08 aprel 2023
203

155 milyon depoziti olan Azərbaycan bankı 3 ildir ki – ƏMANƏTÇİLƏRİNƏ FAİZ ÖDƏMİR

   Azərbaycanın bank sektorunda unikal hadisə qeydə alınıb.İllik depozit portfeli 150-180 milyon manat ətrafında dəyişən bank əmanətçilərinə bir manat da olsa faiz ödəmir.
Yenimeydan.info  FED.az-a istinadla xəbər verir ki, bu hal ölkənin yeganə regional bankı olan «Naxçıvanbank»da qeydə alınıb. Sözügedən bank 2020-2021 və 2022-ci illərdən bəri, artıq 3 ildir ki, depozit sahiblərinə faiz ödəmir.
2022-ci il – 155 milyon manat depozit portfeli
Bankın depozit portfeli 155 milyon 416 min manat təşkil edib. Bunun 29 milyon 747 min manatı xarici valyutada olub.
Depozit portfelində fiziki şəxslərin depozitləri 10 milyon 370 min manat təşkil edib. Bunun 1 milyon 896 min manatı xarici valyutada yerləşdirilib.
Fiziki şəxslərin bütün depozitləri faizsiz tələbli depozitlər kimi yerləşdirilib. Yəni depoziti yerləşdirən tərəf buna görə faiz tələb etməyib.
Fiziki şəxslərin faizli tələbli depozitlər maddəsi sıfıra bərabərdir.
Naxçıvanbankda hüquqi şəxslərin tələbli depozitləri isə 145 milyon 046 min manat təşkil edib. Bunun 27 milyon 850 min manatı xarici valyutada yerləşdirilib.
Hüquqi şəxslərin depozitlərinin də hamısı faizsiz tələbli depozitlər kimi banka yerləşdirilib. Faizli tələbli depozitlər qrafası isə sıfırdır. Yəni depozitin sahibi olan şirkətlər bankdan bu depozit müqqabilində faiz tələb etmək niyyətində olmayıblar.
Bu fokusun nəticəsində Bank belə böyük depozit portfelinə görə, bir manat da olsa ödəniş etməyib. Daha dəqiq ödəniş cüzi olub – cəmi 880 manat. Bu faizi digər banklar 80 min əmanətə görə ödəyirlər.
«Naxçıvanbank»da eyni vəziyyət 2020-ci ildən bəri – azı 3 ildir ki, davam edir. Məsələ bundadır ki, bank 2008-ci ildən bəri fəaliyyət göstərsə də, yalnız son 3 ilin hesabatları açıqlanıb, ondan əvvəlki dövr üçün hesabatlar göstərilmir. Beləliklə
2021-ci il – depozit portfeli 180 milyon manat
Bankın ümumi depozit portfeli 180 milyon 348 min manat təşkil edib. Bunun 36 milyon 244 min manatı xarici valyutada olub.
Bankda fiziki şəxslərin tələbli depozitləri, 23 milyon 030 min manat təşkil edib, bunun da 11 milyon 360 min manatı xarixi valyutada olub.
2021-ci ildə fiziki şəxslərin «Naxçıvanbank»dakı bütün depozitləri faizsiz tələbdi depozitlər olub – yəni faiz ödənilməyən depozitlər. Faizli tələbli depozitər qrafası isə sıfırı göstərir.
Hüquqi şəxslərin «Naxçıvanbank»dakı depozitləri isə 2021-ci ilin sonuna 157 milyon 318 min manat olub. Bunun 24 884 min manatı xarici valyutadadır.
Burada da depozitlər demək olar bütünlüklə faizsiz tələbli depozitlər qrupundadır – yəni depozit sahibi buna görə bankdan faiz tələb etmir.
2020-ci il – depozit portfeli 143 milyon manat
2020-ci ildə «Naxçıvanbank»ın ümumi depozit portfeli 142 milyon 162 min manat təşkil edib. Bunun 131 milyon 175 min manatı xarici valyutada olub.
Fiziki şəxslərin tələbli depozitləri cəmi 21 milyon 722 min manat olub. Bundan 10 milyon 735 min manatı xarici valyutadadır. Vəsaitin hamısı faizsiz tələbli depozitlər rejimində yerləşdirilib.
Hüquqi şəxslərin isə 2020-ci ilin sonuna «Naxçıvanbank»da cəmi 120 milyon 440 min depoziti olub. Bunun 120 milyon 440 min manatı xarici valyutadadır.
Şirkətlərin depozitləri bütünlüklə faizsiz tələbli depozitlər kimi yerləşdirilib, yəni depozit sahibi tərəfindən bankdan faiz tələb edilməyib.
Qeyd edək ki, qanuni əməliyyat olsa da, bankda davamlı vəsait saxlayaraq faiz istəməmək məntiqsizdir.
Bu vəziyyət iki halda ola bilər.
Birinci hal – depozit sahibinə pul lazım deyil.
İkinci hal – depozit sahibi bankın öz sahibidir, ona görə də bankdan əlavə faiz tələb olunmur.