10 aprel 2023
233

Bakının yeni taktikası: İrəvan aqressivliyi artırsa... - Fenenko

   Azərbaycan səbir taktikasını seçib, hər şeyin necə bitəcəyini gözləyir. Əgər Ermənistan danışıqları pozarsa, o zaman Bakının əli sərbəst olacaq. Çünki Azərbaycanın səbri bizə göstərir ki, bu gün danışıqlara əks gedən məhz İrəvandır.
Axar.az xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Aleksey Fenenko deyib.
“Gördüyümüz odur ki, Ermənistan təxribat aparır, Azərbaycan ehtiyatla reaksiya verir. Bunu sözün əsl mənasında hər prosesdə görmək olar. Ermənistan Zəngəzur dəhlizini açmaq istəmir. Buna cavab olaraq Azərbaycan da öz tərəfindən dəhliz qurur. Və hər bir halda dəhlizin olacağını bəyan edir.
Məsələn, ötən il Ermənistan əvvəllər işğal etdiyi Laçın şəhərini Azərbaycana qaytarmaq istəməyib. Azərbaycan elə etdi ki, Laçın tez bir zamanda onun nəzarətinə qayıtdı. Bunun üçün Ermənistan tərəfinə alternativ yol çəkdi.
Başqa bir misal: Ermənistan daha ağıllı olduğunu düşünərək “Qoy Bakı özü Qarabağ erməniləri ilə danışıqlar aparsın” dedi. İrəvan bildirdi ki, bu danışıqlar status barədə olacaq. Amma Azərbaycan Qarabağın erməni əhalisini götürür və ölkəsinə inteqrasiya ilə bağlı danışıqlar aparır, onları Bakıya dəvət edir.
Ermənistan Laçın yolu ilə Qarabağa hərbi yükləri və hərbçiləri daşıyırdı. Azərbaycan buna cavab olaraq nə etdi? Bəli, sadəcə yolu bağladı. Çatdırılmalar dayandı. Bir neçə ay keçir və ermənilər eyni yükü Laçın yolu ətrafından daşımağa başlayırlar. Azərbaycan burada yollara, yüksəkliklərə nəzarət edir. Bakı İrəvanın təxribatlarına diqqətlə reaksiya verir. Amma nəzərə alsaq ki, Ermənistan getdikcə aqressivliyini artırır, mən istisna etmirəm ki, Azərbaycandan daha sərt addımlar gözlənilə bilər”, - o bildirib.
Fenenko qeyd edib ki, İrəvan Bakı ilə erməni separatçıları arasında danışıqların getməsi ideyasını fəal şəkildə təbliğ edirdi:
“Rəsmi Bakı bu mövqeyi öz xeyrinə üstələyib: Qarabağın erməni icması ilə danışıqlara başladı və onlarla dialoq mümkün oldu.
Bakı Azərbaycan Konstitusiyası çərçivəsində Qarabağ ermənilərinə digər vətəndaşları kimi normal yaşayış şəraiti təmin edir. Bəs onlar İrəvandan nə ala bilərlər? Yalnız yeni müharibə. Onların buna ehtiyacı varmı?
Azərbaycan konkret iqtisadi layihələr təklif edir, Ermənistan isə ancaq hay-küy salır və danışıqları pozur”.