07 iyul 2023
204

Lavrovun xüsusi nümayəndəsi Bakıya hansı təkliflə gəlir? - AKTUAL

Lavrovun xüsusi nümayəndəsi Bakıya hansı təkliflə gəlir?
Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Bakı və İrəvana səfər edəcək.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyulun 6-da keçirdiyi brifinqdə deyib.

O söyləyib ki, bu səfər tərəflər arasında mövqelərin yaxınlaşmasına kömək edəcək.

Səfərin dəqiq tarixi açıqlanmayıb.

Xatırladaq ki, ötən gün Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərə gəlib

Həmçinin, iyulun 5-də Azərbaycan Prezidenti İlham Əliyev İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanı qəbul edib.

Bu səfərlər fonunda İqor Xovayevin də Bakıya səfər edəcəyi suallar doğrurur.

Maraqlıdır, səfər zamanı hansı məsələlər müzakirə edilə bilər? İqor Xovayev Bakıya hansı təkliflə gəlir?

Yenimeydan.info-nun məlumatına görə, Cebhe.info-ya açıqlamasında politoloq Samir Hümbətov bildirib ki, bu səfərin bu zaman üçün seçilməsi təsadüfi deyil:

"Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin səfəri zamanı Türkiyə və İranın xarici işlər nazirinin də burada olması təsadüfi deyil. Əlbəttə bu səfərin arxasında əsas səbəblərdən biri Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi ilə bağlı məsələ dayanır.

Amma səfərin hər hansı müsbət nəticə verəcəyini də hesab etmirəm. Çünki Rusiya separtçılara Qarabağda dəstəyini davam etdirir. Belə olan halda Rusiyanın sülhdən danışması qeyri-mümkündür.

Nəzərə almaq lazımdır ki, Paşinyan belə bir anons verdi ki, Prezident İlham Əliyevlə görüşə bilər. Həmçinin, xarici işlər nazirləri çərçivəsində də görüş planlaşdırılır.

Düşünürəm ki, Rusiyanın maraqları çərçivəsində sülh danışıqları gündəmə gələ bilər. Rusiya yenə öz maraqları kontekstində məsələyə yanaşacaq. Hər halda səfərin detalları görüşdən sonra daha dəqiq biləcəyik. Əsas ana xətt isə Qarabağ məsələsi, Rusiya-Ermənistan və Rusiya-Azərbaycan münasibətləri olacaq".