11 iyul 2023
217

Təklənmiş İranın son çırpıntısı: - Molla rejiminə güvənmək olar?

Təklənmiş İranın son çırpıntısı:
"Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edəcək. Artıq bu barədə tərəflər arasında razılaşma əldə olunub".

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani jurnalistlərə nazir Əmir Abdullahianın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün detalları barədə məlumat verərkən belə deyib.

“İndiki şəraitdə İran və Amerika arasındakı ikitərəfli əlaqələrdən danışmaq mənasızdır, Azərbaycanla isə yaxşı və konstruktiv istiqamətdəyik. Xoşbəxtlikdən, biz Azərbaycanla qarşılıqlı konstruktiv yoldayıq və hər iki tərəf həmfikirdir.

Xarici işlər naziri bu yaxınlarda Qoşulmama Hərəkatının toplantısında iştirak edib, orada həmkarları, eləcə də Azərbaycan Prezidenti ilə görüşlər keçirib. Hesab edirik ki, indi biz əlavə əməli addımlarla, Azərbaycanın İrandakı Səfirliyinin fəaliyyəti üçün əsas ola biləcək müsbət vəziyyətin şahidi olacağıq”, - Kənani qeyd edib.

“Azərbaycanın İrandakı səfirliyi maksimum dərəcədə mühafizə olunur və yaxın gələcəkdə biz Azərbaycan səfirliyinin İranda fəaliyyətini görəcəyik. Azərbaycanın Tehrandakı səfirliyinin təhlükəsizliyi tam təmin olunacaq. İran öz məsuliyyətini dərk edir və məsuliyyətlə hərəkət edəcək”, - deyə iranlı diplomat əlavə edib.

Yenimeydan.info-nun məlumatına görə, politoloq Yeganə Hacıyeva Cebhe.info-ya açıqlamasında bildirib ki, İranın vədlərinə inanmaq olmaz:

"Rəsmi Tehran Azərbaycanla münasibətləri normallaşdırmaq üçün bir sıra mühüm öhdəlikləri həyata keçirməlidir. Azərbaycan səfirliyinə hücum İran rejiminin ölkəmizə qarşı sistemli şəkildə nifrət çıxışının sonradan fiziki hücuma çevrilməsi ilə nəticələndi.

Beləliklə, Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edildi. Bu azmış kimi Təbrizdəki Azərbaycan konsulluğundan da diplomatların xaric edilməsi tələb edildi. Bütün bunlar İran hakimiyyətinin daxilindən qaynaqlanır. Rəsmi Tehran səfirliyə qarşı terror aktını ayrı-ayrı siyasi dairələrin üzərinə atmağa çalışsa da, əslində həmin cinayət İran hakimiyyətinin yekdil qərarı idi.

Bundan sonra Azərbaycana qarşı atılan bütün addımlar da İran hakimiyyətin birgə qərarı olub. Nasir Kənani “İran məsuliyyətini anlayır və Azərbaycana münasibətdə məsuliyyətdə davranacaq” desə də, Tehranın atmalı olduğu addım yalnız səfirliyin təhlükəsizliyini təmin etməkdən ibarət deyil. İran həmçinin, Azərbaycanın daxilində bir neçə istiqamət üzrə apardığı təxribatları dayandırmalıdır. Bu istiqamətlər İran-Ermənistan münasibətlərini, SEPAH-ın Qarabağdakı fəaliyyətini, İranın Azərbaycanda media, ictimai qurumlar və təbliğat sahəsindəki fəaliyyətini əhatə edir.

İran bununla bağlı öhdəliklər və məsuliyyət götürməlidir. Amma İran bu öhdəliklərə və məsuliyyətlərə əməl edəcəkmi? Xeyr. Çünki İran etibarsız tərəfdaşdır. İrana heç bir halda güvənmək olmaz. Bu, Azərbaycana münasibətə də aiddir. Ona görə də hazırki mərhələdə Rusiyanın Ukraynadakı uğursuzluqları fonunda qlobal səviyyədə təklənmiş İran öz sərhədlərində Azərbaycanla korladığı münasibətləri düzəltməyə çalışır.

Yəni İran hazırda bir neçə istiqamətdə özünə təhlükə hiss etdiyi üçün prosesləri sakitləşdirmək və təhdidlərin qarşısını almaq istəyir. Bu baxımdan, İran qanunsuz diversiya qruplarını Azərbaycana təhfil verməli, onların qeyri-qanuni maliyyələşməsini dayandırmalıdır.

Eyni zamanda, İran Azərbaycana narkotik ixracına son qoymalıdır. Son bir il ərzində Azərbaycana polisi İran ərazisindən daşınan 2 ton 600 kiloqram narkotik maddəni dövriyyədən çıxarıb. İran Azərbaycan ərazisindən narkotik tranziti üçün istifadə etməməlidir. Həmçinin, İran Azərbaycana cəmiyyətinə, QHT sektoruna, mediaya yönəlik təxribatlarını dayandırmalıdır. Yəni İranın atmalı olduğu ciddi addımlar var”.