Özbəkistan münasibətləri təkcə ikitərəfli yox, hərtərəfli və dinamik şəkildə inkişafı edir”.
Bunu Milli Məclisin deputatı, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elman Nəsirov Cebhe.info-ya açıqlamasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri və bu səfər çərçivəsində iki ölkə arasında imzalanan sazişlərin əhəmiyyətini şərh edərkən bildirib:
 

Deputat qeyd edib ki, Azərbaycanla Özbəkistan arasında dostluq və tərəfdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir:
“Azərbaycan və Özbəkistan xalqları dost və qardaş xalqlardır. Bununla yanaşı, iki ölkənin dövlət rəhbərləri – İlham Əliyev və Şavkat Mirziyoyev arasında dostluq münasibətlərini də xüsusilə qeyd etmək lazımdır. 
Onu da vurğulayım ki, Azərbaycan və Özbəkistan arasında hazırki siyasi dialoq yüksək səviyyədədir. Bu il ərzində Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana 3 dəfə rəsmi səfər edib. 
Bundan sonra isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri reallaşıb. Mirziyoyevin Azərbaycana səfəri onu göstərir ki, əvvəlki görüşlər çərçivəsində əldə edilən razılaşmaların icrası istiqamətində çox ciddi işlər görülür.
Özbəkistanın və Azərbaycanın dövlət başçıları görüşündən sonra Azərbaycan ilə Özbəkistan arasında 20  mühüm saziş imzalanıb. Xüsusilə qeyd etmək lazımdır ki, imzalanan sazişlərdə ikitərəfli əməkdaşlığın şaxələnməsi ilə bağlı önəmli məsələlər yer alıb. Sazişlər içərisində iki dövlət arasında Ali Dövlətlərarası Şurasının yaradılması Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafının yüksək nöqtəsi kimi qiymətləndirilə bilər. 
Eyni zamanda bir çox sahələrlə bağlı imzalanan sazişlər ikitərəfli münasibətlərin genişlənməsi üçün münasib imkanlar yaradacaq.
Bununla bərabər, Azərbaycan ilə Özbəkistan arasında nəqliyyat və logistika sahələrində, o cümlədən energetika sahəsində əməkdaşlığın inkişafı xüsusi əhəmiyyət kəsb edir”.
Onun sözlərinə görə, işğaldan azad edilən Füzuli şəhərində Özbəkistan dövlətinin maliyyəsi ilə yeni məktəbin tikilməsi Azərbaycan-Özbəkistan münasibətlərinin tarixində mühüm hadisə kimi yadda qalacaq:
“Bu məktəb təkcə təhsil mərkəzi deyil, həm də Azərbaycan-Özbəkistan dostluq və qardaşlığının simvoluna çevriləcək”. 
Elman Nəsirov Azərbaycan-Özbəkistan münasibətlərində enerji əməkdaşlığının dərinləşməsi məsələsinə də münasibət bildirib:
“Bu əlaqələrin geniş perspektivləri var. Belə ki, Azərbaycan enerji ölkəsi olaraq həm ənənəvi, həm "yaşıl enerji" istehsal edir. Energetika sahəsində ikitərəfli əməkdaşlığın inkişafı əsas hədəflərdən biridir. Bu istiqamətdə ciddi və zəruri addımlar atılır.  Prinsip etibarı ilə elə bir sahə yoxdur ki, Azərbaycan-Özbəkistan münasibətləri bir-birini tamamlamasın”.